“40 dəqiqəlik yağış” Qorxmaz Hüseynovun karyerasını bitirə bilər

“40 dəqiqəlik yağış” Qorxmaz Hüseynovun karyerasını bitirə bilər

 


                     Bakı meriyasının ittihamı prokuror ittihamına çevrilə bilər

 


 

Payızın gəlişi ilə paytaxtın "qara günləri” başladı. Sentyabrın 23-də paytaxtın əksər hissəslərinə yağan intensiv, ancaq qısa müddətli  yağışlar nəticəsində Bakının əksər küçələri selə təslim oldu. Yaranmış vəziyyət o qədər acınacaqlıdır ki, məmurların bəraət qazanmaq cəhdləri tamamilə əks effekt verir. Məsələn, Bakı Şəhər İcra Hakimiyyətindən yayılan məlumatın ilk cümlələrinin birində belə bir fikir yer alıb: "Proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərində yerləşən obyektləri basıb”.

 

Proqnoz və ehtimallardan artıq yağan yağış nə deməkdir? Elm və texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti üçün büdcədən ayrılmalarda xəsislik edilmirsə, Milli Hidrometeorologiya Departamenti nə üçün dövlət orqanlarını dəqiq məlumatla təmin edə bilməyib? Milli Hidrometeorologiya Departamentinin bütün ölkə boyu səpələnmiş şəbəkəsi hansı işə yarayır? Bu suallara cavabı əlbəttə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi verməlidir. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti də daxil olmaqla heç bir dövlət qurumu ETSN-dən, onun Milli Hidrometeorologiya Departamentindən də bu suallara cavab tələb etmir. Bu suallara cavab tapmağa çalışacağıq.

“40 dəqiqəlik yağış” Qorxmaz Hüseynovun karyerasını bitirə bilər

 

Hələlik isə qayıdaq Bakı Şəhər İcra Hakimiyyətindən yayılan məlumata. Məlumatda deyilir ki, 40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122%-i (norma - 17.2 mm) deməkdir. Nərimanov rayonunda bu göstərici hətta 191% olub. Bu da fövqəladə hal olaraq, bir növ təbii fəlakət sayılır. Meriya onu da qeyd edir ki, fövqəladə halla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, "Azərcu” ASC, Fövqəladə Hallar Nazirliyi, paytaxtın və rayonların təsərrüfat xidmətlərinin əməkdaşları, texnika və avadanlıqları səfərbər olunmuş, leysanın fəsadlarının aradan qaldırılması istiqamətində konkret tədbirlər görülüb.

Ancaq Bakı Şəhər İcra Hakimiyyətindən yayılan məlumatda ən önəmli məqam "Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə bağlıdır. "Mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbi də olmuşdur. Belə ki, son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikilən çoxsaylı yeni tikililərin daha da çoxalması, həmçinin müstəqil qurum olan "Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi də buna səbəb kimi göstərilə bilər”. Burada diqqət çəkən əsas məqam günahın "müstəqil qurum olan "Azərsu” ASC-nin” üzərinə qoyulmasıdır.

“40 dəqiqəlik yağış” Qorxmaz Hüseynovun karyerasını bitirə bilər

 

Azərsu” ASC-nin Bakı Şəhər İcra Hakimiyyətinə də cavabı özünü gözlətmədi.  Belə görünür ki, "Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi fikiri ilə razı deyil. Ancaq Bakı Şəhər İcra Hakimiyyətini də ittiham etməyə cəsarət etməyib. Çünki, "Azərsu” ASC-nin cavabındakı "Həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaradıb”-ifadəsində təxliyyə xətlərinin gec açılmasına görə hansı qurumun günahkar olduğu qeyri-müəyyən qalır. Burada yada yenə də Milli Hidrometeorologiya Departamenti düşür. Bu qurum ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin vaxtnda açılmasını təmin etməli olan qurumu əvvəlcədən xəbərdar edibmi? Edibsə, niyə tədbir görülməyib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərləri bir qayda olaraq bir neçə gün əvvəl edir. Məsələn, sentyabrın 24-də, günün birinci yarısında sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı ilə bağlı xəbərdarlıq yayıldı. Əgər, həmin tarixdə hava şəraitinə görə hansısa fövqəladə hal yaransa, bunun məsuliyyəti ETSN-nin üzərinə qoyula bilməz. Məmurlar vəzifələrini vaxtında və effektli icra etsələr, bu problemlərin böyük hissəsi olmaz.

Bakı Şəhər İcra Hakimiyyətinin 40 dəqiqəlik yağışın günahını "Azərsu” ASC-nin üzərinə qoyması eyni zamanda bu qurumun sədri Qorxmaz Hüseynovun mövqelərinin zəiflədiyini göstərir. Adının çəkilməsini istəməyən ekspert qeyd edir ki, Mingəçevirdə baş verən qəza Etbar Pirverdiyevin karyerasına son qoyduğu kimi, 40 dəqiqəlik yağışdan sonra Bakının selə qərq olmasına görə Qorxmaz Hüseynovun vəzifəsini itirməsi də mümükün variantlardan biridir. Ekspet hesab edir ki, Bakı meriyasının ittihamı prokuror ittihamına çevrilmə ehtimalı da var. Çünki, son illər "Azərsu” ASC-nin fəaliyyətinin təmin edilməsinə, ayrı-ayrı layihələrin həyata keçirilməsinə çox böyük pullar ayrılıb. Ancaq indi məlum olur ki, bütün bunlara baxmayaraq 40 dəqiqəlik yağış Bakıda sel fəlakəti yaratmağa qadirdir. Bu isə həmin vəsaitlərin mənimsənilməsi ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olur. "Azərsu” ASC-yə ayrılan külli miqdarda büdcə vəsaitləri və xarici maliyyə institutlarından alınan kreditlərlə bağlı araşdırma aparmağa çalışacağıq.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}