Nazirlər Kabinetinin istefasına nə mane olur?



Nazirlər Kabinetinin istefasına nə mane olur?Artur Rasizadə, Şahin Mustafayev və Samir Şərifov məsuliyyətdən yayınırlar

Neftin sürətlə ucuzlaşması Azərbaycanın sosial-iqtisadi həyatında böhranlı vəziyyət yaradıb. Bunu nəzərə alan Prezident İlham Əliyev 2016-cı ildə idarəetmədə "yeni formatda” islahatlar həyata keçirilməsi, icra, vergi və gömrük orqanlarının fəaliyyətində şəffaflığın təmin olunacağının zəruriliyi qənaətinə gəlib və dövlət başçısı iradəsini həyata keçirməkdə israrlı görünür. Qeyd edək ki, idarəetmədə "yeni formatda” islahatlar həyata keçirilməsi, icra, vergi və gömrük orqanlarının fəaliyyətində şəffaflığın təmin olunacağı ilə bağlı Prezident İlham Əliyev ötən ilin son günlərində, Zirə qəsəbəsində Mədəniyyət Mərkəzinin açılışında etdiyi çıxış zamanı səsləndirmişdi. Prezidentin bu bəyanatı sonrakı müddət bayram günlərinə təsadüf etdiyindən cəmiyyətin diqqəti yeni ilin ilk iş həftəsinə yönəlib. İndi cəmiyyət dövlət başçısının idarəetmədə "yeni formatda” islahatlar deyəndə nəyi nəzərdə tutduğunu görmək istəyir. Əlbəttə, prezidentin ilin ilk iş günü belə qərarlar verəcəyi bir qədər inandırıcı olmasa da, yaxın günlərdə dövlət başçısının vədd etdiyi islahatları həyata keçirəcəyinə ümid çoxdur. Prezidentin idarəetmədə "yeni formatda” islahatlar deyəndə konkret olaraq nəyi nəzərdə tutduğunu bilməsək də, dövlət başçısının struktur islahatlar yolu ilə dövlət aparatını daha mobil etmək niyyətində olduğunu proqnozlaşdırmaq olar. Belə görünür ki, Nazirlər Kabinetinin tərkibində ciddi struktur islahatlar olacaq. Bu zaman bəzi nazirliklərin ləğvi, bəzilərinin isə birləşdirilməsinin şahidi ola bilərik. Əldə etdiyimiz məlumata görə Əmlak Məsələləri Dövlət Komitəsi, eləcə də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birləşdiriləcək. Bu proses zamanı həm nazir Şahin Mustafayevin, həm də komitə sədrlərindən biri, Kərəm Həsənovun vəzifələrini itirəcəyi gözlənilir. Şahin Mustafayevdən sonra bu quruma Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının gətiriləcəyi gözlənilir. Doğrudur, Komitə sədrinin Maliyyə nazirliyinin rəhbərliyinə gətirilmə ehtimalı da böyükdür. Xüsusilə də, Azərbaycan Beynəlxalq Bankı ətrafında baş verənlər, ölkədə maliyyə-kredit siyasətinin qənaətbəxş olmaması Samir Şərifovun mövqelərini tamamilə sarsıdıb və Prezident İlham Əliyevin ona daha etimad etməməsi ilə bağlı məlumatlar var. Samir Şərifovdan fərqli olaraq Rüfət Aslanlı rəhbərlik etdiyi sahədə böhranın yaşanmasına imkan verməyib. Bundan başqa iqtidarın yüksək dairələrində belə bir rəy var ki, Rüfət Aslanlı Samir Şərifovdan fərqli olaraq hazırkı çətin vəziyyətdə maliyyə-kredit siyasətini daha mükəmməl müəyyən edə və yönəldə bilər. Bu fikir isə əsassız deyil. Rüfət Aslanlı Samir Şərifovdan fərqli olaraq peşəkar maliyyəçidir. Maliyyə mütxəsisləri Rüfət Aslanlının Maliyyə naziri təyin edilməsinin ölkə iqtisadiyyatı üçün müsbət siqnal ola biləcəyini qeyd edirlər. Hakimiyyət dəhlizlərində gəzən söz-söhbətə görə, əgər fövqəladə bir hadisə baş verməsə, Rüfət Aslanlı bu ay Maliyyə naziri təyin oluna bilər. Ekspertlər prezidentin belə bir qərar verəcəyininin müsbət addım olacağını qeyd etməklə yanaşı, başda Baş nazir Artur Rasizadə olmaqla Maliyyə naziri Samir Şərifovun, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin ölkə iqtisadiyyatında yaranmış böhrana görə məsuliyyətini etiraf edib bu günə kimi istefaya getməmələrini qəbul edilməz hesab edirlər.

Rövnəq Abdullayev niyə istefaya göndərilmir?

Qeyd edək ki, yaranmış böhranlı vəziyyətə görə məsuliyyət daşıyan şəxslərdən biri də Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdir. Məhz Rövnəq Abdullayev neftin istismarı və satışı ilə yanaşı onun prespektivlərini ,strategiyanı müəyyən etməli, yaxın illər üçün "qara qızıl”ın qiyməti ilə bağlı dövlət rəhbərliyinə ciddi təhlillər əsasında hazırlanmış proqnozlar təqdim etməli idi. Belə bir sənədin olmamasının nəticəsidir ki, heç bir dövlət rəsmisi neftin kəskin ucuzlaşmasını təsəvvür etməyib. Qeyd edək ki, bu fikir dövlət başçısının son çıxışlarının birində də öz əksini tapıb. Prezident açıq şəkildə deyib ki, neftin 3 dəfəyə yaxın ucuzlaşacağını heç kim təsəvvür etməyib. Çox təəssüf ki, Rövnəq Abdullayevin rəhbərlik etdiyi qurum bütövlükdə bu prespektivi görə bilməyib. Halbuki, 2-3 il əvvəlin qəzetlərinin səifələrinə baxılsa, belə proqnozlara rast gəlmək olar. Rusiyanın neft və qazdan silah kimi istifadə edib, Avropada öz mövqelərini gücləndirmək cəhdlərinə qarşı ABŞ-ın müfaviq cavab verəcəyini, Qərbdə texnologiya sahəsəində baş verən böyük nailiyyətlərin sahəsində ucuz neft və qazın elə də uzaqda olmadığı ilə bağlı 2-3 il əvvəl həm Azərbaycan mətbuatında, həm də dünya mətbuatında çoxsaylı analitik yazılar dərc olub. Görünür, Rövnəq Abdullayev qəzet, jurnal oxumur. Əgər oxusa və məsuliyyətini hiss etsəydi ABŞ-ın dünya bazarlarına ucuz neft və qaz çıxara biləcəyi ilə bağlı sanballı məqalələrə biganə qalmazdı. Ümumiyyətlə, Azərbaycan hökumətinin siyasətinə baxdıqda Nazirlər Kabinetinin əksər üzvülərinin dünyada baş verən proseslərdən tamamilə bixəbər olması qənaətinə gəlmək olur. Azərbaycan hökumətinin əksər üzvüləri özlərini elə aparırlar ki, sanki bütün dünyadan təcrid olunmuş bir adada yaşayırlar. Məhz bunun nəticəsidir ki, 40 nəfərdən artıq üzvü olan hökumət neftin ucuzlaşa biləcəyini proqnozlaşdıra bilməyib. İndi bütün gözlər prezidentə dikilib. Dövlət başçısının radikal islahatlar anonsunu verməsi cəmiyyəti ümidləndirib. İndi ləngimədən hərəkət etməli, struktur islahatlarla yanaşı ciddi kadr islahatları həyata keçirilməlidir. Dünyada nə baş verdiyindən, hansı proseslərin başlamaq ərəfəsində olduğundan xəbərsiz olan nazir, komitə sədri və şirkət rəhbərləri ilə yaranmış böhrandan çıxmaq qeyri-mümkünüdür.

Yeni Sözçü



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}