Qaşıqçı cinayətində neft izi: 2019-cu il büdcəsində neftin baza qiyməti niyə ikiqat ucuz götürülüb?

Qaşıqçı cinayətində neft izi: 2019-cu il büdcəsində neftin baza qiyməti niyə ikiqat ucuz götürülüb?

 

Dünya bazarında Brent markalı neftin qiyməti 70-80 $ arasında dəyişilir. Azərbaycan nefti -"Azeri Light” isə, adətən, Brent markalı neftdən 1-2 dollar baha satılır. Onu da nəzərə alsaq ki, İrana qarşı sanksiyaların ikinci mərhələsinə start verilib, bu da dünya bazarında təklifin tələb qarşısında azalacağını, nəticədə qiymətlərin daha da artacağı ehtimalını yaradır. Bu nikbin tabloya rəğmən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin hazırladığı 2019-cu il büdcəsində neftin baza qiyməti 45 dollardan götürülüb; yəni indiki real qiymətdən hardasa 40% aşağı. Hökumətimizin neft qiymətləri ilə bağlı neqativ proqnozu nədən qaynaqlanır? Yaxşı olmazdımı, qara qızılın baza qiymətləri daha yüksək həddən götürülüb gələn ilin büdcəsinə daha artıq vəsait yönləndirilər və bir sıra sektora nəzərdə tutulan kapital qoyuluşunu artırılardı?

Ovqat.com-un suallarını cavablandıran iqtisadçı ekspert Elçin Qurbanov neftin qiymətləri ilə bağlı irəli sürdüyümüz arqumentlərlə razılaşmır.

Ötən ildən etibarən büdcə xərclərində kontur-tsiklik siyasətinin həyata keçirildiyini xatırladan ekspertin fikrincə, dünya bazarında neftin qiymətləri sabit qalmır, hər gün davamlı dəyişilir: "Odur ki, indiki qiymətləri nəzərə alıb gələn ilin büdcəsini müəyyənləşdirmək olmaz”.

Elçin Qurbanov hazırda belə, dünya neft bazarlarında qiymətlərin aşağı düşdüyünü bildirərək, fikirlərini bu cür əsaslandırdı:

"Ötən cümə - iş həftəsinin son günü dünya neft birjalarında "qara qızıl”ın qiyməti kritik hədd sayılan 70 dollardan aşağı düşüb. Brent markalı neft 69.94 $-la həftəni başa vurub. Teksas birjasında WTI markalı xam neftin qiyməti isə daha çox ucuzlaşıb – 59.84 $. İki marka arasındakı 10 $-lıq fərq yaxın gələcəkdə də qiymət səviyəsinin aşağıya doğru seyr edəcəyindən xəbər verir. Çünki adətən bu fərq 5-6 dollar arasında dəyişilir. İndisə ənənəvi fərqin iki qata çıxması ABŞ-ın neft hasılatını və ixracatını artırması ilə başlayan ucuzlaşma prosesinin təbii nəticəsi kimi görünür: "Proses ilk öncə Teksas birjasında başlayır və tədricən London birjasına təsir göstərir”.

İrana qarşı sanksiyaların yeni mərhələsinin başlamasına və dolayısı ilə qlobal neft bazarında təklifin tələb qarşısında azalmasına baxmayaraq, yaşanan bu ucuzlama bəzi nikbin iqtisadçı ekspertlərin ümidlərini alt-üst etdiyini deyən həmsöhbətimiz Azərbaycan hakimiyyətinin 2019-ci il büdcəsini müəyyənləşdirərkən ehtiyatlı davranmasının əsas səbəbini bu amillə əlaqələndirir: "Qeyd etdiyiniz kimi, büdcə layihəsində neftin baza qiyməti 45 $-dan götürülmüş və bu da bir sıra ekspertlər tərəfindən normal qiymətlərdən xeyli aşağı hədd kimi qiymətləndirilmişdi. İnsafən, büdcə layihələrinin hazırlanıb ictimaiyyətə təqdim edildiyi dövrlərdə bu şübhələr haqlı görünürdü. Çünki sentyabr və oktyabr aylarında neftin qiymətləri yüksələrək, 80 $-ı keçmişdi. Qısa zamandan sonra isə qiymətlərdə yenidən ucuzlaşmalar müşahidə olundu və bu proses indi də davam edir”.

Ümumiyyətlə, 2018-ci ilin neft qiymətlərinin aşağı-yuxarı rəqsi ilə yadda qalacağını vurğulayan E.Qurbanov bu ilin tablosuna ötəri nəzər salaraq, büdcə layihəsini hazırlayanların haqlı olduğuna inanır:

"2018-ci ilə 66 $-la başlayan Brent markalı neftin qiymətləri fevral ayında ilin ən aşağı səviyyəsinə gerilədi - 61,85$. Amma bu tənəzzül uzun sürmədi. Mart, may və iyun aylarını artımla tamamlayan Brent ilin ilk yarısında 80-$-ın üstünə çıxdı. İyulda 71 $ və avqustda 70 $-a düşən qiymətlər, avqust ayında yenidən yüksəlişə qədəm qoydu və 77,75 $ oldu. 2019-cu il büdcə layihəsinin hazırlandığı sentyabr ayında 83,50 $-a qədər yüksəldi. Hətta 3 oktyabrda 86,75 $ səviyyəsinə çıxaraq son 4 ilin ən yüksək zirvəsinə dırmandı”.

Sual oluna bilər: Neft qiymətləri niyə yüksəlirdi və niyə birdən-birə geriləməyə başladı?

Ekspertin fikrincə, bu ilin müxtəlif zamanlarında böyük vüsət alan bahalaşmanın bir neçə səbəbi var:

"1. OPEK və digər istehsalçı ölkələr hasilatı azaldacaqlarına sadiq qalmalarını bəyanlamışdılar,

2. ABŞ-ın xam neft ehtiyatlarında azalmalar baş vermişdi,

3. ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyalar psixoloji narahatlıq yaratmış və tələbdəki artım qiymətlərin il ərzində yüksəlməsini təmin etmişdi.

Baxmayaraq ki, ABŞ və Çin arasındakı ticarət müharibələrinin qlobal böyüməyi azaldacağı və bunun da neft tələbatına təsir göstərəcəyi barədə mülahizələr zaman-zaman cüzi ucuzlaşmalara yol açsa belə, ilin ortalarında yüksəliş meyli özünü qorudu”.

Qiymətlərin xüsusilə İrana qarşı tətbiq olunan sanksiyalar zamanı ucuzlaşmasına gəlincə, ekspertin fikrimizcə, bu, ABŞ-ın OPEK və digər neft hasilatçısı dövlətlərinə basqısı ilə əlaqədardır: "Xatırlayırsınızsa, ABŞ prezidenti Tramp bu il ərzində dəfələrlə qiymətlərdəki artımın süni olduğunu, həqiqəti əks etdirmədiyini bildirərək, OPEK-i günahlandırırdı. OPEK isə hasilatı azaltmağa davam edərək, üzv ölkələrinin verdiyi qərara sadiq qalmağa çalışırdı. Belə bir vəziyyətdə ABŞ öz hasilatını artırmağa başladı. ABŞ-ın Enerji İnformasiya Agentliyinin (EİA) məlumatlarına əsasən, bu ölkənin xam neft hasilatı 2017-ci ildə gündəlik orta hesabla 9,4 milyon barrel səviyyəsində idi isə, 2018-ci ildə bu rəqəm 10,7 milyon barrelə çatdırılmışdı. Bu artım isə İranın ixrac etdiyi neftin yarısından belə çoxdur. Belə ki, OPEK-in məlumatlarına əsasən, İran son 5 ildə hasilatını gündəlik 3.8 milyona artırmış, bunun 2.3 milyon barrelini ixrac edirdi. ABŞ gündəlik hasilatını isə 1.3 milyon barrel artıraraq, qlobal bazarda sanksiyalara məruz qalan İran neftindən boşalan yeri doldurmaq əzmini ortaya qoydu. EİA-nın proqnozuna görə, bu artım 2019-cu ildə də davam edəcək və gündəlik hasilat 1.1 miyon artırılaraq, 11.8 milyon barrelə yüksələcək. Deməli, İranın ixrac etdiyi neft heç bir hasilatçı dövlətin köməyi olmadan tək başına ABŞ tərəfindən kompensasiya ediləcək. Bu isə qiyməti indiki vəziyyətdə tutmaq üçün OPEK ölkələrini daha çox hasilatı azaltmaq məcburiyyətində qoyacaq və onlar üçün bazar itkisi deməkdir”.

Bu gün OPEK-in Abu Dabidə keçirəcəyi sammitində məhz neftin qiymətləri barədə müzakirə olunacağı gözlənilsə də, ekspert toplantıdan müsbət nəticə çıxacağını düşünmür: "Ən azı ona görə ki, ABŞ bunu istəmir və OPEK-in əsas söz sahibi Səudiyyə krallığı Camal Qaşıqçı cinayəti ilə öz boğazını Vaşinqtonun əlinə verib. Hər hansı qımıldanma onun tamamilə boğulmasına səbəb ola bilər. Məsələyə bu aspektdən yanaşanda Qaşıqçı cinayətinin əsl səbəbi ortaya çıxır və neft hasilatçısı ölkələrin məcburən bazarlarını itirməmək uğrunda bir-birilə yarışa girəcəklərinə zəmin hazırlayır. Bu amansız yarışın indidən başlandığını da söyləmək mümkündür. Məlumata görə, Rusiya bir neçə ay əvvəl gündəlik hasilatını 180 min barrel, OPEK ölkələri isə 500 min barrel artırmışdılar. ABŞ-ın təşviq və təzyiqlərilə bu göstəricilərin daha da yüksələcəyi gözlənilir. Hasilatın artışı isə qiymətlərin sürətli ucuzlaşması deməkdir. Mümkündür ki, qiymətlər gələn il hətta 45 dollardan da aşağı ensin. Bu mənada Azərbaycan hökumətinin büdcə layihəsində neftin baza qiymətlərini aşağı həddə götürməsi anlaşılandır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}