Neftin qiymətinin düşməsi Azərbaycanı ciddi problemlərlə üz-üz qoya bilər

Neftin qiymətinin düşməsi Azərbaycanı ciddi problemlərlə üz-üz qoya bilər

 

Vüqar Bayramov: "Bu gün dünya neft bazarındakı dəyişikliklər məhz yüksək neft qiymətlərində qlobal güclərin maraqları olmadığından xəbər verir"

Natiq Cəfərli: "Azərbaycan neft qiymətinin hər 1 dollar ucuzlaşmasından, təxminən, 500 min dollar pul itirir"

Şahin Cəfərli: "Hökumət neftin qalxmasından sonra unudulan qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası barədə yol xəritələrini gərək yenidən masaya qoysun"

Bu gün dünya bazarında neftin qiyməti bir neçə ay öncəyə nisbətən xeyli aşağı düşüb. Belə ki, "Bloomberg" saytının məlumatına görə, "Brent" markalı neftin qiyməti 65 dollaradək enib. Bununla bağlı yayılan informasiyada deyilir ki, "qara qızıl"ın qiymətində müşahidə olunan düşüş ABŞ prezidenti Donald Trampın açıqlamaları, daha dəqiq desək, onun neftin qiymətinin təklifə əsaslanaraq daha aşağı düşməsinin vacibliyini vurğulaması ilə əlaqədardır. Məhz elə bu səbəbdən də, təklif bolluğunun qarşısını almaq, bununla da qiymətlərin azalmasına yol verməmək üçün OPEC və tərəfdaşları gələn il gündəlik neft hasilatının 1,4 milyon barelədək azaltmaq məsələsini araşdırır.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, Vaşinqtonun İrana qarşı sanksiyalarının ikinci mərhələsinin tətbiqi, o cümlədən ABŞ-ın Enerji İnformasiya Administrasiyasının ölkənin xam neft ehtiyatlarının ötən hesabat həftəsində 3,2 milyon barrel artaraq 426 milyon barrelə çatdığını açıqlaması, Birləşmiş Ərəb Əmirlikləri və Liviyanın İranın bazardakı boşluğunu doldurmaq cəhdləri də neftin qiymətinin ucuzlaşmasına təsir edən əsas amillər sırasındadır. Mövzu ilə bağlı mövqeyini bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı ekspert Vüqar Bayramov isə hesab edir ki, ABŞ-ın növbəti 6 ayda İran neftinin ixracatına tətbiq edilən sanksiyalarda 8 ölkəyə yaşıl işıq yandırması neft bazarında qiymətlərə birbaşa təsir göstərdi: "Öncədən proqnozlaşdırdığımız kimi, "Brent" markalı neftin bir bareli hazırda 70 dollarlıq psixoloji həddindən aşağı təklif edir. Birjalarda "qara qızıl"ın hər barelinə 69.40 dollar ödənilir. Şist neftinin hasilatını artıran ABŞ gündəlik 12 milyon bareldən çox hasilat ilə dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib. Digər tərəfdən, ABŞ-ın növbəti 6 ayda İran neftinin ixracatına tətbiq edilən sanksiyalarda 8 ölkəyə yaşıl işıq yandırması neft bazarında qiymətlərə birbaşa təsir göstərdi. ABŞ prezidenti bu addımı neftin dünya bazar qiymətindəki potensial artımların qarşısının alınması üçün etdiyini bildirib".

Bu qədər maaş alanlar gəlir vergisi ödəməyəcək - EKSPERT DETALLARI AÇIQLADI

ABŞ Konqresinin Nümayəndələr Palatasında üstünlük əldə edən Demokratlar Partiyasının da heç zaman yüksək neft qiymətlərində maraqlı olmadığını bildirən Vüqar Bayramovun sözlərinə görə, analtik Jim Cramer CNBC kanalına müsahibəsində "Texas" markalı neftin hər barelinin qiymətinin 40, "Brent" markalı "qara qızıl"ın qiymətinin isə 50 dollaradək düşə biləcəyini vurğulayıb: "Rusiya ilə yanaşı, bir sıra digər ölkələrdə də neft hasilatının artması müşahidə edilir. Çin birjası isə bahalı neft siyasətinə artıq reaksiyasını göstərib. Bütün bunlar ondan xəbər verir ki, artıq neft ölkələri üçün bum dövrü geridə qalıb. Parisdə yerləşən Beynəlxalq Enerji Akademiyasının rəhbəri yeni şoklardan yayınmaq üçün neft ölkələrini qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmağa çağırıb. Elektrik avtomobillərinin qlobal bazarda möhkəmlənməsi faktı nəzərə alınmaqla bu gün dünya neft bazarındakı dəyişikliklər məhz yüksək neft qiymətlərində qlobal güclərin maraqları olmadığından xəbər verir". Bununla yanaşı, iqtisadçı ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanının neft hasilatının azaldılması ilə bağlı çağırışı, hətta tərəfdaşları tərəfindən də tam dəstək qazana bilmir: "Hər hansı ciddi siyasi faktorlar olmaza, o zaman 2019-cu ildə də yüksək neft qiymətləri sadəcə istək olacaq. Bu isə o deməkdir ki, neft ölkələrində yaxın gələcəkdə potensial xarici şokları yalnız qeyri-neft sektorunun inkişafı balanslaşdıra bilər".

Enerji sistemi alman şirkətinə verilir? – ””Uniper”lə əməkdaşlıq nəzərdən keçirilir, amma…”

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, "qara qızıl"ın 1 dollar ucuzlaşması ölkəmizin təxminən, 500 min dollar itirməsinə səbəb olur: "Neft builki maksimal qiymət həddindən 22 dollar ucuzlaşıb, 65 dollara düşüb, sürətlə 1 il əvvəlki qiymətə - 60 dollara yaxınlaşır. Azərbaycan neft qiymətinin hər 1 dollar ucuzlaşmasından, təxminən, 500 min dollar pul itirir. Builki maksimal qiymətlərə baxsaq, artıq hər gün 11 milyon dollar pul itirməyə başlayır. Hökumət gələn il dövlət büdcəsində neft qiymətini 60 dollar götürüb. Əgər qiymətlər 60 dollardan aşağı düşsə, hökumət kommunal xidmətləri, benzini, dizeli, nəqliyyatda gediş haqqını ciddi bahalaşdıracaq, yeni növ cərimələr icad edəcək. Manatın məzənnəsini isə indiki kimi inzibati qaydada 1.70-də saxlamaq mümkün olmayacaq".

Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, Natiq Cəfərli təxminən, 2 ay öncə verdiyi açıqlamaların birində bu ilin sonunadək neftin qiymətinin azalacağını proqnozlaşdırmışdı. Belə ki, "Ehtimal olunur ki, ilin sonunadək neftin qiyməti oynaq olacaq, dəyişiləcək" deyən iqtisadçı ekspert "qara qızıl"ın qiymətinin 60 dollaradək enə də biləcəyini vurğulamışdı:"Hər şey Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalardan və dünya bazarında neftin hasilatının dinamikasından asılı olacaq. Amerika, Rusiya, Səudiyyə Ərəbistanda da hasilat artır. Hasilatin artım tempi isə neft qiymətinin artmasının qarşısını alan amilə çevrilib. Düşünürəm ki, ilin sonuna doğru neftin qiyməti aşağı düşərək 60-65 dollar olacaq".

“Keşişin azadlığı Türkiyədəki iqtisadi böhranın tezliklə həll olunacağı mənasına gəlmir” - ŞAHİN CƏFƏRLİ

Bu arada, politoloq Şahin Cəfərlinin fikrincə, Donald Tramp çalışacaq ki, seçkilərə qədər neftin qiyməti yüksəlməsin. Çünki bu, həm ABŞ daxilində yanacağın qiymətinin artmasına səbəb olur, həm də ümumilikdə ölkənin iqtisadi artım tempinə mənfi təsir göstərir:"Konqresə seçkilər yenicə başa çatdı, amma 2020-ci il prezident seçkilərinin həyəcanı artıq Amerika cəmiyyəti və siyasi gündəmində hiss olunmağa başlayıb. Demokratların düşərgəsində qeyri-müəyyənlik hökm sürdüyü halda (namizədliyə çoxlu iddiaçı var), respublikaçıların namizədinin Tramp olacağı aydındır. (Başına bir iş gəlməsə.) Bu amil qısamüddətli perspektivdə neft bazarına təsir göstərəcək faktorlardan biri olacaq. Tramp çalışacaq ki, seçkilərə qədər neftin qiyməti yüksəlməsin, çünki bu, həm ABŞ daxilində yanacağın qiymətinin artmasına səbəb olur, həm də ümumilikdə ölkənin iqtisadi artım tempinə mənfi təsir göstərir. Təsadüfi deyil ki, ötən həftənin son iş günü 70 dollardan aşağı düşən "Brent" neftinin qiyməti Səudiyyə Ərəbistanı energetika nazirinin verbal müdaxiləsi nəticəsində dünən (srağagün-red.) yenidən bahalaşaraq 71 dolları ötdükdən sonra Tramp dərhal müdaxilə etdi. Səudiyyəli nazir bildirmişdi ki, ölkəsi dekabrda hasilatı 500 min barel azaldacaq və gələn il OPEC+ formatı üzrə hasilatın azaldılması ilə bağlı yeni qərar qəbul edilməsinə ehtiyac var. Tramp isə "tvit" ataraq hasilatı azaltmağa ehtiyac olmadığını və mövcud qiymətin hələ çox yüksək olduğunu söylədi. Bu açıqlamadan sonra neft yenidən ucuzlaşmağa başladı". Şahin Cəfərlinin sözlərinə görə, ucuzlaşma təkcə Trampın mövqeyi ilə əlaqədar deyil, bunun fundamental səbəbləri var. O, hesab edir ki, dünya iqtisadiyyatında inkişafın zəifləməsi, dollar indeksinin yüksəlməsi, eləcə də Rusiya və Səudiyyə Ərəbistanının ötən ay hasilatı artırması burada ciddi rol oynayır: "ABŞ neft sənayesindəki son gəlişmələrin üzərində isə xüsusi dayanmaq lazımdır. Ötən həftə ölkədə gündəlik hasilat 400 min barel yüksələrək 11,6 milyona çatdı. Bu, rekorddur. Bundan başqa, ABŞ-ın neft ehtiyatlarında (kommersiya) ardıcıl yeddinci həftə artım qeydə alındı. Eyni zamanda, son bir həftədə neft hasilatı üzrə aktiv qazma qurğularının sayı 12 ədəd artaraq 886-ya çatdı ki, bu da 2015-ci ilin martından bəri ən yüksək rəqəmdir. Proqnozlara görə, ABŞ-da hasilat bu ilin sonuna qədər 11,8 milyona çatacaq. Gələn ilin ikinci yarısı - 2020-ci ilin əvvəllərində Texasın Permian hövzəsindən Meksika körfəzindəki neft emalı zavodlarına yeni boru kəmərlərinin çəkilməsi və yeni ixrac terminallarının istifadəyə verilməsi nəticəsində hasilatın 12,5 milyon bareli ötəcəyi proqnozlaşdırılır. Bu gəlişmələri şist inqilabının ikinci mərhələsi adlandıranlar var. Tramp bir tərəfdən də NOPEC (No Oil Producing and Exporting Cartels Act) layihəsini zopa kimi əlinin altında saxlayır ki, OPEC və Rusiya qiyməti yüksəltməkdə israr etsələr, onların "başına endirsin". Konqresə təqdim olunan bu qanun layihəsi neft hasilatı və ixracatı sahəsində kartelləşməyə (inhisara) yol verən ölkələrin cəzalandırılmasını nəzərdə tutur. Üstəlik, Kaşıkçı cinayəti ilə bağlı məsələ də Səudiyyə üçün təhdid olaraq qalır". Politoloq son olaraq qeyd edib ki, Azərbaycan hökuməti neftin qalxmasından sonra unudulan qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası barədə yol xəritələrini gərək yenidən masaya qoysun. Əslində, o tamamilə haqlı mövqedədir. Çünki BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov bugünlərdə verdiyi açıqlamasında qeyd edib ki, 2035-ci ildə qlobal neft tələbatı tədricən azalmağa başlayacaq. Azərbaycanın büdcəsinin böyük bir hissəsini neftdən gələn gəlirin təşkil etdiyini nəzərə alsaq, o zaman "qara qızıl"ın qiymətinin düşməsi, eyni zamanda ona olan tələbatın azalması ölkəmiz üçün ciddi iqtisadi və maliyyə problemləri yarada bilər.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}