İqtisadiyyat Nazirliyində işə düzəlməyin qiyməti 15 min AZN? - "DEDİ, XALA, İŞ ALINIR..."

İqtisadiyyat Nazirliyində işə düzəlməyin qiyməti 15 min AZN? - "DEDİ, XALA, İŞ ALINIR..."

 

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Asif Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sozcu.info xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Naibə Piriyeva ifadə verib.

Zərəçəkmiş ifadəsində bildirib ki, təqsirləndirilən şəxsi Binəqədi rayon Polis idarəsindən tanıyır: "Həmin vaxt Samirə adlı qadın mənə qarşı dələduzluq etmişdi. Biz də Binəqədi rayon Polis idarəsinə müraciət etmişdik. Bir müddət keçəndən sonra bu işi araşdırmaq üçün Asif Məmmədova verdilər. Asif dedi ki, müstəntiq köməkçisidir. Sağ olsun, o, işi araşdırdı və sonda da razı qaldıq. Amma Asifin özü mənə qarşı dələduzluq etdi. Mən və digər zərərçəkmişlər iş araşdırılan zaman elə olurdu ki, evə gecə saatlarda gedirdik. Bu zaman Asif bizə yaxınlaşıb maşını ilə evə aparmağı təklif etdi. Beləcə onunla dostlaşdıq, oğlumla tanış oldu, anasını tanış etdi, ailələrimiz bir-birimizin evinə gedib-gəldi. Asifə oğlum, o da mənə ana deyirdi".

N.Piriyeva qeyd edib ki, A.Məmmədov ondan ilk dəfə 15 min manat pul alıb: "Guya mənim oğlumu İqtisadiyyat Nazirliyinə işə düzəldəcəkdi. Buna görə əvvəl ona 12 min manat, sonra 3 min manat pul verdim. Lakin iş alınmadı. Bir qədər keçəndən sonra mənə "vatsap"da yazdı ki, "xala iş həll olunur, özüm də ora düzəlmək istəyirəm". Buna görə də məndən daha 8 min dollar pul istədi. Oğlum razılaşmadı və biz notariat qaydada pulu Asifə verdik. Bununla bağlı telefonumda sübutlar da var. Sonra Asif məndən daha 500 manat pul aldı. Hətta bu işə görə anasını da vasitəçi kimi istifadə edirdi. Asif məndən pul istəyəndə ona "yox" deyirdim. Sonra anası zəng edib yalvarırdı ki, oğluna kömək edim, evlərini satıb pulumu qaytaracaqlarını bildirirdi. Bir qədər keçəndən sonra Asif yoxa çıxdı, o, telefonlara cavab vermədi".

Zərərçəkmişin sözlərinə görə, hadisədən bir qədər sonra A.Məmmədov ondan yenə pul istəyib:"Mənə gah dedi Rusiyadayam, gah da Finlandiyada olduğunu bildirdi. Xahiş elədi ki, ona 300 dollar pul göndərim, Bakıya gəlib, evini satıb, pulumu qaytaracaq. Mən də Asifə inanıb ona 300 dollar pul göndərdim, lakin sözünə əməl etmədi".

Zərərçəkmişin ifadəsinə müdaxilə edən təqsirləndirilən A.Məmmədov bildirib ki, N.Piriyevadan pulu borc alıb.

Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini verib. Lakin sonradan keçmiş icra məmuru vədinə əməl etməyib.

Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}