Aysberqin görünməyən tərəfi... - Məmurların xaricdə gizlətdiyi milyonların hələ çox az hissəsi açıqlanıb

Aysberqin görünməyən tərəfi... - Məmurların xaricdə gizlətdiyi milyonların hələ çox az hissəsi açıqlanıb

 

Mətbuatda milyardları həzm-rabedən keçirmiş sabiq məmurlar və onların üzəngi tutanları barədə məlumatı oxuyanda rəhmətlik Sirusun harınlaşmış məmurlar üçün işlətdiyi söz yadıma düşdü: "Simasız quldurlar!” Söz yiyəsi adi adam deyildi, o min təhqirə, söyüşə tab gətirərək, YAP-ın yaradılması, Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün əlindən gələni etmişdi. Qaragüruh onun ailəsinin də gününü də cəhənnəmə döndərmişdi... O aylar yaxşı yadımdadır... Bir məşhur fitnəkar, Sirusu Heydər Əliyevə sədaqətlə qulluq etdiyinə görə qəzetdə "Gebbels” adlandırmışdı. Həftələr, aylar ötəcək, çərxi-gərdun elə gətirəcək ki, Sirus dişlə-dırnaqla yaratdığı partiyadan çıxarılacaq, qızışıb ağzından qaçırdığı bəzi sözlər ona baha başa gələcək və günlərin bir günü çox müəmmalı formada dünyasını dəyişəcək. Onun başına nifrin yağdırmış aləmə məşhur fitnəkar isə medala layiq görüləcək və dönüb olacaq iqtidarın əziz-giramı.

Məxləs, mətləbdən yayınmayaq, qəzetlərdən birinin səhifəsində verilmiş "ikonostas”ın personajlarına baxıram, Arif Alışanov, Eldar Mahmudov, Ziya Məmmədov, Fazil Məmmədov, Maşallah kişilərin sər-sifətlərindən nur tökülür, ancaq imam övladına xas olan məsum baxışlar nəyə desəniz dəyər. Şəkillərin altındakı bu sözlər adamı çaş-baş salır: "Oğurlayıblar, talayıblar, şəxsləri qanunsuz həbsdə saxlayıblar, sahibkarı müflis edənə qədər soyublar, qətldə ittiham olunublar, amma sərbəst gəzirlər”. Başqa bir müharibə aparan dövlətdə bu əməllərin bircəciyini eləyən məmuru dinməz-söyləməz edam edərdilər. Bizdə isə ellik zəmanətlə bir-biriləri ilə bağlı olan vampirlərə yaxınlaşmaq mümkün deyil. Həbsdə olanlar isə qanmazlıqları ucbatından "alliqator xəttini” tapdalayıb keçənlərdir. Yəqin sual verəcəksiniz ki, bu nəmənədir? Bunun nə demək olduğunu mimikriya ustası teleməddahlar izah etsələr yaxşı olar.

Yanvarın 29-da "Hürriyyət” qəzeti qorxub-eləmədən yuxarıda adları çəkilən həşəmətli ağaların siyahısına "fövqəlnazir” Kəmaləddin Heydərovu da saldı.

Bir neçə il bundan əvvəl Kəmaləddin ağanın sinəsini bəzəyən orden-medallardan, başındakı furajkanın iri kokardasından yazanda, onu Napoleonun şanlı-şöhrətli marşallarına bənzətmişdim. Amma, Napoleonun elə marşalı olmayıb ki, döyüşlərdə şəxsi şücaət göstərməsin. Bizim həşəmətli cənabın fikri-zikri isə ölkə daxilində özü üçün əlahiddə "qraflıq” yaratmaq dünyanın ən bahalı şəhərlərindən sayılan Londonda isə gül balaları üçün mal-mülık almaq, şirkət qurmaq olub. Qeyrətli jurnalist Cavanşir Həsənli bu məşum aysberqin ancaq görünən hissəsindən bir az danışıb, Allah bilir hələ qabaqda nələr eşidəcəyik!

Əcəb bəlaya düşdük, nəvələr Londonda mal-mülk yiyəsi olurlar, ataya Bakıda söz deyən yoxdur, baba da gah Qəbələdə simfonik orkestrin çıxışlarına qulaq asır, gah da Milli məclisin rahat kreslosunda yayxanıb oturur. Əcəb kef çəkməli əyyamdır!

Poliklinikaya getmək üçün pul tapa bilməyən mənim kimi bədbəxt isə Fəttah ağadan soruşuram, Sizə kim səlahiyyət verib ki, bütün ölkənin ağsaqqaları adından danışasınız? Başımla cavabdehəm, qocaların, simsarsızların sizi görməyə gözləri yoxdur!

Mənə bir–iki dəfə televizorda Ağsaqqalar şurasının iclaslarına baxmaq nəsib olub. Tanış üzlər, tanış sifətlər! Demək olar ki, məclis əhlinin hamısı keçmiş partokrat, illər boyu kommunist ideologiyasına canla-başla qulluq etmiş tanınmış "xadimlər” və özlərini təzədən gözə soxmaq istəyən neynim demədən yaşayan əski məmurlardır.

İstedadlarına söz ola bilməz, əruzun bütün bəhrələrində mədhiyyə oxuya bilirlər.

Fəttah kişi, son mitinqdə minlərlə adam bir səslə "İstefa!” şüarını ilk dəfə dilinə gətirdi. Nə olardı, durub oturduğumuz məddahları qabağınıza salıb mitinqə gələydiniz, sinənizi qabağa verib nəslinizi yağ-bal içində saxlayan Prezidentin şərəfini qoruyaydınız. Faktlarla, sübutlarla radikalları susduraydınız. Bər-bəzəkli salonlarda, qorxudan ödünü udmuş məmurların cəm olduğu idarələrdə, studiyalarda dil-dil ötməyi nənəm də bacarır. Gözümüzün qarşısında oğlunuz nəhəng sərvət yığa-yığa siz hansı haqla cammatı avam yerinə qoyub dövlətin mənafeindən, vətənpərvərlikdən danışırsınız? Bir ildir ki, bir mənfur saray məddahının arzusu ilə məni qocalıq təqaüdümdən mərhum ediblər. Ayda ancaq 95 manat təqaüd alıram, gölərim artıq tutulur, müalicə üçün pulum yoxdur., infarkt keçirmişəm, yerimək mənim üçün əzaba dönüb... Zaman-zaman Heydər Əliyev üsuli-idarəsinin müdafiəsinə yazdığım məqalələrin bir abzasını nə siz, nə də oğlunuz yazmayıb. Neçə dəfə Prezidentə də, Birinci vitse-prezidentə də, qəbir yeri üçün müraciət etdim, yazdım ki, mənim müalicəsiz mərhumiyyət içində ölməyimi istəmirsinizsə, insafınız olsun, heç olmasa bu xahişimi yerinə yetirin. Axı oğullarımın heç birinin mənim üçün qəbir yeri almağa pulları yoxdur.

Heç cavab verməyi də lazım bilmədilər. "Hannibal andı” içmişəm, rizə-rizə doğransam da bu iqtidardan daha kömək istəmərəm. Hətta bədxahlarım da çəkdiyim əzabları bilirlər. Bəli, Fəttah kişi, min ölümün gözünə baxdım, indi də, dərmansız, köməksiz qaldım, siz isə nəslinizlə dünyadan kam alırsınız, hələ utanmadan patriarx ədası ilə millət üçün nüsxəbəndlik edirsiniz. Bu sözlərimdən rəncidə olub qəzetə, redaktora divan tutmaq fikrinə düşməyin. Mətbuatı üzümə bağlatsanız, söz verirəm ki, yaxın mitinqlərin birində elə çıxışlar edərəm ki, YAP-ın min tüfeyli ideoloqu, teleməddahı qarşımda qələt edə bilməz. Bundan sonra məni ancaq cənabi Əzrayil susdura bilər, onun gəlişinə isə çoxdan hazıram. Çoxdan yazmışdım ki, bu məmləkətdə insan kimi yaşamaq qeyri-mümkündürsə, buranın havası ilə nəfəs almaq ümumiyyətlə günahdır.

Qəzetdə dərc olunmuş şəkilə qayıdaq, onun altında imkanım olsa cəfakeş Sabirin bu beytlərini yazardım:

Dövlətliyik, əlbəttə şərafət də bizimdir,

Əmlak bizimdirsə, əyalət də bizimdir,

Divan bizim, ərabi hökumət də bizimdir.

Yağlı vəzifələrdə on ildən çox vaxt ərzində qan-tər tpkmüş bu "vətənpərvərlər” Azərbaycana təkcə örüş yeri kimi də baxmayıblar. Belə olsaydı, dərd yarı idi. Bunlar Koroğlu dastanında dəlilərə verilmiş məşhur tövsiyyəni yerinə yetirmək üçün dəridən qabıqdan çıxıblar: "Müxənnət ölkəsi talanmaq gərək!” Talayıblar da, özü də əməlli-başlı. Fazil Məmmədovun qamarladığı sərvətin siyahısına baxıram... Talan düz on yeddi il davam edib. Ziya Məmmədovun "savab” əməllərini vaxt çərçivəsinə salmaq mümkün deyil... Sözüm bunda deyil, hansısa dəliqanlı mitinqdə, ya da başqa yerdə təşkil olunmuş məclisdə ağzından üç-dörd naqolay kəlmə buraxan kimi bütün cəza aparatı ayağa qalxır. Həbs edilən kim, cərimə olunan kim...

Mən istəyirəm bir Allah bəndəsi biz fəqirlərə bu əmmanı izah eləsin, dövlət üçün kim təhlükə mənbəyidir, milyonları, milyardları talan edib səlib ölkələrində şirkətlər qurub, otellər ucaldıb əcnəbilərə çörək verən haramzada, yoxsa yırtıcı məmurların zülmündən boğaza yığımış zavallının dad-fəryadı.

Aldadılmış, olan-qalanı əlindən çıxmış dörd-beş bədbəxtin dadına çatmaq istədim, özü üçün "Prezidentin bioqrafı” titulu uydurmuş Elmira Axundova ölkənin bütün ədliyyə sistemini ayağa qaldırdı, yəni, nə mənə, nə də oğluma heç kim söz deyə bilməz, biz aydan arı, sudan duruyuq, paklıq və təmizlik mücəssəməsiyik. Cərimələndim, şərəfsiz hakimlər çörək pulunu da mənə çox gördülər. Fikirləşirəm, mənim kimi qoca əbləhə bu da azdır, özümü hamıdan ağıllı, savadlı sayırdım, niyə mən bu imansız, nankor, insanların heysiyyətini tapdalayan üsul-idarəni canla-başla müdafiə elədim? Heydər Əliyev min təhqirə məruz qalanda cınqırı çıxmayan Elmira Axundova sərvət sahibi olub Milli Məclisdə oturur, mən isə qəbir yeri üçün hakimiyyətə yalvarıram. Məgər biz min əzaba düçar olub bi dövlətin Moskva agenturası üçün qurmuşduq? Dövlət dövlət deyil, elə bil fantasmaqoriyadır, on illər boyu milyardları oğurlayıb, millətin belini qıran quldurları göz üstündə saxlayan üsuli-idarə bir saray məddahının sözü ilə heydən düşmüş qocanın çörək pulunu da əlindən alır.

Sonda teleməddahların, şərəfin nə olduğunu qanmayan yırtıcı məmurların yadlarına bir məsələni də salmaq istəyirəm. Kommunist partiyasının on yeddi milyon üzvü vardı, ABŞ-a, anqlo-saks dünyasına satılmış üç-dörd avantürist onu ləğv edəndə bir köpəkoğlu dillənmədi. İndi bizdə də YAP-ın "qüdrətindən” vəzzəriyyat oxuyanlara demək istətirəm ki, sabahları məhvər dönsə, ondan birinci üz döndərənlər mübarizlər, aydınlar, elmanlar, rasimlər, musalar, tanınmış peşəkar provokatorlar olacaq. Yenə də deyirəm, A.Vaksiberqlər, Aynur Camalqızılar və bəzi mimikriya ustaları vaxtilə Heydər Əliyevin üzərinə ləyən-ləyən çirkab atanda adlarını çəkdiyim bu siyasətbazların birinin də səsi çıxmadı.

Mən qorxuram ki, sabahları bu güruh məni məhkəməyə verib son 95 manatımı da əlimdən alsın ki, guya onları təhqir etmişəm. Belə üsuli-idarədən nə desən gözləmək olar.

Firuz Haşımov



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}