Yüksək Seçki Komissiyası İstanbul uğrunda çəkişməyə nöqtə qoymaq üçün toplanır - DOLLAR DA SIÇRAYIŞA HAZIRDIR...

Yüksək Seçki Komissiyası İstanbul uğrunda çəkişməyə nöqtə qoymaq üçün toplanır - DOLLAR DA SIÇRAYIŞA HAZIRDIR...

 

Türkiyənin Yüksək Seçki Komissiyası (YSK) İstanbulda təkrar bələdiyyə seçkisinin keçirilib-keçirilməyəcəyi ilə bağlı son qərarını vermək üçün yaxın saatlarda toplantıya başlayacaq.

Sozcu.info  xəbər verir ki, Komissiya mart ayının 31-də keçirilmiş bələdiyyə seçkilərində İstanbulda qanun puzuntularının olması ilə bağlı AKP-nin şikayəti əsasında bu gün yerli vaxtla saat 14.30-da toplantı keçirəcək . Yekun qərarın isə çərşənbə axşamı və ya çərşənbə günü açıqlanacağı gözlənilir. Komissiya son qərarını 11 üzvün səs çoxluğu əsasında verəcək.

İstanbul bələdiyyə başqanlığına hakim AKP-dən olan namizəd Binəli Yıldırım son qərarın həlledici olacağını söyləyib: "Əvvəlcədən dediyimiz kimi, YSK-nın qərarı vacibdir. Bu müddət ərzində YSK-da işləyən hakimlərə qarşı sərt tənqidləri doğru hesab etmirəm. Hakimin qərarı qanundur. Təhdidlərlə qərar dəyişdirilmir. Hakim qarşısındakı qanuna görə qərar verir. Veriləcək qərar isə hər kəs üçün həlledicidir”.

Yıldırım həmçinin Ərdoğanın təkrar seçim olarsa, namizədlərin dəyişməyəcəyi ilə bağlı fikrinə də münasibət bildirib və deyib ki, ortada bir qərar olmadığına görə, bu barədə danışmaq istəmir.

Xatırladaq ki, 31 mart yerli bələdiyyə seçkilərində ilkin nəticələrə görə, əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası (CHP) İstanbulda qələbə qazanıb. Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) və onun Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan müttəfiqləri Türkiyənin Yüksək Seçki Komissiyasına şikayət ərizəsi təqdim edib və İstanbulda seçki pozuntularının olduğunu iddia edərək nəticələrin ləğv olunmasını və seçkinin yenidən keçirilməsini tələb ediblər.

Etibarsız hesab edilmiş yüz minlərlə səs, habelə bəzi məntəqələrdə bütün səslər AKP-nin şikayətləri əsasında həftələrlə yenidən sayılıb. Nəticədə İmamoğlu 13 min səs fərqi ilə İstanbul meri olub, amma YSK seçkilərin nəticələri ilə bağlı yekun qərarı hələ çıxarmayıb. Çünki səslərin yenidən sayılması başa çatdıqdan sonra AKP bu dəfə nəticələrin bütünlüklə ləğvini tələb etmişdi.

Türkiyə prokurorları İstanbulda keçirilən yerli seçkilər zamanı qanun pozuntuları iddiası ilə 32 iş üzrə istintaqa başlayıb və 100-dən çox seçki məntəqəsinın səlahiyyətlilərini şübhəli qismində sorğu-sual edib.

İstanbul bələdiyyə başçısı Ekrem İmamoğlu isə bazar günü verdiyi açıqlamalarda seçkilərin bitdiyini və nəticələrin dəqiq olduğunu deyib. İmamoğlu YSK-nin verəcəyi qərarın Türkiyənin gələcəyini qoruyacağına inandığını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan da ötən şənbə günü İstanbulda keçirilmiş seçkiləri "şübhəli” adlandırıb, çoxsaylı pozuntuların olduğunu deyib və yeni seçkilərə çağırıb.

Ərdoğanın çıxışı YSK-nın nəticələri ləğv edə biləcəyinə dair təxminləri artırıb. Maliyyə bazarlarında da İstanbul uğrunda mübarizənin nəticəsinin necə olacağı ilə bağlı gərginlik hökm sürür. Dollar Türkiyə lirəsinə nisbətən bahalaşma əlamətləri nümayiş etdirir və hazırda 1 ABŞ dolları 6 TL-yə yaxındır. Əgər nəticələr ləğv edilsə dolların yeni sıçrayışı gözlənilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}