Kürdəmirin pul(lu)suz səhiyyə sistemi... - NARAZILIQ VAR...

Kürdəmirin pul(lu)suz səhiyyə sistemi... - NARAZILIQ VAR...

 

Məlum olduğu kimi, bu gün Kürdəmir əhalisinə 157 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 75 çarpayılıq Kürdəmir Rayonlararası Psixiatriya Xəstəxanası, 40 çarpayılıq 2 kənd xəstəxanası, 13 həkim məntəqəsi, 33 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi xidmət göstərir. Redaksiyamıza daxil olan məlumatlarda isə bildirilir ki, bu rayonun səhiyyə sistemində Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Məhəmməd Musayevin təyin etdiyi qayda və qanunlar, bu sahədə mövcud olan dövlət qanunlarından daha işləkdir. Maraqlıdır ki, baş həkimin özbaşınalıqlarından təkcə xəstələr deyil, həm də əksər tibb işçiləri narazılıq ifadə edirlər. Bu xüsusda təqdim olunan açıqlamalarda vurğulanır ki, Məhəmməd Musayev davamlı olaraq tabeliyində çalışan insanlardan pul yığımları həyata keçirməyi tələb edir. Həkimlər, tibb işçiləri dövlət müəssisələrində çalışmaqlarına rəğmən, ən adi müayinə və digər prosedurlar müqabilində belə, xəstələrdən pul istəməyə məcbur edilirlər. Aldığımız məlumatlarda vurğulanır ki, rayonun bütün tibb müəssisələrində Məhəmməd Musayevin xüsusi adamları hər bir həkimin yanına hər gün neçə nəfər xəstənin girib-çıxdığının hesabını aparırlar və həmin hesabatlar hər axşam baş həkimə təqdim olunur. Kürdəmir səhiyyə sisteminin ən zəif nöqtələrindən biri kimi də, mərkəzi xəstəxanada fəaliyyət göstərən doğum şöbəsi göstərilir. Bu xüsusda mənbələr iddia edirlər ki, şöbənin müdiri doğuşların qəbulunda əsil monopoliya yaradıb. Belə ki, burada doğuş üçün konkret qiymətlər müəyyənləşdirilib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə buraxılmır. Qiymətlər isə belədir ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Şöbə müdiri isə deyir ki, yığdığı pulların çox hissəsi RMX-nın baş həkimi Məhəmməd Musayevə çatır. Həmçinin aldığımız məlumatlarda rayon sakinlərinin xüsusi narazılığını doğuran əsas məqamlardan birinin də, Kürdəmirin səhiyyə müəssisələrinə dərmanların alınmasında şişirdilmiş qiymətlərlə bağlı olduğu göstərilir. Açıqlamalarda vurğulanır ki, mərkəzi xəstəxanada, eləcə də rayonun digər tibb müəssisələrində Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Bundan başqa, aldığımız məlumatlara görə, mərkəzi xəstəxanada həm xəstələrə, həm də tibbi personala şamil olunan "ölü canlar” təcrübəsi geniş tətbiq olunur. Birinci halda RMX-da əslində olmayan pasientlərə saxta "xəstəlik tarixçələri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərman preparatları mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, mənbələrin iddialarına görə bu "xəstəlik tarixçələri”nin əksəriyyəti həm də pensiya almaq üçün məqsədli şəkildə açılır. Tibbi personala aid olan maxinasiyalara gəlincə isə, mənbələr bildirirlər ki, bu halda baş həkim sadəcə staj həvəsində olan şəxslərin adlarının Kürdəmir RMX-nın ştat cədvəlinə yazdıraraq, onların maaş kartlarına və aylıq yazılan məvaciblərinə sahib çıxır. Digər tərəfdən də, rayonun xüsusən kənd xəstəxanaları və ambulator müəssisələrində ən adi sanitar qaydalarına belə riayət olunmadığına diqqət çəkən şikayətçilər bildirirlər ki, baş həkim həmin müəssisələrdə real işləyən sanitar və texniki personalın sayını azaldaraq, belə vəziyyətin yaranmasına yol açır. Məqsəd isə, həmin ştat vahidlərində "ölü canlar”ın saxlanması və bu yolla da əlavə gəlirlərin əldə olunmasıdır.

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq. 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}