"Moskva əsla Türk dünyasında inteqrasiyanın həyata keçməsinə imkan verməyəcək" - KAMRAN SULTANLI

"Moskva əsla Türk dünyasında inteqrasiyanın həyata keçməsinə imkan verməyəcək"

 

"Rusiya Qarabağ faktorundan istifadə edərək Ermənistanı bufer zona kimi Türk dünyasını dekoordinasiya etməyə çalışır"

 

""Soyuq müharibə" başa çatdıqdan və SSRİ dağıldıqdan sonra yenicə müstəqil olmuş türkdilli dövlətlər arasında əlaqələr və inteqrasiya mövzuları müzakirə edilməyə başladı. Zamanın tələbindən uzun illər ayrı qalmış, SSRİ-nin siyasəti nəticəsində ciddi fərqlərə məruz qalmış, fərqli daxili və xarici siyasət seçmiş türkdilli dövlətlərin regional inteqrasiyası bu gün də aktiv şəkildə müzakirə edilir. Turk dövlətləri arasında inteqrasiya hansı modelə uyğun aparılmalıdır? Burada çoxları Avropa Birliyi modelini təklif edir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) eksperti Kamran Sultanlıya məxsusdur.

Ekspert hesab edir ki, Avropa Birliyi heç bir ortaq kimliyə və ya irqi bərabərliyə görə yaranmayıb: "Avropa Birliyini yaradan əsas amil məhz iqtisadi məsələlər idi. Funksionalizm nəzəriyyəsinə uyğun olaraq Avropa Birliyi mərhələ-merhələ məhz iqtisadi çərçivədə formalaşmağa başlamışdır. Lakin Avropa Birliyinin yaradılmasından əvvəl NATO-nun yaradılması ilə Transatlantik əlaqələrin qurulmasını və Avropa Birliyində qurulmasında ABŞ-ın həm maddi, həm siyasi həm də hərbi dəstəyini unutmamalıyıq. ABŞ Avropa kimi fikir ayrılıqların güclü olduğu bir regionda Avropa Birliyi kimi instutun yaradılmasına dəstək oldu. Burada Almaniya və Fransa kimi iki tarixi rəqib barışdırıldı. Deməli, Avropa Birliyi fərqli yol keçib. Bəs Türk dünyasında inteqrasiyanın həyata keçməsinə kim maraqlı ola bilər. Rusiyamı? Moskva əsla bu lahiyənin həyata keçməsinə imkan verməyəcək. Bunu özünə ciddi təhlükə görür. Türk coğrafiyasını Türkiyə Mərkəzi Asiya və bu iki regionun episentrində yerləşən Qafqaz yeni Azərbaycan olaraq təsrif etsək, Türk dünyasında olan inteqrasiya problemlərini ayrıca olaraq araşdırmaqda fayda var. Türk coğrafiyasında güclü və dərin inteqrasiya üçün dövlətlər arasında güclü bir iqtisadi aslılıq formalaşdırılmalıdır. Yəni dövlətlər güclü şəkildə bir-birilərinin bazarlarına çıxış əldə etməlidirlər".

Onun sözlərinə görə, bu aslılıq qarşılıq əsasda olmalıdır: "Hələlik iqtisadi sferada bu mənzərə görünmür. Türkdilli dövlətlər müstəqillik qazandıqdan sonra Türk dünyasının ən inkişaf etmiş, Qərb dünyası ilə ən yaxın olan dövləti olan dünyaya ən çox inteqrasiya etmiş Türkiyə vasitəsilə dünyaya açılmaq siyasətini yürüdürdü. Bu istiqamətdə Mərkəzi Asiyada durum fərqli idi. Özbəkistan lideri İslam Kərimov Türkiyədən aralı siyasət yürütməyə çalışırdı. Digər tərəfdən, Rusiya iki meqa lahiyə ilə Türk dünyasında vahid inteqrasiya lahiyələrinə mane oldu. Burada Azərbaycanla Türkiyəni birləşdirməli olan Qobl planına Moskvanın maneə törətməsi, digər tərəfdən isə Xəzər dənizində enerji lahiyəsi sayılan "Transxəzər"ə törədilən maneələr idi. Qərb həm Qobl planına həm "Transxəzər"ə dəstək idi. Amma bu iki lahiyə həyata keçmədi. Azərbaycan yenidən müstəqilliyini qazananda Lokomotiv rolunu Türkiyə oynayan Qərbyönümlü siyasət yürüdürdü. Azərbaycanla Türkiyə arasında da müstəqilliyin ilk illərində problemlər var idi. Burada ölkəmizin güclü informasiya blokadasında olması, digər tərəfdən Rusiyanın informasiya məkanına ekspansiya etdiyi məlumatlar bizi hələ dərin tanımayan Turgut Özal tərəfindən istifadə edildi. Həqiqətən də ölkəmiz informasiya sahəsində olduqca geridə qalmışdır. Lakin Türkiyə Azərbaycan başda olmaqla bir-çox türk dövlətlərinin beynəlxalq konfranslara iştirakına əsas dəstək olan ölkə oldu".

Mərkəzi Asiya dövlətlərinin də öz problemlərinin olduğunu vurğulayan ekspert qeyd edib ki, sovet sistemindən çıxan bu dövlətlər yeni çağırışlarla üz-üzə idi: "Ən əsası Mərkəzi Asiyada güclü rus nüfuzu qalmışdır. Bütün bunlar Mərkəzi Asiya dövlətlərinin Rusiya yönümlü siyasət aparması ilə nəticələndi. Elbaşı Nazarbayev rus təsirini azaltmaq üçün ölkədə olduqca böyük işlər gördü. Ölkənin paytaxtı köçürüldü, Almatıya qazaxlar köçürüldü, Nazarbayev ölkədə olan rus nüfuzunu neytrallaşdırmaq üçün rus dilini dövlət dili etdi. Bundan əlavə, ölkədə Rusiya ilə iqtisadi lahiyələr həyata keçirildi. Qazaxıstan KTMT və Avrasiya İqtisadi Birliyinin qurulmasında əsas fikir müəlliflərdən biri idi. Bu illər ərzində Nazarbayev demoqrafik vəziyyəti dəyişə bildi. Həmçinin, ölkənin şimalında vəziyyət qismən sabitləşdirildi. Yavaş-yavas qazax dilinin statusu artırıldı, 2009-cu ildə Naxçıvanda məhz Nazarbayevin təklifi ilə türkdilli ölkələrin əməkdaşlıq Şurası yaradıldı. Nazarbayev Mərkəzi Asiyanı da Rusiya təsirindən qorumaq üçün təklif etdiyi platformalarda birləşdirdi. Mərkəzi Asiya dövlətləri üçün də Azərbaycan üçün də ən böyük bazar məhz Rusiyadır. Mərkəzi Asiya dövlətləri bu baxımdan Rusiyadan çox aslıdır. Hazırda Özbəkistan və Qazaxıstan məhz bu durumu dəyişməyə çalışır. Bunun üçün onlar ABŞ və Avropa Birliyi ilə habelə Çinlə aktiv əməkdaşlıq edirlər. Rusiya faktoru Türk dünyasını koordinasiya edən Azərbaycan üçün də ciddi problemdir. Moskva Qarabağ faktorundan istifadə edərək Ermənistanı bufer zona kimi Türk dünyasını dekoordinasiya etməyə çalışır. Mərkəzi Asiya ilə Azərbaycan arasında Rusiyanın "demokl qılıncı" kimi olması Xəzərdə birləşdirici enerji lahiyələrinə mane olması, Azərbaycan Türkiyə kommunikasiya üçün Türkiyə və Azərbaycanın özünə təhdid hesab edən Gürcüstandan aslı qalması, Gürcüstanda azərbaycanlıların yumşaq gücə çevrilə bilməməsi bizim üçün problemdir. Bunun əvəzinə Gürcüstanda Rusiyaya bağlı dindar və milliyətçi qruplar güclənir. Onlar arasında olan Gürcüstan Vətənpərvərlər Alyansı və Gürcü Marşı birbaşa Türkiyəni və Azərbaycanı işğalçı sayır. Kilsə də bu məsələdə xüsusi əhəmiyyətə malikdir. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi və Qarabağın Türk dünyasını ayıran əsas faktor olaraq Rusiya tərəfindən istifadə edilməsi inteqrasiyaya mane olan əsas amillərdir. Bu baxımdan Ermənistan Rusiya üçün heç bir zaman vazkeçilməzdir".

Kamran Sultanlı bildirib ki, Türk dünyasında inteqrasiyadan narahat olan digər ölkə isə İrandır: "Tehran buna görə Qarabağın həll edilməsinə maraqlı deyil. Onun üçün də Ermənistanın bufer zona kimi qalması vacibdir. Bu rəsmi Tehranın tərkibində olan milyonlarla azərbaycanlıya təsir baxımından ciddi təhdiddir. Türk coğrafiyasında inteqrasiya üçün ciddi problemlər qalmaqdadır. Avropa Birliyi yaradıldıqda əsas prinsipin iqtisadiyyat olduğunu qeyd etdik. Vurğulamaq lazımdır ki, Avropa Birliyi həm də Vyana sisteminə uyğun yaradılıb. Yəni xristian dövlətlərinin birliyi. Lakin bu birlik heç də onların eyni marağa aid olduğunu göstərmir. Əksinə, fərqli maraqlar güclü iqtisadi aslılıqdan vahid dəyərlərə çevrilib. İqtisadi aslılıq həmin dövlətləri asan bir-birindən qopmasına imkan vermir. Lakin Türk dünyasında bu problemlər hansı ideoloji əsasda həll ediləcək? Ortaq ideya nə olacaq? Turançılıqmı? İslammı? İslam faktiki olaraq inteqrasiya modeli kimi çıxış edə bilməz. Çünki cəmiyyətlərin daxili fərqlilikləri və dini cərəyanların fərqli olması bu paradiqmanın inteqrasiya subyekti kimi çıxış etməsinə imkan vermir. Bəs turançılıq türkdilli dövlətlər arasında inteqrasiya modelinə necə yardım edə bilər? Türkçülüyun görkəmli nümayəndəsi Ziya Gökalp öz qeydlərində bildirib ki, Turançılıq üçün siyasi şərait yoxdur, lakin mədəni şərait var. Eyniliklə Rəsulzadə öz qeydlərində bildirib ki, Turançılıq utopiyadır, həmçinin vahid türk xalqı yoxdur, türkdilli ayrı-ayrı xalqlar var. Təbii ki, tarixi şəraitdən dolayı bu millətlər fərqli həyat yolu keçib və hər birinin öz reallıqları var. Hazırda bunları birləşdirən yeganə dəyər ortaq tarix, keçmiş dil yaxınlığı və eyni dindir. Lakin bunlar hər zaman inteqrasiyaya kömək etmir. Örnəyi Ərəb Dövlətləri Liqasıdır ki, eyni millət, eyni din və dil olsa da, uğurlu bir inteqrasiya modeli yarada bilməyiblər. Yəni ortaq dil, din və ya mədəni yaxınlıq inteqrasiya üçün daim uğurlu sayıla bilməz. Türkdilli dövlətlər arasında digər önəmli məsələ təhlükəsizlik bağlılıqlarının zəif olmasıdır. Müstəqillikdən sonra Türk dövlətləri fərqli siyasi model seçdilər. Azərbaycan 2001-ci ilə qədər aktiv avroatlantik inteqrasiya siyasəti, 2001-ci ildən balans siyasəti həyata keçirib. Mərkəzi Asiyanın türkdilli dövlətlərindən Türkmənistan neytral siyasət aparmış, Özbəkistan və Qazaxıstan isə "Rus NATO"su sayılan KTMT-də təmsil olunur. Türk dünyasının lideri olan Türkiyə isə Rusiyanın və KTMT-nin əsas rəqibi sayılan NATO üzvüdür. Bəllidir ki, Mərkəzi Asiyanın Türkdilli dövlətləri KTMT-yə özlərini Rusiyadan qorumağa Türkiyə isə özünü həm Qərbdən, həm də Rusiya təhlükəsindən qorumaq üçün NATO-ya üzv olub. Azərbaycan isə mövcud regional reallıqlardan irəli gələrək balans siyasətinə üstünlük verib. Üstəlik, uzun illər Özbəkistan Türkiyə ilə soyuq və Qırğızıstanla Oş hadisələrinə görə gərgin münasibətlərdə olub. Türkmənistanla Azərbaycan arasında Xəzər dənizində olan enerji ehtiyatlar uğrunda gərginlik olub. Bütün bu fərqliliklər Türk dünyasının gələcəyinə necə təsir edəcək. Türk dünyasında iqtisadi aslılıq siyasətini Azərbaycan və Turkiyə həyata keçirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi qlobal enerji nəqliyyat lahiyələri Bakı və Ankaranı daha da yaxınlaşdırır. Lakin ortada qeyri-türk Gürcüstan faktoru var. Buna baxmayaraq, Cənub Qaz Dəhlizi Türk dünyasını bir-birinə bağlamaq üçün uğurlu platforma ola bilər. Bunun üçün Mərkəzi Asiya dövlətləri Rusiya maneəsini aşmalıdırlar. Transxəzər lahiyəsi bu baxımdan önəmli lahiyədir. Bu lahiyə ölkəmizin tranzit rolunu artırdığı kimi Mərkəzi Asiya ilə Azərbaycan arasında Transxəzər dəhlizini gücləndirə bilər. Lakin Xəzərin son aktında olan bəzi müddəalar bu məsələlərdə bəzi problemləri ortaya çıxarır. Son illər Türkiyənin ənənəvi Atlantik siyasətdən uzaqlaşıb Rusiya ilə yaxınlaşması, Rusiyanın güclü imic qazanması Türk dünyasında inteqrasiya məsələlərində Rusiya faktorunu daha da önəmli edir. Hətta Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunması ehtimalı da var. Bu Rusiyaya üçün daha böyük divident olacaq. Moskva çalışır ki, Mərkəzi Asiya və Cənubi Qafqazı əldən verməsin, Ermənistan vasitəsilə isə Türkiyə ilə sərhəddə güclü qalsın. Gürcüstanla Azərbaycana mane olsun. Lakin son illər Türk dünyasında müsbət addımlar da var. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Özbəkistanın qayıtması, Özbəkistanın Türkiyə ilə əlaqələri gücləndirmək istəyi, Türkmənistanın müşahidəçi statusda əməkdaşlıq şurasına geri dönməsi, Özbəkistan və Qazaxıstanın ABŞ, Avropa Birliyi və Çinlə geniş iqtisadi əlaqələri. Bağlanmış bir sıra mədəni, təhsil və iqtisadi müqavilələr Özbəkistanda uzun illərdən sonra demokratik seçki, Qazaxıstanda siyasi transformasiya, Mərkəzi Asiyada baş verən bəzi dəyişikliklər Türk dünyasında inteqrasiya proseslərinə ümid yaradacaq faktorlardır. Lakin ümumilikdə geosiyasi mənzərə və siyasi konfiqurasiya, dövlətlərin daxili və regional vəziyyətləri, iqtisadi durum və aslılığın az olması, hələlik Türk coğrafiyasında vahid regional inteqrasiyaya mane olan amillərdir".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}