Azərbaycanın Los Ancelesdəki baş konsulu ABŞ-ın Aydaho ştatının qubernatoru ilə görüşüb

 

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev martın 5-də ABŞ-ın Aydaho Ştatının qubernatoru Brad Little ilə görüşüb.

Görüşdə, həmçinin Aydaho Ştat Senatının sədri Brent Hill, Nümayəndələr Palatasında çoxluğun rəhbəri Mike Moyle və onun müavini Jason Monks, ştatın Kənd Təsərrüfatı Departamentinin direktoru Celia Gould, Ticarət Departamentinin direktoru Tom Kealey və digər rəsmilər iştirak edib.

 Görüş zamanı, Azərbaycan ilə Aydaho ştatı arasında müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, nəqliyyat, elm, təhsil və mədəniyyət üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

 Müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolu barədə məlumat verən baş konsul N.Ağayev, Aydaho Ştatı ilə Azərbaycanın münasibətlərinin daha da inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

 Diplomat, həmçinin, Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söz açaraq, bu gün ölkəmizdə müxtəlif dinlərin və millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul, son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini və bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.

 Öz növbəsində, qubernator Little keçirilən görüşdən məmnunluq duyduğunu ifadə edərək, Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

 Qeyd edək ki, səfər müddətində baş konsul N.Ağayev, həmçinin Aydaho Ştatının paytaxtı Boise şəhərinin meri Lauren McNeal, müxtəlif ştat senatorları və digər rəsmi şəxslərlə də görüşlər keçirib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}