GENERAL MANVELİN VƏHŞİLİKLƏRİ - Haqq verməyən sahibkarlara dəhşətli işgəncələr verdirib

GENERAL MANVELİN VƏHŞİLİKLƏRİ - Haqq verməyən sahibkarlara dəhşətli işgəncələr verdirib

 

Ermənistan müdafiə nazirinin keçmiş müavini, Köçəryan-Sərkisyan rejiminin dayaqlarından biri, general Manvel Qriqoryan təkcə Qarabağda azərbaycanlılara qarşı misli görünməmiş vəhşilikləri və yırtıcı xisləti ilə ad çıxarmayıb. Onun həbsindən sonra üzə çıxır ki, general Manvel ermənilərin özlərini də eyni qəddarlıqla işgəncəyə məruz qoyub, var-yoxlarını soyub qarət edib, boynuna zəncir keçirərək it kimi bağlayıb, asıb öldürüb və əllərini arxaya bağlayaraq quyuya atıb.

Bütün bunları Manvel illər boyu özünün Qarabağdakı evində və Ermənistanın Armavir vilayətinin Arşaluys kəndindəki malikanəsində törədib.Sozcu.info virtualaz.org-a istinadən xəbər verir ki, xüsusi xidmət əməkdaşları onun evində axtarış zamanı dəhşətli arxiv fotoları və görüntüləri tapıblar. Bu görüntülərə Manvelə haqq verməyən iş adamları onun malikanəsində qul kimi saxlanılır, boyunlarına zəncir keçirilib it kimi gəzdirilir. Habelə 1994-cü ildə general Manvelin bir erməni əsgərini asıb öldürdüyü barədə görüntülər də onun arxivindən tapılıb.

On illərdir Manvelin qorxusundan danışmayanlar indi onun həbsindən ürəklənərək bu cəlladın əməlləri barədə bəhs etməyə başlayıblar. Belələrindən biri də qardaşı 90-cı illərin sonlarında Manvel tərəfindən oğurlanan, onun təhdidləri qarşısında Ermənistandan qaçıb ABŞ-da məskunlaşan Maya Mnoyandır. O, başına gələnləri özünün "Facebook” səhifəsində yazıb.

244350_src

Maya Mnoyan bildirir ki, 1997-ci ildə onun həmin vaxt 21 yaşında olan qardaşı Edqarı oğurlayıblar. Edqar ordudan tərxis olunandan sonra Maliyyə Nazirliyində işə düzəlmişdi.Orduda isə Edqar Mnoyan çağırışdan az sonra general Manvelin Arşaluys kəndindəki malikanəsində onun mühafizə xidmətinə cəlb edilmişdi. Maya Mnoyanın bildirdiyinə görə o vaxt ailələri imkanlı olub, atası vaxtaşırı olaraq xidmətdəki oğluna baş çəkmək üçün Manvelin malikanəsinə gedib. Qayğıkeş atanın tez-tez oğluna lazım olanları aparması, maşınları Qriqoryanın diqqətindən yayınmayıb.

Və Edqar ordudan qayıdıb işə düzələndən az sonra oğurlanıb. Smbatyan adlı biri onun ailəsinə zəng vuraraq Edqarın xidmətdə olarkən Manvelin malikanəsindən oğurluq etdiyini və bu səbəbdən ailəsinin 10 min dollar ödəməli olduğunu deyib. Bildirib ki, Edqarı ancaq pul ödəniləndən sonra buraxacaqlar. Ailə əgər oğurluq olubsa Edqarı polisə verməyi tələb edib.

Ancaq zəng vuran adam cavab verib: qanun bizik, onu necə cəzalandırmağı biz müəyyən edirik. Bildirib ki, pul ödənilməsə hər dəfə ailəsinə Edqarın bədəninin bir hissəsini-qulağını, barmağını, burnunu…kəsib göndərəcəklər.

Ailə məcbur olub 10 min dolları verir. Ancaq Edqarı azad etmirlər və məlum olur ki, bu hələ başlanğıcdır. Manvelin adamları tez-tez Edqarın ailəsinə "baş çəkirlər”, onlara yeni tələblər irəli sürürlər. Hətta eyham vururlar ki, baxın, pulunuz qalmayıbsa qəşəng qızlarınız var…

244351_src

"Biz onların tələb etdiyinin hamısını ödədik-iri məbləğdə pul, əmlak, maşınlar. Heç olmasa Edqarın səsini eşitmək ümidi ilə. Çünki onlar bütün tələblərinin yerinə yetirilməsinə baxmayaraq Edqarın sağ olub-olmadığı haqda heç bir informasiya vermirdilər. Növbəti tələblərdən biri 1 kiloqram qızıl oldu-ailəmiz yaxınlarımızın köməyi ilə bu qızılı da toplayıb verdi, hətta nişan üzüyümü də verdim. Üç ay ərzində onlar bizi elə müflis elədilər ki, yeməyə heç nəyimiz qalmadı, bizi yeməklə qohumlarımız , qonşular təmin etməyə başladı. Əlimizdə qalan yeganə əmlak Yerevandakı mənzilimiz idi, onu da axırda aldılar. Atamla anmı silahla təhdid edib onların tanışı olan notariusa apardılar, mənzili Manvelin yaxınlarından birinin adına keçirdilər. Qohumlarımızdan kimsə Edqarın taleyi barədə nəsə öyrənməyə cəhd edirdisə Manvelin adamları tərəfindən oğurlanırdı və Arşaluys kəndinə aparılırdı, orada girov saxlanılırdı. Onlardan biri mənim xalamın əri oldu, Arşaluys kəndinə getmişdi ki, qardaşım barədə nəsə öyrənsin. Ancaq Manvelin adamları onu oğurladı, bir ay qul kimi, qeyri-insani şəraitdə işlətdi və 8 min dollar alandan sonra buraxdı. Pulu xalamın oğlu tapıb verdi”-Maya Mnoyan yazır.

Qadın bildirir ki, Manvelin onların başına açdıqları zülmün hamısını danışmağa imkan yoxdur. Bu barədə çoxlu sayda dəhşətli epizodlar var. "Təkcə onu əlavə edə bilərəm ki, üç ay ərzində Edqarı quyuda əlləri arxadan bağlı vəziyyətdə, ac-susuz saxlamışdılar. Qardaşım Manvelin yanında xidmət edən əsgərin sayəsində sağ qalmışdı, həmin əsgər hərdən quyuya sarımsaq atırmış ki, Edqar sağ qala bilsin. Azad olunandan sonra qardaşım uzun müddət əlləri arxasında qatlanmış vəziyyətdə yatırdı”-Mnoyan bildirir.

Məlum olur ki, Edqar azad ediləndən sonra general Manvel onun ailəsindən Ermənistanı təcili tərk etməyi tələb edib. Əvvəlcə onlar Gürcüstana qaçıblar, sonra gizlicə Ermənistana qayıdıblar və oradan birdəfəlik ABŞ-a köçüblər.

244352_src

İndi Mnoyan 20 il əvvəl başlarına gələnlərlə bağlı baş nazir Nikol Paşinyana, baş prokurora və polis rəisinə rəsmi müraciət etməyə hazırlaşır.

"Çiçəklənən Ermənistan” partiyasından keçmiş deputat, general Manvelin başçılıq etdiyi "Yerkrapa” təşkilatının keçmiş üzvü Rüstəm Qasparyan da onun necə acgöz, həris adam olduğunu danışıb. Bildirib ki, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Manvelin evindən tapdıqları onun oğurladıqları, taladıqları ilə müqayisədə heç nədir.

"Manvel çox həris adamdır, müharibə vaxtı hamını talayıb. Kimsə ona hansısa məsələ ilə bağlı müraciət edirdisə kömək etmək əvəzinə bu adamın bütün əmlakını ələ keçirirdi. O yerə gəlib çatmışdı ki, öz qardaşı oğlunun da əmlakını talayıb ələ keçirdi. Mən onun acgözlüyünü, hərisliyini qəbul etmirdim, ona görə də tüpürüb çıxdım”-Qasparyan 1in.am saytına deyib.

O bildirib ki, Manvel Qarabağ döyüşlərində xüsusi qəhrəmanlıq göstərməyib, işi-gücü qarət olub. "Manvel müharibə boyu bir nəfər də sağ türklə (Azərbaycan türkləri nəzərdə tutulur) döyüş meydanında qarşılaşmayıb. Ola bilsin əsir tutub gətiriblər, onda görüb, amma sağ, döyüş meydanında görməyib. Amma qəhrəman adı alıb, bilmirəm nəyə görə. Yəqin ki, hakimiyyətin sifarişlərini yerinə yetirmək, insanları döymək, öldürmək üçün” - Qasparyan bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}