""Quest Net" dələduzluq, fırıldaqçılıqla məşğuldur" - ŞİKAYƏT

""Quest Net" dələduzluq, fırıldaqçılıqla məşğuldur" - ŞİKAYƏT

 

Mehriban Əhmədova: "Bu şirkət ölkə başçısı İlham Əliyevin adından istifadə edərək deyirlər ki, guya buna dəstək olunub"

"Məktəbimizdəki iki ibtidai sinif müəllimi Lamiyə Bilalova və Elminaz Məmmədova məni yoldan çaşdırdılar, dedilər ki, narahat olma, sən də gəl, yaxşı qazanacaqsan"

Ötən gün redaksiyamıza müraciət edən Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 508, bina 8, mənzil 20 ünvanında yaşayan, 1968-ci il təvəllüdlü Mehriban Qurban qızı Əhmədova hazırda dünyanın ən böyük piramida şəbəkələrindən biri hesab olunan "Quest Net" (QNet də deyilir-red.) şirkəti tərəfindən aldadıldığı bildirdi.

Belə ki, Yasamal rayonunda yerləşən 53 nömrəli tam orta məktəbdə müəllimə kimi çalışdığını deyən şikayətçinin sözlərinə görə, iş yoldaşları onu "Quest Net" şirkətinə aparıb və o, "Kapitalbank"dan 1000 manat kredit götürüb adıçəkilən şirkətin əməkdaşlarına verib: "Qeyd edim ki, "Quest Net" şirkətinin fəaliyyəti Azərbaycanda ləğv edilib. Lakin mənim bundan xəbərim olmayıb. Bu şirkəti Azərbaycana gətirən Vahid Ələkbərov isə artıq həbsdədir. İş yoldaşlarım məni "Quest Net" şirkətinə apardılar. Mən onlara çox inanırdım. Elə zənn edirdim ki, bu iş kompyuterlə bağlıdır. Məsələnin nə yerdə olduğundan, həmin şirkətin əməllərindən xəbərsiz idim. Mən "Kapitalbank"ın təqdim etdiyi Birkart vasitəsiylə kreditə 1000 manat pul götürüb "Quest Net" şirkətinin əməkdaşlarına verdim. Lakin biləndə ki, bunlar adamları aldadır, şirkətə əlavə insanlar cəlb etməliyəm və onlar hər yeni gələndən 2-3 min manat pul alacaqlar, mən dərhal bundan imtina etdim. Çünki "Quest Net" şirkəti zəncirvari formada adamları cəld etdikdən sonra onlardan gələn gəlirləri öz aralarında bölürlər. Dedilər ki, bizdə satış var. Bildirdilər ki, tur-paket, saat, qızıl əşyalar və digər məhsullar satırlar. Lakin bunlar hamısı virtualdır, reallıqda belə bir şey yoxdur. Mənə bir tur-paket verdilər. Ancaq həmin tur-paket kodlaşdırılmışdı. Şirkətə yeni adamları cəlb etməli olduğumu öyrəndikdə, bununla razılaşmadım və pulumu geri tələb etdim. Dedilər ki, biz pulu qaytarmırıq. O zaman ödədiyim 1000 manatın əvəzinə tur-paketimi istədim. Bildirdilər ki, tur-paketi də verə bilmərik, çünki sən adam gətirmədin".

Üzləşdiyi problemlə, daha dəqiq desək, "Quest Net" şirkətinin əməlləri ilə bağlı rəsmi qaydada Prezident Administrasiyasına, ölkə başçısına və birinci vitse-prezidentə, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, o cümlədən, Nərimanov Rayon Prokurorluğuna, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə müraciət etdiyini vurğulayan Mehriban Əhmədova qeyd etdi ki, adıçəkilən şirkət prezident İlham Əliyevin adında istifadə edir: "Onlar ölkə başçısı İlham Əliyevin adından istifadə edərək deyirlər ki, guya buna dəstək olunub. Onlar video göstərirlər ki, "Quest Net" şirkəti üzərində mərhum prezident Heydər Əliyevin portreti olan qızıl pullar istehsal edib. Mənim heç ağlıma gəlməzdi ki, burda dələduzluq var. Vergilər Nazirliyindən dedilər ki, belə bir şirkət qeydiyyata alınmayıb. Həmçinin, məndən həmin şirkətin yerini göstərməyimi xahiş etdilər. Əfsuslar olsun ki, onlar ünvanlarını dəyişiblər. Lakin əvvəl bu şirkət Nərimanov metrostansiyası yaxınlığında Hacı Məmməd küçəsi, 22/24 ünvanında 3 otaqlı mənzildə yerləşirdi. Qeyd edim ki, pulu Fidan Əhmədovaya vermişəm. O, əvvəllər bizim məktəbdə psixoloq işləyib. Mən onu yaxşı tanıyırdım. Lakin bilmirdim ki, o, dələduzluqla məşğul olur. Bundan başqa, məktəbimizdəki iki ibtidai sinif müəllimi Lamiyə Vaqifovna (Lamiyə Vaqif qızı Bilalova) və Elminaz Qulu qızı Məmmədovanı da "Quest Net"də gördüm. Dedilər ki, biz yoldaşımızı, oğlumuzu bira cəlb etmişik. Həmin şirkətə hardasa 5-6 min manat da onlar pul veriblər. Həmin müəllimlər məni yoldan çaşdırdılar. Dedilər ki, narahat olma, biz burdayıq, sən də gəl, yaxşı qazanacaqsan. İnanın ki, hələ də müəllimlərimizi və valideynləri "Quest Net"ə cəlb edirlər. Məktəbdə onlara iradımı bildirdim. Çünki onlar insanların cibinə girib adamları ziyana salırlar. Hər yeni gələndəndən 1000-3000 manat civarında pul tələb olunur və yalandan deyirlər ki, guya həftəyə 250 dollar gəlir əldə edəcəksiniz. Bildirirlər ki, həftədə 2-3 dəfə gəlib 1-2 saat oturmaqla həmin məbləği qazanacaqsan. Əslində isə bunlar hamısı yalan, dələduzluqdur. Müvafiq qurumlara müraciət etməyimə baxmayaraq, hələ də pulumu qaytarmaq istəmirlər. Qoy, hamı "Quest Net" şirkətinin qanunsuz əməllərindən, dələduzluğundan xəbər tutsun. Ümid edirəm ki, aidiyyatı qurumların məsələyə müdaxiləsindən sonra problem öz həllini tapacaq".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}