Toğrul İsmayıl: "Azərbaycanın gerçək anlamda bölgədə tək müttəfiqi Türkiyədir" - MÜSAHİBƏ

Toğrul İsmayıl: "Azərbaycanın gerçək anlamda bölgədə tək müttəfiqi Türkiyədir" - MÜSAHİBƏ

 

"Bu gün belə bir ittifaq dövlətinin qurulması üçün əlverişli məqam, münbit şərait mövcuddur"

"Türksoylu dövlətlərin bir araya gəlib Avropa Birliyi modelində Türk Birliyini yaratmaları üçün siyasi iradə, əzm və çox çalışmaq lazımdır"

"Sərdar bəyin Türk Konfederasiyası ideyasını platformasında göstərməsi təqdirəlayiqdir"

"Dünyada ərəb birliyi, ingiliscə danışan dövlətlər birliyi, franko franeyo dövlətlər birliyi mövcuddursa, türk dövlətlər birliyi nədən olmasın?!"

Artıq hər kəsə bəllidir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu ilin aprel ayında keçirilən növbədənkənar prezident seçkiləri zamanı namizədliyini irəli sürərkən "İctimai" telekanaldakı debatların birində iki qardaş ölkə - Azərbaycan və Türkiyə münasibətlərinin kökündə duran, bu dövlətləri bir-birinə daha da yaxınlaşdıran "bir millət, iki dövlət" şüarının dəyişdirilərək "bir millət, bir dövlət" şüarına uyğun hərəkət etməyin daha məqsədəuyğun olduğunu bəyan edib. Qeyd edək ki, ADP sədri Türk Konfederasiyasının yaradılmasını, qardaş ölkələrin vahid xarici siyasət yürütməsini təklif etməklə yanaşı, irəli sürdüyü ideyanı tutarlı arqumentlərlə əsaslandırıb. Düzdür, Sərdar Cəlaloğlunun bu təklifi əksər siyasilər, elm və mədəniyyət adamları, ictimai xadimlər, həmçinin mətbuat nümayəndələri tərəfindən yüksək qiymətləndirilsə də, Azərbaycanı yenidən Rusiyanın boyunduruğuna salmağa çalışan şəxslər, daha dəqiq desək, ruspərəst qüvvələr, fürsət düşdükcə Kremlin maraqlarını müdafiə etmək naminə dəridən-qabıqdan çıxanlar sözügedən təklifin qəti şəkildə əleyhinə olduqlarını bəyan etdilər. Halbuki tarix və bu gün yaşanan olaylar bir daha sübuta yetirir ki, Azərbaycanla Türkiyənin dostu da, düşməni də eyni qüvvələrdir. Təbii ki, belə olan halda qardaş ölkələrin daha da yaxınlaşması, mühüm strateji məqamlarda birgə fəaliyyət göstərməsi hər iki dövlətin maraqlarına uyğundur.

Nəzərinizə çatdıraq ki, artıq bir sıra siyasilər, politoloqlar da məhz Azərbaycanla Türkiyənin maksimum yaxınlaşmasının, birlik yaratmasının tərəfdarı olduqlarını qeyd edirlər. Onlardan biri də hazırda Türkiyədə yaşayan azərbaycanlı professor, siyasi şərhçi Toğrul İsmayıldır. Qeyd edək ki, bugünlərdə məhz sözügedən mövzuya toxunan professor Azərbaycanla Türkiyənin ittifaq yaratmasının vacibliyini vurğulayıb. Belə ki, o, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu əsas gətirərək, artıq ittifaq dövləti məsələsini gündəmə gətirməyin zamanı çatdığını bildirib. Beləliklə, onun irəli sürdüyü təklifin Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti tərəfindən rəğbətlə qarşılandığını nəzərə alaraq, eyni zamanda sözügedən mövzu ilə bağlı bir neçə sualımız olduğundan Toğrul İsmayılla söhbətləşdik.

"Azərbaycanla Türkiyənin quracağı ittifaq bölgədəki üçüncü dövlətə təhdid deyil"

- İlk öncə Azərbaycan-Türkiyə münasibətlərinə toxunmaq istərdik. Müsahibələriniz birində artıq ittifaq dövləti məsələsini gündəmə gətirməyin vacibliyini vurğulamısınız. Bu barədə daha ətraflı məlumat verməyinizi xahiş edərdik. Bu ittifaq hərbi, siyasi, iqtisadi və digər sahələrdə bizə nə verəcək?

- Bu gün Azərbaycan-Türkiyə münasibətləri elə bir müstəviyə gəlib ki, iki ölkə arasında zatən "Bir millət, iki dövlət" gündəmi bir növ ittifaqın olduğu anlamına gəlir. Bir çox sahələrdə Azərbaycan Türkiyədə yatırım edir, eyni zamanda Türkiyənin də Azərbaycanda yatırımları var. Amma belə bir duruma gəlmişik ki, artıq bəzi məsələləri daha yüksək səviyyəyə çıxarmağımız üçün onları müzakirə etməyimiz lazımdır. İttifaq dövləti dediyimizdə, burda bir dövlətin digərinin tərkibinə daxil olması və ya iki dövlətin bir-biri ilə orqanik şəkildə birləşməsi anlamına gəlmir. Bunun müxtəlif dərəcələri var. Məsələn, ilk öncə iqtisadi və diplomatik münasibətlərdə ölkələrin anlaşma əldə etməsi mümkündür. Bu anlaşma çərçivəsində ortaq hərəkət, ortaq münasibət, eyni zamanda sərhədlərin rahatlıqla keçilməsi və sərhəd məsələsindəki bir çox problemlərin həlli, vətəndaşların gediş-gəlişində rahatlıq, dövlət sənədləşdirmə, vergiləndirmə və digər sistemlərdə asanlaşdırma, həmçinin bir çox başqa sahələrdə nəticə əldə oluna bilər. Dövlətlər arasında gömrüyü və sərhədi qaldırma da daxil olmaqla, ittifaq dövlətinin bir çox versiyaları var. Təbii ki, bunu siyasilərimiz, alimlərimiz və digərləri görüşüb müzakirə edə bilər. Sözsüz ki, bu ittifaqın hərbi ittifaq olması da mümkündür. Lakin bu, mənə görə ayrı bir mövzudur. Hərbi ittifaq yaratmaq üçün dövlətlərin mütləq ittifaq qurması əsas şərtlərdən biri deyil. Amma bu gün də görürük ki, Azərbaycanın gerçək anlamda bölgədə tək müttəfiqi varsa, o da Türkiyədir.

Əslində, bu söylədiyimiz mövzu bir-iki günlük məsələ deyil. Bunun ciddi araşdırılmasına, müzakirələrə ehtiyacı var. İlk başda təbii ki, iqtisadi və diplomatik sahələrdə vətəndaşları rahatladacaq şəkildə ittifaq qurula bilər. Gələcək də isə daha üst səviyyələrdə anlaşma əldə olunub siyasi və hərbi sahələri də buna əlavə edə bilərik. Qeyd etdiyim kimi, ittifaqların müxtəlif forma və şəkilləri var. Amma bu gün zatən, şərait Azərbaycanla Türkiyə arasında, kağız üzərində də olmasa, belə bir ittifaqın var olduğunu göstərir. Şübhəsiz, biz bunu söylədiyimiz zaman biriləri buna qarşı çıxa bilər. Mən ruhən demokrat olduğum üçün hər kəsin fikrinə sayğı duyuram, bu da mənim görüşlərimdir, Azərbaycan cəmiyyəti də bu görüşləri bilməlidir. Azərbaycan türklərinin qərarı nə olarsa, bizim həmin qərar qarşısında boynumuz qıldan incədir və bunu qəbul etmək zorundayıq. Lakin dediyim kimi, bu, bir düşüncə, fikirdir. Hesab edirəm ki, bu gün belə bir ittifaq dövlətinin qurulması üçün əlverişli məqam, münbit şərait mövcuddur. Kimlərsə "Yox, buna hazır deyilik" desə də, mənə görə hər iki ölkənin cəmiyyəti buna hazırdır. Odur ki, siyasi iradənin də bunu düşünməsi lazımdır. Ümumiyyətlə, "O dövlət nə deyər, bu dövlət nə deyər" deyənlər bilməlidirlər ki, belə bir deyim var: Qurddan qorxan meşəyə girməz. Bundan başqa, Azərbaycanla Türkiyənin quracağı ittifaq bölgədəki üçüncü dövlətə təhdid deyil. Tam əksinə, bölgədə sabitlik və təhlükəsizlik üçün zəmin hazırlayacaq.

"Unutmaq lazım deyil ki, "Rusiya bizə silah verir" demək doğru deyil. Rusiya bizə silah satır. Amma Ermənistana təmənnasız silah verir"

- Qeyd edim ki, son prezident seçkilərində namizədliyini irəli sürmüş ADP sədri Sərdar Cəlaloğlu Türk Konfederasiyası ideyasını irəli sürmüş və bunu öz platformasına salmışdı. Məhz həmin andan etibarən Rusiyameyilli qüvvələr ona qarşı hücuma başladılar, müxtəlif formalı təsir və təzyiq göstərdilər. Siz ittifaq dövləti ideyasını səsləndirməklə, bütün bunları göz önünə alırsınızmı?

- Sərdar bəyin fikirlərini gördüm. Təbii ki, Türk Konfederasiyası ideyası yeni deyil. Onun bu ideyanı platformasında göstərməsi təqdirəlayiqdir. Zatən, bu məsələdə səmimi olduğunu da bilirəm. Sözsüz ki, rusmeyilli qüvvələr tərəfindən hücum olacaq. Müxtəlif formalı təsir və təzyiqlər var. Bu, onların biləcəyi işdir, özləri bilərlər. Biz fikrimizi deyirik, onlar da fikirlərini deyirlər. Amma tarixi prosesləri, o cümlədən son günləri də nəzərə almağımız lazımdır. Yəni Azərbaycanın gələcəyi, Azərbaycan türklərinin yaşamı, Azərbaycan dövlətinin rifahı və güclü olması kimlə uyğundursa, bunu doğru hesablamağımız gərəkdir. Şəxsən mən bunun Türkiyədən başqa, hər hansı bir bölgə ölkəsi ilə ola biləcəyindən əmin deyiləm. Çünki bölgədə bəzi ölkələrin öz maraqları var. Son illər Rusiya-Azərbaycan yaxınlaşması əslində, Ermənistana təzyiq vasitəsidir. Unutmaq lazım deyil ki, "Rusiya bizə silah verir" demək doğru deyil. Rusiya bizə silah satır. Amma Ermənistana təmənnasız silah verir. Bu deyərkən, Rusiya və İrana qarşı deyiləm. Sadəcə, bir mütəxəssis olaraq Azərbaycanla Türkiyənin tarix, mədəniyyət, dil, din və digər məsələlər baxımından daha yaxın olduğunu bilir və bu barədə fikirlərimi bildirirəm. Bununla yanaşı, Türkiyənin bir çox regional və qlobal layihələrdə Azərbaycanla ortaq olduğunu, eyni zamanda Türkiyənin Azərbaycan üçün dünyaya açılan bir pəncərə olduğunu görürük. Bu fikirlərimi deyərkən, bunun təməlində duran əsas məsələlərdən biri bu ittifaqın hər iki ölkənin gələcəyi üçün bir zəmin olduğunu, hər iki ölkədə yaşayan millət üçün istiqrarlı gələcək vəd etdiyini unutmamaq lazımdır. Bu gün Azərbaycan və Türkiyənin buna həm ehtiyacı var, həm də bunun hədəflənən məqsəd olması lazımdır. Dediyim kimi, Sərdar bəyin fikirləri təqdirəlayiqdir. Unutmaq lazım deyil ki, dünyada ərəb birliyi, ingiliscə danışan dövlətlər birliyi, franko franeyo dövlətlər birliyi mövcuddur. Belə olan halda, türk dövlətlər birliyi nədən olmasın?!

Bildiyiniz kimi, artıq bu yöndə addımlar atılır, TÜRKSOY kimi bir sıra təşkilatlar var. Bu, labüddür, qaçınılmazdır. İlk öncə bir soydan gələn qardaş ölkələr bir araya gələrək öz problemlərini həll edib, digər xalqlar, topluluqlarla da anlaşmaya gedə bilərlər. Bu, sadəcə Azərbaycan və Türkiyə üçün deyil, Mərkəzi Asiya və digər bölgələrdə yaşayan türklər üçün də ciddi bir məsələdir. Buna görə də Azərbaycanla türkiyənin qura biləcəyi ittifaq bu məsələdə, yəni türksoylu dövlətlərin birləşməsində, konfederasion sistem yaratmasında ciddi şəkildə bir nümunə ola bilər. Unutmaq lazım deyil ki, bu gün Mərkəzi Asiyanın güclənən, çiçəklənən Qazaxıstan kimi güclü bir dövləti var. Əslində, cənab Nazarbayev də bir növ dolayı yolla Azərbaycan və Türkiyə ilə gələcək ittifaq düşüncələrini də ortaya atmaqdadır.

"Düşünürəm ki, hər iki dövlət hüquqi bazanı bir sistemə uyğunlaşdırdığı zaman hər hansı bir sıxıntı olmaz"

- Azərbaycan və Türkiyə vətəndaşları belə bir ittifaqa hazırdırmı?

- Məncə hər iki ölkənin vətəndaşları belə bir ittifaqa hazırdır. Odur ki, burada vətəndaşların hazır olması kimi bir problem yoxdur. Əsasən siyasi iradə gərəkdir. Zatən, toplum birdir. Yəni həm Azərbaycan, həm də Türkiyə vətəndaşlarının "Bir millət, iki dövlət" deməsi təsadüfi deyil. Sözsüz ki, hər iki ölkə təməldən bir millətdir. Dolayısıyla vətəndaşlar hazırdır. Bu gün Türkiyədə yetərincə Azərbaycan vətəndaşı yaşayır. Bir çox ali məktəblərdə, biznes sektorunda və digər sahələrdə çalışan Azərbaycan əsilli vətəndaşlar var. Onların Türkiyəyə xidmətləri ayrı bir dəyərdədir və burda hər hansı bir məhdudiyyət yoxdur. Bundan başqa, evliliklər artmaqdadır. Türkiyədə təhsil alan təbələlər arasında Azərbaycan türkləri birinci sıradadır. Müqayisə üçün deyim ki, Suriyadan gələn qaçqınlar üçün hər şey pulsuz olsa da, Azərbaycan əsilli vətəndaşların sayı onlardan daha çoxdur. Yəni vətəndaşlarla bağlı hər hansı problem yoxdur. Eyni şəkildə Türkiyə vətəndaşları da Azərbaycanda hər hansı bir sıxıntı görmürlər. Azərbaycana gəldikləri zaman hüquqi məsələlər istisna olmaqla, hər hansı problemlə qarşılaşmırlar. Dolayısıyla hər iki ölkənin cəmiyyəti bir-birini qəbul edir. Məzhəbsəl fərq kimi şeyləri uydurmaq, sadəcə bəhanələrdir. Türkiyədə də müxtəlif məzhəblər var, Azərbaycanda da. Bunlar modern cəmiyyətlər üçün sadəcə uydurmadır. Düşünürəm ki, hər iki dövlət hüquqi bazanı bir sistemə uyğunlaşdırdığı zaman hər hansı bir sıxıntı olmaz. Məsələn, Azərbaycan vətəndaşları da Türkiyədə əcnəbi kimi deyil, bir türk kimi təhsil alarlar. Eyni şəkildə Türkiyə vətəndaşları da Azərbaycanda bir Azərbaycan türkünün malik olduğu statusa malik olub, əcnəbi olmaqdan qurtararlar. İndiki məqamda vətəndaşlarla bağlı hər hansı problemin olacağını düşünmürəm. Təbii ki, bəzi vətəndaşlar buna etiraz edə bilərlər. Lakin bunun lokal şəkildə olması mümkün deyil. Yəni bu cür istisna hallar bizim işimizə əngəl törədə biləcək gücdə, həcmdə deyil.

"Azərbaycan dövləti bu cür ittifaqlarla gücünü artıracaqdır və bu da öz növbəsində, Qarabağ probleminin həllini tezləşdirə bilər"

- Sözügedən ittifaq Qarabağ probleminin həllində yardımçı ola bilərmi?

- Qarabağ problemi fərqli bir məsələdir. Artıq bu problem sadəcə Azərbaycanın deyil, yəni beynəlxalq səviyyəyə çıxarılıb. Lakin ittifaqın qurulması Azərbaycanı iqtisadi, siyasi və gələcəkdə hərbi cəhətdən gücləndirəcəyi üçün Qarabağ probleminin həllini daha da sürətləndirə bilər. Bu cür ittifaqın qurulması, əslində qonşu dövlətlərin Azərbayacana olan hörmətini, münasibətini daha da dəyişdirəcək, artıracaqdır. Ki, bu amili də nəzərə almaq lazımdır. Güclü dövlətə hörmət göstərərlər. Odur ki, Azərbaycan dövləti bu cür ittifaqlarla gücünü artıracaqdır və bu da öz növbəsində, Qarabağ probleminin həllini tezləşdirə bilər.

"Əgər biriləri bundan narahat olursa, o zaman bu cür insanların daha çox psixoloji məsləhətlərə ehtiyacları var"

- Necə düşünürsünüz, şimaldan Rusiya, cənubdan isə İranla həmsərhəd olan və vaxtaşırı onların basqılarını üzərində hiss edən Azərbaycanın Türkiyə ilə ittifaq dövləti qurmasına imkan verəcəklərmi? Sizcə, türk konfederasiyası və ya ittifaq dövləti ideyası kimlərin yuxusunu ərşə çəkə bilər?

- Unutmaq lazım deyil ki, birilərinin yuxusunun ərşə çəkilməsi bizim işimiz deyil. Bu, onların problemidir. Bizim işimiz Azərbaycan və Türkiyənin, dövlətimizin, millətimizin, qüdrətli, güclü olmasıdır. Qüdrətli və güclü olmaq birilərinin ərazilərinə iddia etmək, torpaqlarını əllərindən almaq deyil, bölgəyə sülh və sabitlik, təhlükəsizlik, haqq-ədalət gətirmək anlamına gəlir. Əgər biriləri bundan narahat olursa, o zaman bu, onların öz problemləridir. Bu cür insanların daha çox psixoloji məsləhətlərə ehtiyacları var.

"Dövlətimizi gələcəyə yönəlik layihələrdə gerçək anlamda irəliyə götürəcək ittifaqlara, birliklərə ehtiyac var"

- Gələcəkdə digər türkdilli ölkələrin də təklif etdiyiniz ittifaqda bir araya gəlməsi mümkündürmü? Yəni Avropa Birliyi modelində Türk Birliyi yaradıla bilərmi?

- Mən ümumiyyətlə, türkdilli kəlməsinə qarşıyam. Çünki türkdilli dövlətlər deyə bir şey yoxdur. Bu, ruscadan birbaşa tərcümədir. Türk dövlətləri var və yaxud türksoylu dövlətlər var. Türkdilli demək, əsli türk olmayıb türkcə danışan bir topluluqdur. Bu gün türkdilli dövlətlər arasına Almaniya, Rusiya, Bolqarıstan və Yunanıstanı da qatmaq mümkündür. Əslində türkdilli dövlətlər kənarda olduqca çoxdur. Amma TÜRKSOY-da təmsil olunanlar türk dövlətləridir. Onlar türk soylarından, boylarından formalaşıblar. Ona görə də türkdilli ifadəsinin işlədilməsini doğru hesab etmirəm.

Sualınıza gəlincə, hesab edirəm ki, türksoylu dövlətlərin bir araya gəlib Avropa Birliyi modelində Türk Birliyini yaratmaları mümkündür. Bugünkü müasir dünyada mümkün olmayan bir şey yoxdur. Sadəcə bunun üçün siyasi iradə, əzm və çox çalışmaq lazımdır. İstək olduqca önəmlidir. Deyə bilərsiniz ki, bu gün küçələrdə hər kəs rus dilində danışmağa çalışır. Bakı sizi aldatmasın. Bakı Azərbaycanın hamısı demək deyil. Bu gün yalnız Azərbaycanda yaşayanların deyil, kənarda yaşayanların da düşüncələrini göz önündə tutmaq lazımdır. Azərbaycan böyük dövlətdir, böyük bir millətdir. Azərbaycan türkləri bu gün dünyanın hər bir yerinə yayılıb, hər yerə səpələnmiş şəkildə yaşamaqdadırlar. Ona görə hər kəsin iradəsi burda çox önəmlidir. Bizim hər birimizim bir arzusu var. Hamımız dövlətimizin, millətimizin qüdrətli olmasını istəyirik. Yəni dövlətimizi gələcəyə yönəlik layihələrdə gerçək anlamda irəliyə götürəcək ittifaqlara, birliklərə ehtiyac var. Bizim təkliflərimiz də məhz bu şəkildədir.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}