İslam və türk dövlətləri Şərqi Türküstana NİYƏ ÖNƏM VERMİRLƏR?

İslam və türk dövlətləri Şərqi Türküstana NİYƏ ÖNƏM VERMİRLƏR?

 

Unutmaq lazım deyil ki, fələstinlilər din qardaşımızdırsa, uyğurlar həm din, həm can, həm də qan qardaşlarımızdır

İnsan hüquq və azadlıqlarından danışan, demokratiyadan dəm vuran, milli azlıqların toxunulmazlığını əldə bayraq edənlərin canında şiddətli Çin qorxusu var

Bu gün dünyada olduqca mürəkkəb proseslər cərəyan etməkdədir. Belə ki, siyasi, eyni zamanda bu və digər regionda həyata keçirilən hərbi əməliyyatları, onların başlanma səbəblərini analiz etdikdə aydın şəkildə görünür ki, hələ də super güclər arasında dünya hegemonluğu, eyni zamanda enerji resurslarına sahiblənmək uğrunda gərgin mübarizə gedir. Nədənsə məhz bu mövzudan söhbət düşdükdə ağla ilk olaraq ABŞ və Rusiya gəlir. Düzdür, onlar əzəli və görünən odur ki, əbədi rəqibdirlər. Elə buna görə də əlverişli məqam yetişdikdə dərhal biri digərini hədəfə alaraq, qarşı tərəfin mövqelərini zəiflətməyə çalışır. Son zamanlar Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar da bunun bariz sübutudur. Odur ki, bu, bir faktdır və inkarı mümkün deyil. Lakin bir məqamı unuduruq ki, dünya hegemonluğuna iddialı olan dövlət dedikdə, yalnız Rusiya və ABŞ nəzərdə tutulmamalıdır. Çünki hazırda yer üzərindəki əhalinin böyük bir hissəsinə sahib olan Çin Xalq Respublikasının da əsas məqsədi dünyanı nəzarəti altına almaqdır.

Diqqət yetirsəniz, görərsiniz ki, məhz qeyd olunan məqsəd uğrunda durmadan çalışan Çinin iqtisadiyyatı son illər ciddi şəkildə inkişaf edib və artıq okeanın o tayındakı ABŞ üçün real təhlükəyə çevrilib. Elə bu səbəbdəndir ki, rəsmi Vaşinqton Pekinin təsir dairəsini daraltmaq, onu hərbi, siyasi və iqtisadi cəhətdən zəiflətmək məqsədiylə bir sıra tədbirlərə baş vurur. Görünən odur ki, hələlik ABŞ-ın addımları elə də ciddi effekt vermir. Ona görə ki, Çin ABŞ, Rusiya, o cümlədən Avropa Birliyi ilə açıq mübarizədən çəkinərək, hələlik "vur və qaç" taksikası ilə proseslərə kənardan müdaxilə edir. Bununla yanaşı, Pekin Kremlə yaxın siyasət yetirməklə özünü bir növ ABŞ və müttəfiqlərinin həmlələrindən qorumağa çalışır. Belə olan halda isə Ağ Evin Çinlə bağlı siyasəti gözlənilən nəticəni vermir. Halbuki bu gün Fələstin məsələsinə görə İsraili ittiham edən beynəlxalq qurumlar, müsəlman ölkələri və bir sıra Qərb dövlətləri məhz eyni motiv üzündən Çini də şiddətli şəkildə qınaya bilərlər. Lakin hələ də buna cürət edən yoxdur. Görünür, durmadan insan hüquq və azadlıqlarından danışan, demokratiyadan dəm vuran, milli azlıqların toxunulmazlığını əldə bayraq edənlərin canında şiddətli Çin qorxusu var. Əgər belə olmasaydı, o zaman Çin rejiminin Şərqi Türküstanda müsəlman türkləri üzərində tətbiq etdiyi və insanlıq sərhədlərini aşan assimilyasiya siyasətinə kəskin reaksiya verən dövlət və ya hansısa beynəlxalq qurum tapılardı.

Məlumat üçün bildirək ki, uzun bir tarix boyunca Mərkəzi Asiyada qurulan türk dövlətlərinin və xanlıqlarının mərkəzi olmuş, bütün dünya türklərinin ata yurdu hesab olunan Şərqi Türküstan əhalisi 1949-cu ildən bu günə kimi Çinin əsarəti altında olmazın zülm görür. Məsələnin maraqlı tərəfi ondadır ki, İskit, Hun, Göytürk İmperatorluğuna, Uyğur dövlətinə, Qarluq və Qaraxanlılar İmperatorluğuna mərkəz olan, məhz Stalinin "xeyir-dua"sı ilə Çin tərəfindən işğal edilən bu Türk yurdunda olub-bitənlər, nədənsə beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqətlə qarşılanmır. Halbuki 1950, 1953, 1958, 1962, 1965 və 1968-ci illərdə dəfələrlə azadlıqları üçün mübarizəyə qalxmış uyğur türkləri rəsmi Pekinin apardığı assimilyasiya siyasəti nəticəsində sözün həqiqi mənasında soyqırımla üz-üzə qalıblar. Buna rəğmən, İslam dövlətləri hələ də Şərqi Türküstanda yaşanan qanlı olayları görməzdən gəlir. Fələstin problemini isə az qala hər gün önə çəkir, nüfuzlu beynəlxalq təşkilatları İsrailə təzyiq göstərməyə çağırırlar.

İslam və türk dövlətləri Şərqi Türküstana NİYƏ ÖNƏM VERMİRLƏR?

Elə zənn etməyin ki, bunu deməkdə məqsədimiz Fələstində körpə, qadın, qoca və cavanların qətlinə haqq qazandırmaqdır. Bu, əsla belə deyil. Orada hücuma məruz qalan, öz torpağı uğrunda öldürülən hər bir müsəlman bizim din qardaşımızdır. Odur ki, onların dərdi bütün İslam aləminin dərdidir və belə də olmalıdır. Lakin bu zaman bir məqamı da unutmaq lazım deyil ki, Fələstindəkilər din qardaşımızdırsa, Şərqi Türküstandakı uyğurlar həm din, həm can, həm də qan qardaşlarımızdır. Yəni bir fələstinli ilə bizi din birləşdirirsə, uyğurla həm din, həm dil, həm də qan bağlılığımız var. Ancaq nədənsə, İslam və türk dövlətləri Fələstinə can yandırdıqları qədər Şərqi Türküstana can yandırmırlar. Sanki Çin zülmü altında inləyən uyğurlar müsəlman və ya türk deyil. Diqqət yetirsəniz, görərsiniz ki, Suriyada, Fələstində, İraqda, hətta uzaq Afrikada belə, müsəlmanların işgəncəyə məruz qaldığını, mülki vətəndaşların xüsusi amansızlıqla qətlə yetirildiyini aləmə car çəkən, onların hüquqlarını qorumağa çalışan ölkələr Şərqi Türküstan məsələsində ağzına su alıb durublar. Niyə? Axı, İslam dininə görə, dilindən, milli mənsubiyyətindən, dərisinin rəngindən asılı olmayaraq, Yer üzərində zülm görən hər bir müsəlmandan onun din qardaşı məsuliyyət daşıyır. Belə olan halda, Fələstin məsələsini qabardıb Şərqi Türküstanda yaşanan olayları görməzdən gələnlərə nə ad vermək olar?..



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}