Bazar hara, kassa aparatı hara? - SAHİBKARLAR TƏZƏ ƏNGƏLLƏ ÜZLƏŞİBLƏR...

Bazar hara, kassa aparatı hara? - SAHİBKARLAR TƏZƏ ƏNGƏLLƏ ÜZLƏŞİBLƏR...

 

Məlum olduğu kimi bazarlarda, yarmarkalarda və ya səyyar kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilən digər məkanlarda alıcılara qəbz və ya hesabat blankı verilmir. Bu, başqa ölkələrdə də əsasən belədir və təbii qəbul oluna bilər. Bazarlardan vergitutmaları başqa formada-satış nöqtələrinin icarəyə verilməsindən sahibkarın əldə etdiyi gəlirdən həyata keçirilir, yaxud nəzəri baxımdan bu belədir. Hərçənd bazar və "talkuçka” sahiblərinin vergidən yayınmasının nə dərəcə irimiqyaslı olduğunu bilməyən yoxdur.

Lakin bazarlarda satıcıların kassa aparatlarının olmaması ölkədə vergi sahəsində şəffaflığın artırılmasına yönəlmiş islahatlar baxımından bəzi sahibkarlara ciddi problem yarada bilər. Çünki xərclərinin bir hissəsini bazarlardan hansısa kənd təsərrüfatı məhsulları almağa yönəldən sahibkarlar sonradan bu xərcləri rəsmiləşdirməkdə çətinlik çəkirlər.

Bəs bu problemin həll mexanizmi varmı? Dünya təcrübəsində pərakəndə ticarətdə leqallaşmaya necə nail olunur? Bazar və yarmarkalara kassa aparatlarının quraşdırılması nə dərəcədə realdır?

İqtisadçı ekspert Rəşad Həsənov virtualaz.org-a bildirir ki, Vergi Məcəlləsinə görə, bazarlarda, xüsusilə kənd təsərrüfatı məhsulları yarmarkalarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinin vergi öhdəliyi yoxdur. Onlar vergidən azaddırlar və buna görə də, onlar üçün kassa aparatı zərurəti yoxdur. Ekspert deyir ki, bu sahibkarlar üçün dövriyyənin leqallaşdırılması ilə bağlı müəyyən çətinliklər yaradır. Əslində qanunvericilik hazırlanarkən real bazar, mövcud infrastruktur nəzərə alınmalıdır, amma çox təəssüf ki, bu istiqamətdə ciddi nöqsanlar var.

R. Həsənovun sözlərinə görə, 2016-cı ilin yanvarından etibarən Azərbaycanda nağd dövriyyəyə məhdudiyyətlər tətbiq edilməyə başlanıb. Fiziki şəxslər üçün 15 min, hüquqi şəxslər üçünsə 30 min manat limit müəyyənləşdirilib. Amma Azərbaycanda infrastruktur buna cavab vermir. Belə şəraitdə sahibkarların, iri şirkətlərin 30 min manatla bir ay zəruri xərcləmələri həyata keçirmək imkanları yoxdur: "Təkliflər olundu ki, biznesin subyektləri üçün dövriyyəyə uyğun faizlərlə nağdlaşdırılma imkanları yaradılsın, amma bu da edilmədi. Son nəticədə bəzi vasitəçi, makler şirkətlər ortaya çıxıb və bunlar şirkətlərə nağdlaşdırma xidmətləri təklif edirlər. Bu xidmətlər fonunda 13-15 faiz komisyon istəyirlər. Bu da ciddi xərc yükü formalaşdırır”, - ekspert bildirir.

Dünya təcrübəsində bəzi şirkətlər öz dövriyyələrinin müəyyən bir qismini rəsmi sənədlərlə təsdiq etmədən həyata keçirə bilərlər. Ekspertin sözlərinə görə, bəzi ölkələrdə dövriyyənin 5 faizi həcmində, bəzilərində 13-14 faizinə qədər rəsmiləşdirilmənin aparılmadığı xərclər üçün imkanlar yaradılır. R. Həsənov hesab edir ki, kənd təsərrüfatı məhsullarının xərcləri də istehlakı kimi rəsmiləşdirilsə, bu zaman artıq sahibkarlar müəyyən qədər rəsmi kargüzarlıq işlərindən və proseduralardan azad olmuş olarlar.

"Amma bu çətindir, ona görə də, məcbur olub satışı həyata keçirən bəzi ticarət şəbəkələri ilə razılaşırlar. Belə şirkətlər üçünsə ticarət əlavəsinə vergi tətbiq olunur. Ona görə də, burada rəsmiləşdirmə gedir, qəbzlər, kassa mədaxil orderləri və sair təsbit etmək imkanları var. Bəzi hallarda isə şirkətlər məcburən həm dövriyyələrini, həm də xərclərini gizlədirlər. Nəticədə burada vergidən yayınmadan söhbət gedə bilir. Azərbaycanda bazarın böyük bir qismi illeqal fəaliyyət göstərir”-ekspert deyir.

İqtisadçının sözlərinə görə, Vergi Məcəlləsinə müxtəlif istiqamətlərdə 250-dən artıq dəyişikliklər edilib. Bu dəyişikliklərin də hədəflərindən biri hansısa formada kölgə iqtisadiyyatının payını azaltmaqdır. Çünki Dünya Bankının qiymətləndirməsinə görə, Azərbaycanda qeyri-neft sektorunda kölgə iqtisadiyyatının həcmi xeyli yuxarıdır.

R. Həsənov deyir ki, 2014-cü ildən əvvəlki dövr üçün göstərici daha da yüksək idi. Çünki şirkətlər ən yaxşı halda öz dövriyyələrinin 20 faizini leqallaşdıra bilirlər. 2014-dən sonra bu istiqamətdə müəyyən tədbirlər görülməyə başladı və bazarın leqal dövriyyəsinin genişləndirilməsinə gətirib çıxardı.

"Nağdlaşdırma da öz təsirini göstərdi. Nağdlaşdırma zamanı dövriyyənin 1 faizi həcmində xüsusi verginin tətbiqinə başlanılıdı . Azərbaycan kiçik bazardır, bu bazarda müəyyən şirkətlərə birbaşa tapşırıqlar verilir. Çünki bazar özü də tam şaxələnmiş bazar deyil, inhisarçılıq və nəzarət qrupları məlumdur. Bu qruplara müəyyən qeyri-rəsmi göstərişlər verməklə bir hissəsini leqallaşdırıblar. Gizli dövriyyənin miqyası xeyli böyükdür. Bu isə dövlət büdcəsində əhəmiyyətli dərəcədə itkilərə gətirib çıxarır. Əgər Azərbaycan həqiqətən kölgə iqtisadiyyatını azalda bilsə - qeyri-dövlət sektorundan söhbət gedir, bu zaman büdcə gəlirlərini 2-2,5 dəfə artırmaq mümkündür”, - iqtisadçı qeyd edir.

Ekspert deyir ki, artıq qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan Binə, Sədərək yarmarkalarında ticarət obyektlərinin sahiblərinə tapşırılıb ki, kassa aparatları quraşdırsınlar. Əvvəl burada ticarət obyektlərinin əhəmiyyətli hissəsi kassasız fəaliyyət göstərirdi. İqtisadçının sözlərinə görə, bazar və kənd təsərrüfatı məhsulları yarmarkaları vergi və kassa aparatı olmadan fəaliyyət göstərə bilər. Qanunvericiliyə dəyişiklik edilməyincə, hər kəs bu imkanlardan istifadə edəcək.

Bakının kənd təsərrüfatı məhsulları bazarlarında isə kassa aparatları və alıcılara aldıqları kartof-soğana, yaxud kələmə görə qəbz verilməsinin tətbiq edilə biləcəyi haqda hələ eşitməyiblər.

Problemlə bağlı Vergilər Nazirliyindən şərh almağa çalışdıq. Nazirlikdən bildirdilər ki, bu ildən problem həllini tapacaq və məsələ ilə bağlı ətraflı açıqlama veriləcək. Lakin bir neçə gün gözləsək də nazirlikdən həmin ətraflı cavabı ala bilmədik.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}