"Türkiyə NATO-dan çıxarsa, Rusiyanın və Çinin təsir dairəsinə düşəcək"

"Türkiyə NATO-dan çıxarsa, Rusiyanın və Çinin təsir dairəsinə düşəcək"

 

Ramil Məmmədli: "Eyni zamanda, güc strukturlarında Rusiyanın və İranın maraqlarına xidmət edən qüvvələrin sayı artacaq"

Məhəmməd Əsədullazadə: "Ərdoğan həm xarici, həm də daxili siyasətdə çətin sınaqla üzləşib"

"ABŞ-ı Türkiyə-Rusiya yaxınlaşmasının strateji mərhələyə qədəm qoyması narahat edir"

"Ağ Ev bunun qarşısını almaq məqsədiylə müəyyən təsir rıçaqlarından istifadə etməyə çalışır"

Artıq bir müddətdir ki, ABŞ okeanın o tayından qardaş Türkiyəyə yönəlik təhdidlər yağdırır. Belə ki, Ağ Ev rəsmi Ankaradan Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini almaqdan imtina etməyi tələb edir. Vaşinqton bəyan edir ki, əgər Türkiyə "S-400"ləri alarsa, o zaman ABŞ ona "F-35" qırıcılarını satmayacaq. ABŞ-ın vitse-prezidenti Mayk Pens isə bugünlərdə sözügedən mövzunu şərh edərkən, özünün "Twitter" səhifəsində bildirib ki, Amerika NATO üzrə müttəfiqlərinin ittifaqın birliyini təhdid edən rəqiblərin silahını əldə etməsinə hərəkətsiz qalmaq niyyətində deyil. Pens hesab edir ki, Türkiyə seçim etməlidir: "O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları - hansılar ki, bizim ittifaqımızı pozur - qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir".

Nəzərinizə çatdıraq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfəri zamanı həmkarı Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında məhz bu mövzuya dair mövqeyini bəyan edib. Belə ki, "Heç kim Türkiyədən "S-400" zenit-raket kompleksləri almaqdan imtina etməyi tələb edə bilməz" deyən Ərdoğan bunun ölkənin suveren hüququ olduğunu vurğulayıb: "Türkiyənin Rusiyadan "S-400" zenit-raket sistemi almasının üçüncü tərəfləri narahat edib etməyəcəyini bilmərik. Biz suverenliyi qeydsiz-şərtsiz millətinə aid bir ölkəyik. Suverenlik haqqlarımız üzərində bəzilərinin qərar verməsinə imkan verə bilmərik. O zaman millət, dövlət ola bilmərik. "S-400" zenit-raketlərlə əlaqəli yol xəritəmiz bəllidir. Hər şey bitmiş, indi bizdən qalxıb da "bundan imtina edin" deyə tövsiyə edənlər, deməli bizi də tanımırlar. Bundan imtina etməyimizi heç kəs bizdən istəyə bilməz".

Qeyd edək ki, NATO-nun 70-ci ildönümü münasibətilə Vaşinqtonda keçirilən NATO Xarici İşlər Nazirləri yığıncağında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə öz növbəsində, Türkiyənin Rusiyadan alacağı "S-400" zenit-raket sistemlərinin tamamilə Türkiyənin nəzarətində olacağını, bunların NATO sistemlərinə və "F-35" qırıcılarına hər hansı təhdid təşkil etməyəcəyini bir daha bəyan edib. Türkiyə ilə ABŞ-ın "F-35" döyüş təyyarələri və "S-400" zenit-raket sistemləri barədə fərqli düşüncələri olduğunu deyən Çavuşoğlu bu məsələni də müzakirə etdiklərini bildirib: "Türkiyə çoxtərəfli xarici siyasət izləyir. Bölgəmizdə Rusiya ilə qonşuyuq və bölgədəki hər kəs Rusiyadan qaz alır. Rusiya bizim ticarət tərəfdaşımızdır. ABŞ isə bizim NATO müttəfiqimizdir. NATO-nun şərqdəki və Qara dənizdəki bütün əməliyyatlarını dəstəkləyirik. Hər kəslə yaxşı əlaqələrimizin olmasını və bunların balanslı olmasını istəyirik. Münasibətdə hər hansı şəkildə bir seçim etmək məcburiyyətində deyilik".

"Türkiyə "S-400" zenit-raket kompleksləri ilə bağlı məsələdə çox ciddi siyasi bazarlıqla məşğuldur"

Картинки по запросу Ramil Məmmədli

Beləliklə, mövzu ilə əlaqədar mövqeyini "Hürriyyət"lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, Türkiyə "S-400" zenit-raket kompleksləri ilə bağlı məsələdə çox ciddi siyasi bazarlıqla məşğuldur: "Belə ki, "S-400"ün funksiyasını həyata keçirən zenit-raket komplekslərinin alınması ilə bağlı ABŞ-ın bir az gecikdirməsinin qarşılığında, Türkiyənin "S-400"ə üstünlük verməsi və artıq satınalmaların həyata keçirilməsinin birinci mərhələsinin arxada qalması Ankaranın Vaşinqtondan almaq istədiyi bəzi hərbi və hərbi-siyasi amillərlə ələqəlidir. Qeyd edim ki, artıq Türkiyə bununla bağlı ciddi manevrlər edə bildi. Şübhəsiz ki, bununla da Ankara Vaşinqtonu qıcıqlandıracaq və ABŞ-ı düşündürəcək addımlar atdı".

"Türkiyə "F-35"in yaradılması üçün ABŞ-ın "Lockeed Martin" şirkətinə böyük maliyyə ödəmişdi və buna görə də qırıcıların verilməməsi mümkün deyil"

Rusiyanın NATO ölkəsi olan Yunanıstana da "S-300" zenit-raket komplekslərini satdığını xatırladan hərbi-siyasi icmalçı qeyd edib ki, həmin vaxt ABŞ-ın bununla bağlı heç bir naharatlığı olmayıb: "Əslində, ABŞ-ı Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması deyil, bundan sonra Türkiyə-Rusiya yaxınlaşmasının strateji mərhələyə qədəm qoyması narahat edir. Odur ki, Ağ Ev bunun qarşısını almaq məqsədiylə müəyyən təsir rıçaqlarından istifadə etməyə çalışır. Bu təsir rıçağı isə "F-35" müasir çoxtəyinatlı döyüş təyyarəsidir. Qeyd edim ki, uzun illər öncə bu döyüş təyyarəsinin hazırlanması ilə bağlı konsorsium yaradılmışdı. Türkiyə də həmin konsorsiumda yer almışdı, ciddi sərmayə ilə bu işdə iştirak etmişdi. Yəni Türkiyə "F-35"in yaradılması üçün ABŞ-ın "Lockeed Martin" şirkətinə böyük maliyyə ödəmişdi. Məhz bu səbəbdən də "F-35" qırıcılarının Türkiyəyə verilməməsi mümkün deyil. Çünki ilk gündən ABŞ və Türkiyə müqavilədə bir yerdə iştirak ediblər. Lakin məsələnin süni şəkildə gecikdirilməsi və digər problemlər ortaya çıxa bilər. Bildiyiniz kimi, əvvəl Vaşinqton tərəfindən belə bir bəyanatlar səsləndirilirdi ki, əgər Türkiyə Rusiyadan "S-400" zenit-raket kompleksləri alarsa, o zaman biz "F-35" qırıcılarını Türkiyəyə verməyəcəyik. Sonrakı mərhələdə isə bəlli oldu ki, "F-35"lərin verilməməsi ilə bağlı prosedur yoxdur. Yəni bu qırıcılar mütləq verilməlidir".

"Çox istərdim ki, Türkiyə NATO ilə münasibətlərin korlanmasına səbəb olacaq addım atmasın"

Bu gün ABŞ-ın Türkiyəyə qarşı yeni təsir mexanizmindən - qardaş ölkənin NATO-dan çıxarılması məsələsindən istifadə etdiyini vurğulayan Ramil Məmmədli hesab edir ki, bunun baş verməsi daha təhlükələdir: "Göründüyü kimi, artıq növbəti bəyanatlar bu səpkidə səsləndirilməyə başladı. Əlbəttə, bu, daha təhlükəli və təsirlidir. Çünki Türkiyə-NATO əməkdaşlığının uzun illərə dayanan bir tarixi var. Ümumiyyətlə, Türkiyə məhz NATO-nun sayəsində sovet Rusiyasının təsirlərindən qoruna bilib. Buna görə də ümid edirəm ki, Türkiyə bu prosesdə bir qədər manevrli addım atacaq. Çox istərdim ki, Türkiyə NATO ilə münasibətlərin korlanmasına səbəb olacaq addım atmasın. Lakin görünən odur ki, qarşıda ABŞ-ın NATO formatında təzyiqlərinin artması daha da çoxalacaq. Fikrimcə, bu yolla Türkiyəyə başa salmağa çalışacaqlar ki, Rusiya ilə strateji əməkdaşlığın bizimlə düşmənçiliyə çevrilə bilər".

"CHP və MHP-nin mövqelərinin güclənməsi Rusiya-Türkiyə strateji əməkdaşlığını bir qədər zəiflədəcək"

Hərbi-siyasi icmalçı bu qənaətdədir ki, Türkiyədə bu prosesi dayandıra biləcək yeganə amil siyasi dəyişiklik ola bilər: "Yəni Ərdoğan hakimiyyəti birmənalı olaraq Rusiya ilə iqtisadi əlaqələrin sonradan strateji əlaqələr mərhələsinə mevrilməsinin tərəfdarı kimi çıxış edir. Bu isə Ərdoğanın siyasi mövqeyinin güclənməsi ilə bağlıdır. Hesab edirəm ki, qarşıdan gələn seçkilərdə CHP və MHP-nin mövqelərinin güclənməsi Rusiya-Türkiyə strateji əməkdaşlığını bir qədər zəiflədəcək. Amma hələlik bu məsələ ilə bağlı top artıq ABŞ, o cümlədən NATO tərəfdədir. Odur ki, onların atacağı addımdan sonra Türkiyənin nə edəcəyi, proseslərin hansı istiqamətə doğru gedəcəyi bəlli olacaq. Lakin hər bir halda, hesab edirəm ki, artıq ABŞ və NATO-nun təzyiqləri ikinci formata keçib. Onu da nəzərinizə çatdırım ki, Türkiyənin NATO-dan çıxması qardaş ölkəyə ciddi ziyan vuracaq. Belə ki, Türkiyənin güc strukturlarında Rusiyanın, eyni zamanda İranın maraqlarına xidmət edən qüvvələrin sayı artacaq. Bununla da Türkiyə Rusiyanın, sonra isə Çinin təsir dairəsinə düşəcək".

"Vaşinqtonun Türkiyəni NATO-dan çıxarmaqla bağlı təhdidləri ABŞ-ın siyasi demoqogiyasıdır"

ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

Bu arada, "Hürriyyət" xəbər verir ki, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə Türkiyənin hakim partiyası olan AKP üçün çox çətin vəziyyətin yarandığını bildirib: "Bir tərəfdən Rusiya ilə "S-400" razılaşmasına görə ABŞ-ın sanksiyaları ilə üz-üzədir, bir tərəfdən də seçkidə böyük şəhərləri müxalifətə uduzdu. Seçkidə CHP-nin qalib olmasını qəbul edərsə, siyasi dayaqları zəifləyəcək. Yenidən səslər sayılıb Yıldırm sədr seçilsə, əhalinin kütləvi narazılığı ilə qarşılaşacaq. Bu da AKP-nin nüfuzdan düşməsinə gətirəcək. Göründüyü kimi, AKP tarixinin ən böyük problemi ilə qarşı-qarşıyadır. Həm xarici siyasətdə, həm də daxili siyasətdə Ərdoğan çətin sınaqla üzləşib. Bir tərəfdən Rusiya ilə "S-400" razılaşmasından imtina edərsə, o zaman Moskva ilə əlaqələr zərbə alacaq. "S-400" raketlərini alarsa, onda da Vaşinqtonun sanksiyalarına məruz qalacaq".

Hazırda rəsmi Vaşinqton tərəfindən Ankaraya çox ciddi siyasi təzyiqlərin edildiyini deyən politoloqun sözlərinə görə, ABŞ-ın Türkiyəyə qarşı bu siyasəti qəbuledilməzdir və qardaş ölkənin suverenliyinə təhdiddir: "Qeyd edim ki, Türkiyə ABŞ-la dialoqa gedib bu problemi həll edəcək. Amma bundan sonra yenidən Rusiya ilə silah müqaviləsi bağlanmayacaq. Amma "S-400"ün ilkin partiyası müqaviləyə əsasən Türkiyəyə veriləcək. Vaşinqtonun Türkiyəni NATO-dan çıxarmaqla bağlı təhdidləri isə ABŞ-ın siyasi demoqogiyasıdır. Burada ABŞ itirə, Türkiyə isə Rusiya və Çinlə yaxınlaşaraq yeni siyasi qütb yarana bilər".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}