“Yayılan səs yazısı montajdır” - Nemət Pənahlı İsgəndər Həmidovu söymədiyini iddia edir

 

Aprelin 28-də Real TV-də tanınmış telejurnalist Mirşahin Ağayev öz müəllif proqramında Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıya aid olduğu iddia edilən sensasiyalı səs yazısı təqdim edib. Həmin səs yazısında sabiq daxili işlər naziri İsgəndər Həmidova qarşı söyüşlər, ağır ittihamlar da yer alıb.


Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının təsisçilərindən İsgəndər Həmidov isə "Yeni Müsavat”a açıqlamasında məsələyə ciddi əhəmiyyət vermədiyini bildirib: "Biz əxlaqlı insanıq, namaz qılırıq, belə məsələlərə əhəmiyyət verməyi düzgün saymıram. Nemət Pənahlı ilə zamanında bir-birimizi kifayət qədər tənqid eləmişik. Mən fikirləşirəm ki, bütün belə hallara bizim zəhmətimiz, əxlaqlı davranışımız, Azərbaycan Xalq Hərəkatında görülən işlər cavab verəcək. Nemət Pənahlı bu gün mənə iki dəfə zəng edib danışmışıq. Mənə dedi ki, bizi qəsdən üz-üzə qoymaq istəyirlər, səsimi montaj ediblər. Mirşahin Ağayev barədə isə mən mənfi danışmaq istəmirəm, onunla çörək kəsmişəm. Səs yazmaq və montaj məsələsinə gəlincə, Azərbaycanda ”ştirlislər" o qədər çoxalıb ki, o işin də artıq şitini çıxarıblar. İş görməyən adamlar iş görən adamları həmişə tənqid və təhqir edir.

Ona görə də mən Nemət Pənahlıya əlavə hansısa söz demək istəmirəm. Mən inanmıram ki, Nemət mənə qarşı əxlaqdan və səviyyədən uzaq sözlər işlədib. İşlədibsə, Nemət bəy özü cavab verər. Mənə dedi ki, işlətməmişəm, montajdı, mən də inandım, dedim ki, yaxşı eləmisən. Qarşıda ali məqsədim var. Onlara çatmaq istəyirəm. Bunların hamısı ona görə edilir ki, bizi hədəfdən yayındırmaq istəyirlər. Hədəfdən də yayınan deyilik. Biz bir-birimizi kifayət qədər tənqid etmişik, ancaq düşmənçilik etməmişik. Ona görə fikir vermirəm. Daha doğrusu, başımı elə xırda məsələlərə qatmaq istəmirəm. Daha böyük, ali məqsədlərim var".

"Nemət Pənahlının AXH üzvlüyünə qayıtması və bərpa olunması gözlənilir” sualına İ.Həmidov belə cavab verdi: "Qayıdıb-qayıtmaması Nemət Pənahlının özünün verəcəyi qərardır. Qəbul edilib-edilməməsi isə AXH-nin İdarə Heyəti həll edəcək məsələdir. AXH-nin mayın 5-nə Məclisi keçiriləcək. Mayın 5-də bütün suallara cavabı Məclis verəcək”. 

Nemət Pənahlı isə modern.az-a açıqlamasında yayılan səs yazısının qurama olduğunu deyib: "Onu Azərbaycan Xalq Hərəkatında İsgəndər Həmidovla dalaşdığım vaxt yazıblar. Bir onu deyə bilərəm ki, yayılan səs yazısı montajdır. Bu işdə bir qurama olub. Belə ki, İsgəndər Həmidovla Xalq Hərəkatında toqquşduq. Müxtəlif adamlar mənə zənglər etdilər. Guya mənim adamlarım kimi İsgəndərə hücum çəkmək istəyirlər. Ancaq heç bir təxribata getməmişəm. Səs yazısını Qarabağ qaziləri, Qurtuluş Partiyasının üzvləri yazıblar. Onların qərargahında oturmuşuq. 4 gün söhbətimiz olub. Onların təkliflərindən imtina etmişəm".

O, İsgəndər Həmidovla heç vaxt dost münasibətində olmadığını da söyləyib: "İsgəndər Həmidovla heç vaxt dost-qardaş mahnısı oxumamışam. O, daxili işlər naziri olarkən onunla ziddiyyətim olub. İnternet kanallarına baxsanız, görərsiz ki, tənqidi fikirlərimi İsgəndər Həmidova canlı efirdə demişəm. Onunla millət xatirinə bir araya gəlmişik, dost-qardaş münasibətlərinə görə yox. Onun da, mənim də kifayət qədər tərəfdarımız var. Aramızda olan ziddiyyəti 1992-ci ildən bütün cəmiyyət bilir. Aydındır ki, İsgəndərlə dalaşdığım vəziyyətdə onu tərif edəsi deyiləm”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}