“Dövlət qurumları investorlar qarşısında əsassız tələblər irəli sürürlər” - Vahid Əhmədov

“Dövlət qurumları investorlar qarşısında əsassız tələblər irəli sürürlər” - Vahid Əhmədov

 

"İnvestisiya ilə əlaqədar müəyyən sənədlərin hazırlanması və bəzi tələblərin irəli sürülməsinə dair ciddi iradlar var”.

 
 

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin yerli və xarici investorların fəaliyyətinə yaradılan süni manelərin aradan qaldırılmasına yönəlik fikirlərinə münasibət bildirən millət vəkili Vahid Əhmədov deyib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünən keçirilən 2019-cu ilin 1-ci rübünün sosial-iqtisadi inkişafın yekunlarına dair müşavirəsində ölkədə çox münbit investisiya mühitinin yaradıldığını qeyd edib.

Bununla belə, dövlət başçısı bəzən yerli və xarici investorların fəaliyyətinə süni maneələrin, bürokratik əngəllərin yaradıldığını vurğulayaraq, bu kimi halların yolverilməz olduğunu diqqətə çatdırıb.

Bu barədə Yenicag.az-a danışan millət vəkili Vahid Əhmədov prezidentin qeyd etdiyi iradların tam əsaslı olduğunu bildirib:
"Təəssüf ki, bu, yeni məsələ deyil. Azərbaycanın inkişafı üçün ölkəyə investisiyaların – istər xarici, istərsə də daxili – cəlb olunması böyük əhəmiyyət daşıyır. Ölkəyə investisiya qoyuluşuna əngəl olan maneələrin aradan qaldırılması çox vacibdir.

İnvestisiya ilə əlaqədar müəyyən sənədlərin hazırlanması və bəzi tələblərin irəli sürülməsinə dair ciddi iradlar var. Dövlət qurumları investorlar qarşısında əsassız tələblər irəli sürürlər. Bu barədə bizə də investorlardan, sahibkarlardan çox sayda müraciətlər daxil olur. Konkret desək, bu sahədə xoşagəlməz faktlar var.

Azərbaycan sabit və suveren dövlətdir. Ölkədə sabitliyin olması sərmayə yatırılması üçün ən başlıca şərtlərdən biridir. Yəni xarici, yaxud da yerli investor yatırdığı sərmayənin taleyindən arxayın olmalı, rahat şəkildə işləməlidir, onlardan heç kəs nəsə tələb etməməlidir.

Ancaq yenə də təəssüflə deməliyik ki, bəzi dövlət qurumlarında bu məsələ hələ ki tam şəffaflaşmayıb. Ona görə də, cənab prezident bütün bunları nəzərə alaraq, bir daha xəbərdarlıq etdi ki, ölkəyə investisiya qoyuluşunda heç bir maneə olmamalı, investorlar üçün "yaşıl işıq” yandırılmalıdır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}