COLAN TƏPƏLƏRİ BARƏDƏ QƏRARIN YARATDIĞI TƏHLÜKƏLİ PRESENDENT: Tramp bütün işğalçılara, o cümlədən Ermənistana girəvə verir

COLAN TƏPƏLƏRİ BARƏDƏ QƏRARIN YARATDIĞI TƏHLÜKƏLİ PRESENDENT: Tramp bütün işğalçılara, o cümlədən Ermənistana girəvə verir

 

Conatan Kuttab

 

"Project Syndicate”, 03.05.2019

Donald Tramp administrasiyasının ən pis xarici siyasət qərarı nədir?

Paris İqlim Müqaviləsindən çıxma pis idi. 2015-ci ildə İranla nüvə razılaşmasından çəkilmə ABŞ-ın əvvəlki administrasiyaları tərəfindən imzalanmış beynəlxalq müqavilələrə hörmət edilməməsi siqnalı idi. Bu yaxınlarda ABŞ hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinin hədələnməsi də qlobal idarəetmə və sülh üçün çox pis nəticələrə səbəb ola bilər.

Lakin Trampın ən pis qərarı layiq olduğu diqqəti özünə çəkməyib. 1981-ci ildə İsrailin Colan Təpələrini qeyri-qanuni birləşdirməsinin martın 25-də qəfil tanınması ilə, Tramp İkinci Dünya müharibəsindən sonra beynəlxalq sabitliyin əsasını qoymuş əsas prinsipi pozub. İsrailin ilhaqını tanıma Yaxın Şərq və kənarda olduqca təhlükəli bir presedent yaradır.

1945-ci ildən sonra dünya ölkələri birbaşa güc tətbiqi ilə, zəif qonşularının ərazisini işğal etməkdən çəkinib. Bu prinsipi pozma cəhdləri (Küveytdə İraq, Ukraynada Rusiya, Şərqi Qüdsdə və Colanda İsrail kimi) bütünlüklə qınanıb.

Bu prinsip Yaxın Şərqdə 1967-ci ilin Altıgünlük müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasının 242 nömrəli qətnaməsinin preambulasına daxil edilib. O zaman İsrail Suriyanın Colan Təpələrini ələ keçirmişdi. 1990-cı illərin ortalarından etibarən həmin prinsip beynəlxalq hüququn təməlinə çevrilib.

ABŞ səlahiyyətliləri İsrailin Colan Təpələrini "müdafiə” döyüşündə əldə etdiyini söyləyərək Trampın qərarına haqq qazandırmağa çalışıblar. Bundan başqa, onların sözlərinə görə, Suriyada vətəndaş müharibəsi hökm sürür və ölkənin indiki lideri Bəşər Əsəd torpağı geri almağa layiq deyil.

Ancaq "müdafiə müharibəsi” söhbəti cəfəngiyatdır. Qərb dövlətləri, beynəlxalq insan haqları təşkilatları və hüquqşünaslar, o cümlədən İsraildən olan bəzi ekspertlər, ərazinin zorla alınmasında beynəlxalq hüququn müdafiə və ya hücum müharibəsi arasında fərq qoymadığını təsdiqləyirlər.

Çünki müharibədə hər iki tərəf özünü müdafiə etdiyini iddia edə bilər. İsrail 1967-ci ilin iyununa müharibəni preventiv başladığına istinad edir, guya Misirin hücumdan qorxduğu üçün buna əl atıb, ərəblər isə həmin müharibəyə təcavüz kimi istinad edirlər.

Trampın Colan Təpələri üzərində İsrailin suverenliyini tanıması sabitsizləşdirici təsirə sahibdir. İsrail baş naziri Binyamin Netanyahu Colan qərarından sonra, Vaşinqtondan dönən kimi, Qərb Şəriyyənin ilhaqından söz açıb. Belə bir hərəkət İsrail-Fələstin münaqişəsinin iki dövlətli, sülh yolu ilə həll olunma imkanını tamamilə məhv edir.

Üstəlik, Trampın qərarı başqa ölkələrə qonşuları ilə ərazi mübahisələrini güc yolu ilə həll etmək üçün yaşıl işıq yandırır. Müharibə yolu ilə qazanılmış ərazilər artıq legitimləşsə, Rusiyanın Krımı özünə birləşdirməsi, Səudiyyə Ərəbistanının Yəmənin bəzi bölgələrinə iddiası və ya İraqın Küveyti 19-cu əyaləti sayması tələbinə etiraz etmək daha da çətin olur. Afrika, Asiya və Avropanın bir çox başqa ölkələrində də tarixi və ya qəbilə iddiası ilə qonşu ölkələrin müəyyən hissələrini ələ keçirmə iştahası yarana bilər.

Nəhayət, İsrailin Colan Təpələrini ilhaq etməsinin tanınması oradakı Suriya əhalisinin beynəlxalq hüquqi qorunmasını təhlükəyə atır. 1949-cu ilin Dördüncü Cenevrə Konvensiyası sülh bərpa olunana və ərazi işğalçı qoşunlardan təmizlənməyənə qədər hərbi işğal altındakı mülki əhalinin qorumasını nəzərdə tutur. Konvensiya işğalçı ölkəyə mülki əhalisini işğal olunmuş ərazilərə köçürməsini də qadağan edir (buna görə də, İsrailin bütün yaşayış məntəqələri beynəlxalq hüquqa uyğun olaraq qanunsuzdur). Bu, İsrailin işğal olunmuş Fələstin ərazisində divar ucaltması ilə bağlı 2003-cü ildə Beynəlxalq Məhkəməsinin qərarı ilə təsdiqlənib. Bundan əlavə, işğalçı qüvvə qanuni olaraq təbii sərvətləri, tarixi əsərləri və resursları işğal olunmuş ərazilərdən mənimsəyə bilməz. İlhaq isə tamamilə qadağandır.

Onilliklər ərzində ardıcıl demokrat və respublikaçı administrasiyalar İsrailə dəstək versələr də, Şərqi Qüdsdə və Colan Təpələrində İsrailin birtərəfli hərəkətlərini tanımayıblar. Onlar, həmçinin Cenevrə Konvensiyasının qaydalarına riayət ediblər. Amma Tramp administrasiyası bu uzunmüddətli Amerika siyasətini təəccüblü şkildə özündən itələyib. O, işğalı inkar edib, ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürüb, Colan Təpələrinin qeyri-qanuni birləşdiriməsini tanıyıb və Netanyahunun Qərb Şəriyyə ilə bağlı planının müzakirəsini rədd edib.

Trampın hərəkətləri Amerikanın hazırladığı İsrail-Fələstin sülh planına kömək etməyəcək. Colan Təpələri ilə əlaqədar olan qərarın təsirləri yalnız Yaxın Şərqlə məhdudlaşmır. Trampın ən pis xarici siyasət qərarı ən təhlükəli nəticələr doğura bilər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}