"Həmsədrlərin ölkəmizə son səfəri danışıqlara zərbə vurub" - POLİTOLOQLARDAN AÇIQLAMA

"Həmsədrlərin ölkəmizə son səfəri danışıqlara zərbə vurub" - POLİTOLOQLARDAN AÇIQLAMA

 

Elxan Şahinoğlu: "Putin yaxın günlərdə Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüş təşkil edə bilər"

Məhəmməd Əsədullazadə: "Separatçıların danışıqlarda tərəf olması Lavrovun planıdır və Moskva çalışır ki, Azərbaycana bu yolla təzyiq etsin"

"Şahin Mustafayev Paşinyanın yalanla dolu açıqlamalarına cavab olaraq mətbuat konfransı keçirib işğalın mahiyyətini jurnalistlərə anlatmalıydı"

Bugünlərdə Rusiyanın Sankt-Peterburq şəhərində "Davamlı inkişaf gündəmini müəyyən etmək" devizi altında 23-cü Beynəlxalq İqtisadi Forum keçirilib. Qeyd edək ki, forumda iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bu barədə yayılan informasiyada deyilir ki, görüş zamanı Rusiya-Ermənistan strateji tərəfdaşlığı, regional əməkdaşlıq və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, o cümlədən Dağlıq Qarabağ məsələsi müzakirə olunub.

Onu da nəzərinizə çatdıraq ki, sözügedən forum ərəfəsində Nikol Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi barədə kəskin bəyanat verib. Belə ki, Ermənistanın baş naziri hakimiyyətə gəlişinə qədər Dağlıq Qarabağ "hakimiyyəti"nin münaqişəyə dair danışıqlar prosesinin detallarından və mahiyyətindən xəbərsiz olduğunu bəyan edib. O, Dağlıq Qarabağın qondarma "prezidenti" Bako Saakyanı və onun köməkçisi David Babayanı nəzərdə tutaraq bildirib ki, Dağlıq Qarabağ "rəhbərliyi"ni ilk dəfə danışıqlara dair sənədlərlə tanış edib, əvəzində isə onlardan "torpaqları satmaq" barədə ittihamlar eşidib: "Mən Dağlıq Qarabağın hərbi-siyasi rəhbərliyi ilə bir neçə dəfə görüşlər keçirmişəm və Qarabağ münaqişəsinin həllinə dair öz baxışlarımı çatdırmışam. Maraqlanmışam ki, onlar mənim baxışlarımla razıdırmı. Və aydın olub ki, hamı razıdır. Bütün bunlardan sonra həmin masa arxasında oturan adamlar əlaltdan təxribatlara əl atır və deyirsə ki, bu hökumət torpaqları satır, o zaman məndə sual yaranır. Mən bu adamla məxfi söhbət etmişəm ki, hansı addımlarla irəli gedəcəyik, sonra isə həmin adam çıxıb öz köməkçisinə deyir-get Facebook-da yaz ki, Paşinyan torpaqları satır? O nəyə görə bunu edir?"

Bu arada, erməni politoloq Yervand Bozoyan isə hesab edir ki, İrəvanla Qarabağ separatçıları arasında gərgin münasibətlər Qarabağdakı seçkilərlə bağlıdır. Bu barədə axar.az-da yer alan məlumata görə, Bozoyan Nikol Paşinyanın birbaşa tərəfdaşı olmadan meydanı özü üçün təmizləməyə cəhd etdiyini bəyan edib: "Paşinyan hakimiyyətə gəldikdən sonra parlamentdə üstünlüyü ələ keçirdi. O, indi çalışır ki, məhkəmə hakimiyyətinə də nəzarəti əlinə alsın. Hazırda Paşinyan üçün Qarabağdakı hakimiyyətdə ona tərəfdaş olmayan şəxsin oturması qəbuledilməzdir. Maraqlı məqam odur ki, Qarabağda bir-biriylə mübarizə aparan qüvvələr Paşinyanla əlaqələrə sahib deyillər. Bəziləri Paşinyanın Qarabağdakı adamının Araik Arutyunyan olduğunu deyirlər, lakin onun Qarabağdakı reytinqi çox aşağıdır. Birbaşa tərəfdaşı olmadan Paşinyan meydanı özü üçün təmizləməyə cəhd edir, yəni Arutyunyanın potensial rəqiblərini hədəfə götürür".

Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, "Regnum" agentliyinin şərq şöbəsinin baş redaktoru Stanislav Tarasov isə erməni mətbuatına verdiyi müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, danışıqlar prosesində kifayət qədər anlaşılmaz vəziyyətin yarandığını deyib: "Çünki qapalı, yəni gizli tərkib var. Eyni zamanda, ziddiyətli bəyanatlar, layihələr barədə müzakirələr, ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən rəsmi şəkildə dövriyyəyə buraxılmış "Madrid prinsipləri" və Ermənistanın daxili siyasi prosesləri mövcuddur". Tarasov həmçinin, bölgədə müharibə bitmədiyinə görə, müharibə məqamının həm daxili, həm xarici siyasətdə nəzərə alınmalı olduğunu dəfələrlə söylədiyini xatırladıb: "Azərbaycan xarici işlər nazirinin "Azərbaycan vaxt vermişdi" deyə verdiyi bəyanat onu deməyə əsas verir ki, Düşənbə və onun ardınca davam edən görüşlər, sərhəddəki sakitlik Azərbaycanın istəyi üzərində qurulub. Məqsəd Ermənistanın yeni hakimiyyətindən danışıqlar masasında güzəşt əldə edilməsi olub. Biz bilmirik ki, danışıqlar zamanı tərəflər mövqelərini necə dəyişir və ya formalaşdırır, hansı məqamlardan söhbət aparılır, xəbərimiz olmasa da, hazırda məntiqli bir nəticə çıxarmağa çətinlik çəkirik".

"Rusiya hakimiyyəti əsəbləri tarıma çəkilən Azərbaycan ordusunun irəli gedib uğur qazanmasını istəmir"

Картинки по запросу Elxan Şahinoğlu

"Hürriyyət"in məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüş təşkil edə bilər: "Cəbhə bölgəsindəki vəziyyət Putini narahat etməyə bilməz. Əlbəttə, Moskva "Qarabağ klanı"na nəzarət edir, ancaq müharibə Kremlin maraqlarına cavab vermir. Çünki Rusiya hakimiyyəti əsəbləri tarıma çəkilən Azərbaycan ordusunun irəli gedib uğur qazanmasını da istəmir. Ona görə də Kreml üçün ən münasib variant status-kvonu qorumaqdır. Bunun üçün isə tərəfləri görüşdürüb yenidən atəşkəsə riayət etməyə razı salmalıdır". Bununla yanaşı, Nikol Paşinyanın da Sankt-Peteburqdakı iqtisadi forumda iştirak etdiyini xatırladan politoloqun sözlərinə görə, Ermənistanın baş naziri azərbaycanlı jurnalistlərdən birinin sualına cavab olaraq ağzına gələni danışıb:"Əvvəlcə deyib ki, "yüzillərlə öz torpaqlarında yaşayan ermənilər bu torpaqları işğal edə bilməzdilər". Paşinyan sonra keçib futbolçu Mxitaryanın Bakıya gəlməməsinə, Bakıda Mxitaryan formasında gəzən azarkeşin polis tərəfindən "saxlanılmasına" və "Turan" agentliyinin əməkdaşının İrəvana rahat səfər etməsindən danışıb. Paşinyanın bu dediklərinin hamısının arqumenləşdirilmiş cavabını vermək olardı. Çox axtardım bizim agentlik və ya televiziya əməkdaşlarından Paşinyana verilən suala və cavaba rast gəlmədim. Halbuki, Paşinyana sual verən jurnalistimiz heç olmazsa Ermənistanın baş nazirinin cavabının ilk cümləsinə bu şəkildə yerindən replika verməliydi: "Nə vaxtdan Şuşa, Kəlbəcər, Ağdam və digər işğal altındakı ərazilər ermənilərin olub, məgər orada yüzillərlə ermənilər yaşayıb, bəs hanı orada yüzillərlə yaşayan azərbaycanlılar?" Digər tərəfdən, Sankt-Peterburqda Azərbaycanı iqtisadi inkişaf naziri Şahin Mustafayev təmsil edib. Şahin Mustafayev Paşinyanın yalanla dolu açıqlamalarına cavab olaraq qarşılıqlı mətbuat konfransı keçirib işğalın mahiyyətini jurnalistlərə anlatmalıydı. Bu olmayıbsa, deməli Sankt-Peterbuqra toplanan jurnalistlər və siyasi ekspertlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalnız Paşinyanın mövqeyini dinləyiblər. İnformasiya müharibəsi belə olmur".

"Türkiyə ilə Azərbaycan arasında davam edən "Sarsılmaz qardaşlıq" taktiki-döyüş atışlı təliminin keçirilməsi, bundan əlavə mütəmadi hərbi təlimlər münaqişə ətrafında müəyyən dəyişikliyə xidmət etməlidir"

Картинки по запросу Məhəmməd Əsədullazadə

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ölkəmizə son səfəri danışıqlara zərbə vurub. Onun fikrincə, həmsədrlərin səfərinin məqsədi rəsmi Bakıya danışıqlarda Paşinyanın təklif etdiyi erməni separatçılarının tərəf kimi qatılmasının zəruriliyini qəbul etdirmək idi: "Artıq rəsmi İrəvan Qarabağdakı separatçıların danışıqlarda tərəf olmasını açıq qabardır və bunsuz problemin həlli olmadığını qeyd edir. Minsk Qrupunun həmsədrləri də Paşinyanın bu təklifi ilə razılaşıb. Əsasən Moskva və Paris bu qərarı dəstəkləyir. Göründüyü kimi, Paşinyan bu planla danışıqları manipulyasiya edir. O, yaxşı bilir ki, Azərbaycan buna getməyəcək".

Separatçıların danışıqlarda iştirakının mümkün olmadığını vurğulayan politoloq bildirib ki, Paşinyan iqtidarı artıq danışıqları sabotaj edir: "Moskva da proseslərdə Ermənistanın yanındadır. Məhz separatçıların danışıqlarda tərəf olması Lavrovun planıdır. Moskva çalışır ki, Azərbaycana bu yolla təzyiq etsin. Buna baxmayaraq, rəsmi Bakı Qərblə, xüsusu ilə Vaşinqtonla intensiv danışıqlar aparmalıdır. Türkiyə ilə Azərbaycan arasında davam edən "Sarsılmaz qardaşlıq" taktiki-döyüş atışlı təliminin keçirilməsi, bundan əlavə mütəmadi hərbi təlimlər münaqişə ətrafında müəyyən dəyişikliyə xidmət etməlidir. Danışıqlarda hərbi ritorika üstünlük təşkil etməlidir. Bir məsələni qeyd edim ki, maraqlı tərəf olaraq Qarabağda yeni formalaşan erməni icması ilə Azərbaycan icması arasında dialoq baş tuta bilər. Hazırkı məqamda isə Xankəndində Koçaryan və Sarkisyana bağlı terrorçu qrupların icma kimi fəaliyyəti qanunsuzdur. Paşinyan çalışır ki, gələn il qondarma rejimə seçkilərdə öz adamını icma başçısı seçdirsin və onun buyruqları burada keçərli olsun. Beləliklə, Ermənistana güzəşt limiti bitir və biz getdikcə aprel uğurunun diplomatiyada təsirini azalda bilərik. Ona görə də müdafiə deyil, hücum taktikası ilə irəliləməliyik".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}