ERMƏNİLƏRİN “QARABAĞ XALQI” KARTI İŞLƏMƏDİ - Mnatsakanyanın sərt ritorikasının səbəbi aydınlaşır

ERMƏNİLƏRİN “QARABAĞ XALQI” KARTI İŞLƏMƏDİ

 

Bratislavada ATƏT-in Minsk Qrupunun himayəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçirilən görüşdən sonra tərəflərin səsləndirdiyi bəyanatlar təkcə həmin görüşün gərginliyindən deyil, həm də hazırda danışıqlar prosesində yaranan situasiyanın mürəkkəbliyindən xəbər verir. Xüsusilə də Ermənistan tərəfinin sərt ritorikaya üstünlük verərək, daxili siyasi arenaya "oynadığı” göz önündədir. 

işlər naziri Zöhrab Mnatsakanyanın Bratislavadakı görüşdə yenidən "Qarabağ xalqı” kartını ortaya atması da təsadüfi deyil. "Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ sülh yolu ilə tənzimlənmənin fundamental prinsipi və əsasıdır. Bu prinsipin tanınması Qarabağın yekun statusunun müəyyənləşdirilməsinin məhdudlaşdırıla bilməyəcəyini və birmənalı olaraq qəbul edilməli olduğunu nəzərdə tutur. "Məhdudiyyətsiz” termini Qarabağ xalqının Azərbaycanın yurisdiksiyası, suverenliyi və ərazi bütövlüyündən kənarda öz statusuna qərar vermək hüququnu göstərir”, - Mnatsakanyan bildirib. 

Təbii ki, bu mövqe Azərbaycan üçün birmənalı şəkildə qəbuledilməz olduğu kimi, həmsədrlərin mövqeyilə də uzlaşmır. Paşinyan hökumətinin bütün cəhdlərinə baxmayaraq, Ermənistanın özündə də hazırkı hakimiyyətin Qarabağ danışıqlarındakı mövqeyi ciddi tənqidə məruz qalır. Sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sözçüsü A.Aşotyan son mətbuat konfrasında Paşinyan hökumətini vaxt itirməkdə günahlandırıb və onun ötən ilyarım ərzində önə sürdüyü ideyalardan geri çəkilərək, Sarkisyanın komandasının formalaşdırdığı danışıqlar paketinə geri döndüyünü bildirib. A.Aşotyan hətta Bratislava görüşündə baş verənlərin bir qisminin cəmiyyətdən gizlədildiyini də iddia edib.

Görünən odur ki, söhbət hazırkı Ermənistan rəhbərliyinin danışıqlar prosesinə "Qarabağ xalqı”nı da qoşmaq ideyasının gözlənilən nərticəni verməməsindən gedir. Elə Zöhrab Mnatsakanyanın məlum görüşdən sonrakı sərt ritorikası da bununla bağlıdır. Belə ki, həmin görüş ərəfəsində artıq Azərbaycan tərəfi rəsmi Bakının mövqeyini əks etdirən sənəd yaymışdı. Həmin sənədin mahiyyəti erməni tərəfinin Azərbaycandan birtərəfli güzəştlər tələbini, həmçinin "Qarabağ xalqının” qondarma rejimin timsalında prosesdə iştirakını istisna edirdi. Təbii ki, bu da erməni naziri qıcıqlandıran əsas məqamlardan biridir.

 

 

Bununla yanaşı, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya son səfərində Azərbaycan və erməni icmalarının Dağlıq Qarabağın statusunu birgə müəyyən etməsinin vacibliyinə dair bəyanatı Ermənistanın "Qarabağ xalqı” "ideyası” və planları ilə qətiyyən üst-üstə düşmür. Ona görə də, Lavrovun həmin bəyanatının erməni tərəfində qıcıq və xəyal qırıqlığı yaratdığı da şübhə doğurmur.

Bunu qondarma DQR rejiminin sözçüsü David Babayanın bəyanatı da təsdiqləyir. Belə ki, S.Lavrov xalqlar, icmalar arasında dialoq qurulmasının, Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkilinin məhz Rusiyanın təşəbbüsü olduğunu demişdi. Sözsüz ki, bu mövqe digər həmsədrlərlə də razılaşdırılmışdı. "DQR prezidentinin” sözçüsü D.Balayan isə icmalararası dialoqun erməni tərəfi üçün tamamilə qəbuledilməz olması və heç vaxt buna gedilməyəcəyilə bağlı bəyanatla çıxış edib. Bu, erməni tərəfinin açıq şəkildə Rusiyanın təşəbbüsü ilə razılaşmadığını və hər zaman onu himayə edən rəsmi Moskvanın mövqeyindən narazı qaldığını göstərir.

Bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, hazırkı Ermənistan hakimiyyəti ideoloji cəbhədə getdikcə daha çox itkilər verməyə başlayır. Bu, həm daxili siyasət, həm də beynəlxalq arenadakı uğursuzluqlarla bağlıdır. Xüsusilə də Qaregin Njde məsələsi, bu faşist canisinin Rusiyanın Armavir şəhərindəki xatirə lövhəsinin sökülməsi, eləcə də İrəvanda qoyulmuş heykəlilə bağlı təzyiqlərin artması, məsələnin Rusiya ilə münasibətlərə, eləcə də ölkənin beynəlxalq imicinə mənfi təsir göstərməsi hazırkı hökuməti çətin duruma salıb. Yəqin ki, Azərbaycanın ölkə başçısı tərəfindən Njde mövzusu qaldırılanda Ermənistan tərəfi məsələnin bu qədər dərinə gedəcəyini güman etmirdi...

Görünür, ideoloji cəbhədə aldığı zərbələr və danışıqlardakı "Qarabağ xalqı” ideyasının gözlənilən effekti verməməsi Ermənistan tərəfinin Qarabağ mövzusunda Bratislava görüşündən sonra sərt ritorika ilə çıxış etməsini şərtləndirən əsas məsələlərdir. Hansı ki, bu mövqe vasitəçilərin Qarabağ münaqişəsinin ədalətli və davamlı şəkildə nizamlanması, eləcə də ərazilərin güc yolu ilə ələ keçirilməsini istisna edən Helsinki Yekun Aktının prinsiplərinə ziddir.

Lakin belə sərt mövqe nümayişi elə Ermənistan müxalifətinin də etiraf etdiyi kimi, heç bir müsbət nəticə vermir və hakimiyyət yenə də ilyarım bundan əvvəlki mövqeyə qayıtmağa məcburdur. Çünki Paşinyan hökumətinin ritorikası Ermənistan barəsində qeyri-ciddi siyasi oyunçu təəssüratı formalaşdırır və ATƏT-in Minsk Qrupu həmsədrləri üçün də qeyri-məqbul sayılır. Ən azı ona görə ki, həmin ritorika Məmmədyarov-Mnatsakanyan görüşünün yekunlarına dair vasitəçilərin yaydığı Azərbaycan-Ermənistan bəynəlxalq sərhədləri və cəbhə xəttində zorakılıq səviyyəsinin aşağı olmasına dair bəyanatına ziddir və gərginliyin artmasına xidmət edir.

Cəlal MƏMMƏDOV 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}