Müxalifət nəyə hazırlaşır?

 

Siyasi partiyaların əksəriyyətinin başı parlament seçkilərinə qarışıb; qurultaya hazırlaşanlar da var; regionda gedən proseslər müxalifət üçün ciddi sınaq vəd edir...

Müxalifət partiyalarının əksəriyyətinin başı parlament seçkilərinə qarışıb. Müsavat, REAl, ADP, AĞ və digər siyasi təşkilatlar deputatlığa namizədliyini irəli sürən üzvlərinin kampaniyasına kökləniblər. Seçkiyə getməyənlər isə sosial media üzərində fəallıq göstərməklə müxtəlif hadisələrə tənqidlərini bildirməklə kifayətlənir.

Hazırda ölkənin ictimai-siyasi səhnəsində seçkidən başqa heç bir hadisə, aktivlik yoxdur. Müxalifət partiyaları mitinq keçirmək təşəbbüsləri ilə də çıxış etmir, qarşıdakı həftələrdə aksiyalar gözlənilmir. Ona görə müxalifət üçün 2020-ci il 2019-cu ilin sonu kimi başlayıb. Halbuki 2019-cu ilin yanvarında mitinq olmuşdu, oktyabrında daha bir aksiya keçirilmişdi.

Bu mitinqlər Milli Şura tərəfindən təşkil edilsə də, digər siyasi qüvvələr də fəallıq nümayiş etdirmişdilər. Azərbaycan Xalq Hərəkatı (AXH), Müsavat Partiyası mitinq-piket üçün Bakı meriyasına müraciət etmişdilər. O baxımdan 9 fevral - parlament seçkilərinə qədər müxalifətin başqa fəaliyyətinin olacağı gözlənilmir. Bəs ondan sonra, ümumiyyətlə, 2020-ci ildə müxalifət nələri hədəfləyib, planlar nədir?

Əhəd Məmmədli ile ilgili görsel sonucu

AĞ Partiya sədrinin I müavini Əhəd Məmmədli 2020-ci ildə əsas fəaliyyət istiqamətinin təşkilatlanma üzərində olacağını açıqladı. Onun sözlərinə görə, bu partiya üzvlər, tərəfdarlar və təəssübkeşlər seqmenti üzərində qurulmuş təşkilatdır. Ə.Məmmədli hazırda partiyanın 25 namizədlə parlament seçkilərinə qatıldığını bildirdi: "Hazırda gündəm seçkidir. Bu, bizim üçün güclənmək, təşkilatlanmaq baxımdan fürsətdir. Artıq partiyanın ideoloji elektoratı qurulur və 2020-ci ildə təşkilatlanmanı gücləndirməyi hədəfləmişik”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu ile ilgili görsel sonucu

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu partiyanın əsas hədəfinin qurultay keçirmək olduğunu söylədi. Bildirdi ki, təzə ildə təşkilatlanma, ölkənin demokratikləşməsi uğrunda mübarizə, cari məsələlərin müzakirəsi də partiyanın gündəmində olacaq: "Biz partiya olaraq parlament seçkilərində iştirak etməmək qərarı vermişik və səbəbini açıqlamışıq. 2020-ci ildə müxalifət ölkənin dəyişməsi, demokratik şəraitin yaxşılaşması üçün mübarizə aparmalıdır”.

AMİP katibi Əli Orucov ile ilgili görsel sonucu

AMİP katibi Əli Orucov dedi ki, 2020-ci il Azərbaycana çox ciddi hadisələrlə qədəm qoyub: "Parlament seçkilərinin ən aktiv mərhələsi, bildiyiniz kimi, yeni ilin ilk aylarına təsadüf edir. Cəmiyyətdə, o cümlədən siyasi düşərgələrdə bir ümidlənmə və toparlanma müşahidə edilməkdədir. Bunun da başlıca səbəbi həm də ondan ibarətdir ki, prezident genişmiqyaslı islahatlar vəd edərək, bu istiqamətdə müəyyən addımlar atır. Müxalifət olaraq, biz də bu islahatların daha geniş və dərin vüsət alması üçün dəstəyimizi əsirgəməyəcəyimizi bəyan etdik. 9 fevralda keçiriləcək parlament seçkilərindən sonra formalaşdırılacaq ali qanunverici orqanın yeni tərkibi siyasi münasibətlərin də formalaşdırılmasında və yenilənməsində həlledici rol oynayacaq”.

Ə.Orucovun sözlərinə görə, bu seçki sanki siyasi proseslərin istiqamətinin və cəmiyyətin reaksiyasını  təyin edəcək lakmus kağızı olacaq: "Və dəqiq aydınlaşacaq ki, hakimiyyət islahatlara nə qədər hazır və iradəlidir. Ölkədə və dünyada hadisələr elə gözlənilməz şəkildə gedir ki, nəinki müxalifət düşərgəsi bu hadisələrə adekvat davranış sərgiləyə bilmir, ümumilikdə ən təcrübəli analitiklər bunu proqnozlaşdırmaqda çətinlik çəkirlər. Bununla belə, dəyişməyən xətt var: Azərbaycanın milli və dövlət mənafelərinin qorunması, demokratiya, insan hüquq və azdlıqlarının təmini məsələsi. AMİP-də daxil olmaq üzrə bütün sağlam müxalif düşərgənin il ərzində yürüdəcəyi siyasətin təməli bu sadaladığım prinsiplər və istiqamətlər üzrə olacaq. Müxalifəti çox ciddi mübarizə gözləyir”.

AMİP katibi partiyanın bu il öz qurultayını keçirməyi planlaşdırdığını da dedi: "Qarşımızda duran hədəflərdən biri də partiyanın beynəlxalq əməkdaşlığını daha da gücləndirmək və xarici müttəfiqlərimizlə əlaqələrimizi dərinləşdirməkdir. Biz çox istərdik ki, müxalifət düşərgəsi indiki durumdan və böhranlı vəziyyətdən çıxa bilsin. Bu istiqamətdə də üzərimizə nə düşürsə etməyə hazırıq”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}