Boykotçular dərin sükut və məyusluq içərisində

 

Elçin Mirzəbəyli: "Qəbul olunan qərarın yanlışlığı ortalıqdadır”’

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində ölkənin siyasi düşərgəsinin əksər partiyaları iştirak edəcək. Onların sayı 19-dur. Bununla belə, Milli Şura başda olmaqla, tək-tük siyasi qurumlar var ki, seçkiləri boykot ediblər. Onların bu qərarları ilə bir nəticə qazanmadıqları göz önündədir.

Boykotçular sükuta qərq olublar. Adətən praktikada görmüşük ki, bir siyasi təşkilat seçkini boykot edirsə, bu istiqamətdə işlər görür, yəni qərarını əsaslandırmağa çalışır. Ölkəmizdə isə tərsinədir. Boykotçular seçkilərdə iştirakdan imtina etmələri ilə işlərini bitmiş sayırlar.

Əvəzində seçkilərdə iştirak edən siyasi partiyalar gündəmdədir. Onların namizədlərinin sosial şəbəkələrdə, mediada ciddi təbliğatları gedir. "Boykot partiyaları” isə demək olar ki, siyasi səhnədə yoxdurlar.

Bir faktı da qeyd edək ki, 9 fevral seçkilərində ölkənin ən köklü partiyaları iştirak edəcək. Nümunə kimi, Müsavat, AMİP, ADP kimi qurumların adını çəkə bilərik. Bu isə indidən parlament seçkilərinə legitimlik qazandıracaq əsas amillərdən biridir. Bu o anlama gəlir ki, boykotçular siyasi təbliğatları üçün ən önəmli faktorlardan sayılan parlament seçkilərində iştirak etməməklə əslində böyük səhvə yol veriblər.  Boykot qərarları ilə nəyə nail olduqları, nə üçün bu qərarı verdikləri məlum deyil.  

Картинки по запросу Elçin Mirzəbəyli:

Seçkilərdə iştirak edəcək qurumlardan sayılan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli boykot qərarının seçkilərə heç bir təsirinin olmayacağını söylədi: "Əvvəla, özünü Milli Şura adlandıran siyasi qrupun heç bir hüququ statusu yoxdur ki, onun seçkini boykot edib-etməməsindən danışa bilək. Bu məntiqlə kimsə özünü Napoleon Bonapart elan edib, Vaterloo döyüşündə məğlub olmadığını da deyə bilər. Digər tərəfdən, Milli Şura adlanan qurumda bir sıra siyasi partiyaların nümayəndələri, o cümlədən Müsavat, Vətəndaş Həmrəyliyi partiyalarının üzvləri təmsil olunurlar ki, həmin partiyaların hətta sədrləri də seçkilərdə iştirak ediblər. Məsələn, adını çəkmək istəmədiyim bir partiyanın yüksək statuslu funksioneri Milli Şurada seçkiləri ”boykot" edir, partiyanın sədri və digər funksionerləri isə mandat uğrunda mübarizə aparırlar. İndi bunun adını "boykot” qoyurlarsa, o zaman mən də seçkiyə qatılmadan özümü qalib elan edə bilərəm. Əslində sarkazmı bir kənara qoysaq, bütün bunlar Milli Şuranın diskussiya klubundan başqa bir şey olmadığını sübuta yetirir. Reallıqda isə "boykot” yoxdur. Seçkidə uğursuzluğa düçar olacaqlarını yəqinləşdirən siyasilərin prosesdən kənarda qalmaq üçün sığındıqları bir siyasi termin var. Sadəcə, hələ sinonimini tapa bilməyiblər. Siyasətdə "boykot” sözünün "ignoring” (iqnor) kimi sinonimi də var. İnşallah, gələn seçkilərdə istifadə edərlər..."

E.Mirzəbəyli fikirlərinə bu cür davam etdi: "Milli Şura adlanan qrupun sonuncu icazəsiz aksiyasının da iflasa uğrayacağı öncədən hər kəsə bəlli idi. Amma buna baxmayaraq, aksiyaya biabırçı bir cəhd oldu və nəticədə həm özlərini siyasi proseslərdən, həm də himayəçilərini idarəçilikdən kənarda saxladılar. Nəticədə isə bir siyasi qrup olaraq həm ideoloji, həm də mənəvi baxımdan əzildilər. Normal siyasi düşüncə sahibləri belə vəziyyətdə adətən siyasi səhnəni tərk edirlər. Amma təbii ki, söhbət normal düşüncə sahiblərindən gedir. Seçki istənilən siyasi partiyaya öz təbliğatını qurmaq imkanı verir. Bu bir şansdır və bir siyasi institut kimi inkişafını arzulayan siyasi təşkilat bu şansdan mütləq istifadə etməlidir. Seçkidə iştirak edənlərin sayı isə, bildiyiniz kimi, kifayət qədər çoxdur. Namizədlərin təbliğat kampaniyasına heç bir maneə yaradılmır, sərbəst şəkildə görüşlərini keçirir, təbliğatlarını aparırlar. Artıq indidən qəbul olunan qərarın yanlışlığı ortalıqdadır. Təbii ki, seçkidən dərhal sonra öz mövqelərini əsaslandırmaq üçün Azərbaycanın açıq düşmənləri ilə eyni düşərgədən ”atəş açmaq" cəhdləri olacaq. Amma bunun effektiv nəticə verməyəcəyi qənaətindəyəm".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}