SİYASİ QİYMƏT VERİLDİ... - ...və “keşiş qaponlar” rahat nəfəs aldılar

SİYASİ QİYMƏT VERİLDİ...

 

Dərd o deyil ki, kimsə vələdüzinalığını büruzə verir və hətta bununla fəxr edir. Dərd odur ki, özünü qələm ərbabından sayan "jurnalist” bu vaqiədən soyuqqanlılıqla yazır, bu azmış kimi, sonra elə bivec, elə arsız adamların sözlərini qəzet səhifələrinə çıxarır ki, mat-məəttəl qalırsan.

Düşmənə, ələlxüsus din və millət xainlərinə ovunmaz kin saxlamaq, qan-namus qisasını yerdə qoymamaq üçün hər vasitəyə əl atmaq və s. bu kimi təqdirəlayiq əməllər azərbaycanlının alnına yazılmayıb. Bu sözlərimdən heç kim qəzəbnak olmasın!

Yanvar qətlamından sonra fikirləşdim ki, yəqin bu xarabada daha rus dilində danışan tapılmaz.

Xocalıda baş verən dəhşətdə canilərin yüzü erməni idisə, bütöv bir alay (!!) zabit də, əsgər də, tər-təmiz rus idi. Rus şovinistləri qərinələr boyu din qardaşları ermənilərin aftafalarını qəzdirsələr də, başlarından gedib ayaqlarından gəlsələr də, erməni öz milli qürurunu qoruyur, o rusun qarşısında bizim kimi əyilmir. Ermənistanda əgər Mübariz kimi bir igid olaydı və kimsə durub onun xatirəsini təhqir edəydi, belə adamın evini başına uçurub nəslinin kökünü kəsərdilər. Bizdə isə bir zinadan törəyən ağzına gələn nəcasatı dörd yana səpələyir, nə bir təyin olunmuş deputat dillənir, nə də bir titullu "ziyalı”.

Nəhayət, bir əlil döyüşçü zinakarı məhkəməyə çəkməyə nail olur. Dəqiq bilirəm ki, Prezident Aparatında oturmuş rus kəşfiyyatının rezidentinin göstərişi əsasında proses aydan-aya yubadılır.

Yerimək mənim üçün çətin olsa da, beş dəfə Xətai məhkəməsinə gəldim, istəyirdim işin məğzini öyrənim. Eşitdiyim bu sözlər idi: "Ağsaqqal, Sizdən başqa buraya gələn yoxdur, hər şeyi özünüzə dərd eləməyin. Nəyiksə buyuq”. Biganə, laqeyd kütlənin gözü qarşısında şəhidin ruhunu təhqir etmiş şərəfsiz üçün iş kəsdilər, o neçə saat hansı cəhənnəmdəsə ictimai işlə məşğul olmalıdır(?). Bu açıqdan-açığa heysiyyatı həqarətə məruz qalmış təmiz əqidəli insanların sifətlərinə tüpürmək idi.

Qəzəbimdən əsirəm, bir saray məddahının nazı ilə oynayan bizim məhkəmələr mənim kimi heydən düşmüş veteranın qocalıq təqaüdünü əlindən alırlar, amma şəhidi təhqir etmiş zinakarı layiq olduğu cəzadan yayındırırlar.

Bəziləri deyə bilərlər ki, a kişi, 20 ay səni pulsuz-parasız qoydular, amma indi Allaha şükür elə ki, iki yüz manat alırsan. Bu pulla ailəliklə Antalyaya istirahətə gedə bilərsən, istənilən müxəlləfatı alıb mənzilini abıra salarsan, üst-başını düzəldib ən bahalı konsertlərdə lap birinci cərgədə oturarsan, bütün dəvət olunmuş toylara gedərsən və.s. Yaxşısı budur, sus, Əli Həsənovun iblis şəbəkəsi hələ də fəaliyyətdədir, "boz kardinal” kimi tanınan Ramiz Mehdiyevin kadrlarının əksəriyyəti iş başındadır, həyatını cəhənnəmə döndəriblər, bir quru canın qalıb, səni o dünyaya səssiz-küysüz göndərmək onlar üçün asandır. "Texnologiya” bəllidir, ya yaxınlarını üstünə qaldırarlar, ya ən murdar şayiələr yayıb səni intihara sürükləyərlər. Artıq-əskik edəni də bircə kəlmə ilə susdurarlar. Əşşi, yaşı keçmişdi, infarktı da vardı, vəssalam.

Günahımı bilirəm! Çünki vaxtilə barmaq uzadıb ideoloji boşluğun yaranmasında, millətin mənən sınmasında maraqlı olan, ancaq və ancaq mənfəətlərini güdən konformist dəstənin ən fəal üzvlərini göstərmişdim. O, illər boyu Azərbaycanda misilsiz fədakarlıqla maarifçilik sistemini quran kişilərin zəhmətini heçə çıxaran, təhsil müəssisələrini murdar "Kubinka”ya döndərən Misir Mərdanov və onun əlaltıları deyildimi?

Səhnədən, efirdən qovulmalı olan hər naqisə fəxri adları verdirən mədəniyyət sahəsində görülən gözəl işlərə pəl vuran Fatma Abdullazadə deyildimi?

Əli Həsənovun "nəcib fəaliyyəti” hələ tamam açılmayıb. Bütün məsuliyyətimlə deyirəm, iqtidar mətbuatını iflic vəziyyətə salan, yaxınlarını hara gəldi təyin edən (təki pul gəlsin!) Əli Həsənovun eqidası altında çap olunan qəzetlərdə nələrin baş verdiyini gözümlə görmüşəm.

Telekanallarda hərcayılığın, ədəbsizliyin baş alıb getdiyini, doğma dilimizin bir ovuc "mavinin” əli ilə  çarmıxa çəkilməsini, "gözəl” əxlaqı ilə ad qazanmış ənlikli, kirşanlı "sənətçilərin” həyasızlığa salıb ekrandan camaata qeyrət-namus dərsi keçmələrini Ramiz Mehdiyev görmürdü?

İri məmurları qapısında amadə durmağa vadar edən Ramiz ağa telesutenyorları yerində oturda bilməzdi?

Ramiz ağa hər şeyi görürdü də, bilirdi də, amma əlini ağdan qaraya vurmadı. Məni qınayan tapılacaq, niyə mən, o kişi yüksək vəzifədə olanda danışmadım? Məqalələrimin sayı-hesabı yoxdur, fəxr edirəm ki, yazdıqlarımı, dediklərimi nə bir titullu həpənd yazıb, nə bir alimnüma deyib. Hamı qorxub, çəkinib, mən binəva isə gecəni gündüzə qatdım, sözümü dedim, axırda da dilənçi gününə düşdüm. Bir "ziyalı” səsimə səs vermədi.

Yerin behşit olsun Habil Əliyev!

Şou biznes həşəratı hələ təzə-təzə qudurmağa başlamışdı, gənc nəslə "örnək ola bilən” əxlaqı, həyat tərzi ilə ad çıxaranlara hələ fəxri adlar verilməmişdi, amma ayıq-sayıq insanlar millətin mənəvi aləminin üstünü almış təhlükəni görürdülər. Təəssüflə başlarını bulayanlar vardısa, amma mətbuatda mərdi-mərdanə sözünü deyən hələ gözə dəymirdi. Hamı düşünürdü ki, belə biabırçılıqlar müvəqqəti məsələdir, ötüb keçəcək, baş qoşmağa dəyməz. Daha bilmədilər ki, yavaş-yavaş qəddini dikəltməyə başlamış, ağır məğlubiyyətə baxmayaraq ordusunu yenidən qurub onu ən müasir silahlarla təchiz edən, iqtisadiyyatda dönüşə nail olmuş Azərbaycan keşiş-mason dünyasının gözünə bıçaq kimi batır.

Nəyin bahasına olursa-olsun milləti əsrlər boyu bütün qəzavü-qədərlərdən üzü ağ çıxartmış estetik, etik dəyərlər murdarlanıb ayaqlar altına atılmalı idi.

Hələ əlli-altmış il bundan əvvəl qədim toy adət-ənənələrimizə qarşı başlamış "məxməri” təxribat bizim günlərdə özünün apogey nöqtəsinə çatıb. Kütləvi sərxoşluq, böyük-kiçik saymadan qızların, gənclərin (!!) ortaya düşüb göbək oynatmaları, bayağı ifalar, qulaq batıran "musiqi”, mütrüf kimi tanınan ləyaqətsiz məxluqların hörmət yiyəsi olması, daha nələr, nələr....

Azərbaycan gəlini hara, ağ paltar hara? Görün neçə ildir səlib dünyasından bu murdar adət bizə keçib. Bir nüfuzlu şəxs indiyə qədər qabağa çıxıb deməyib ki, atəşpərəstlik dövründə ağ rəng matəm rəngi sayılıb, türk dünyasında gəlinə ağ paltar geyindirməyiblər. Toylarda kübarlar atılıb-düşüb oynamayıblar, ümumiyyətlə kişilərin ortaya girməsi böyük qəbahət sayılırdı. Kəndistan yerində aşağı təbəqənin, rəiyyətin yallı getməsini bura qatmaq lazım deyil.

Uzatmaq istəmirəm... Zəhmli bədii şuraların aradan çıxması, peşəsinə, milli mədəniyyətinə hörmət qoyan şəxslərin bir-bir dünyadan getməsi, pulgir lotu-potunun tekanallarda külli-ixtiyar sahibi olmaları, sutenyorların arzusu ilə qondarma müsabiqələrin keçirilməsi və digər xoşagəlməz amillər yetişən nəslin zövqünü tamam məhv elədi.

Nəzarətsizlikdən sui-istifadə edən şorgöz pullu nuvorişlərin köməyi ilə daha o əxlaqsız qalmadı ki, efirdə, estradada istədiyini eləməsin.

Başı daha vacib işlərə qarışmış cənab Prezidentdə vaxt nə gəzirdi ki, oturub vaxt-bivaxt artıq efirdə tüğyan edən vakxonaliyaya baxıb tədbir görəydi. O, cibindən, karyerasından başqa heç bir şey barədə düşünməyən simasız "ziyalı” zümrəsinə arxayın idi.

Bu zümrə üçün o daha nələr etməmişdi? Təqaüdlər, imtiyazlar, mənzillər, fəxri adlar dolu kimi yağdı. Senzuranın, müəyyən məhdudiyyətlərin götürülməsi qələm zinakarlarının qol-qanadını açdı. Dünya xəritəsində iki dövləti dəqiq, dürüst göstərə bilməyən danabaş, Türkiyədə, hansısda Avropa ölkəsində kitablarının nəşr olunmasından danışdı.

Heç kim sezmədi ki, Üzeyirlərin, Səttarların, Cavidlərin, Azad Mirzəcanzadələrin, Xudu Məmmədovların, Lətif Kərimovların, Fikrət Əmirovların gülşənində qanqallar boy atır.

Son 15-20 ildə nə qədər istəsəniz oratoriya, kantata, opera, simfonik əsər və s. bəstələnib. Amma Vətəninin yarısını itirmiş, arsız məmurların, sırtıq görməmişlərin əllərində girinc-giriftar olmuş millətə heç nə təsir eləmir.

Telekanalların əyləncə proqramlarını izləyin, mərifəti, niyəti, mənəviyyatı təmiz insanların ikrah hissilə baxdıqları zaurların, çingizlərin, elgizlərin təbliğ etdikləri "mədəniyyət”göz qabağındadır.

Görün bizim telekanallar kimlərə etibar edilib! Mən şəxsən özlərini liman şəhərlərinin eyş-işrət yerlərinin sakinlərinə bənzədən qadın "müğənni”lərə, danışığını bilməyən telekanalı "balaqana” döndərmiş sırtıq aparıcılara, heyvərə seriallara baxanda azərbaycanlı olmağımdan utanıram.

Misilisiz virtuoz Habil Əliyevin 25 il bundan əvvəl etdiyi xəbərdarlıq yerində idi: "Uşaqlarınızı bu mədəniyyətdən qoruyun!” Küçə-bazara çıxsan hər tində professora, akademikə, "xalq.....”a, "əməkdar....”a  rast gələrsən. Hamısı da telekanala çıxanda, ya da görüş zad keçiriləndə dil-dil ötür ya məddahlıq edir ya da nəsihətbazlıq.

Bu bivec qoşun-ləşkərdən bir kişi çıxıb Habil Əliyevin səsinə səs vermədi. Mən bunların nəyinə hörmət edim?

...Ramiz Mehdiyevin eqidası altında fəaliyyət göstərən böyük aparat, yağ-bal içində yaşayan məmur güruhu on illər ərzində ölkənin ideoloji mühitinin, cəmiyyətin mənəvi aləminin yad təsirlərdən qorunması üçün heç nə etmədi. Həm istəmədilər, həm də bacarmadılar.

Əgər bu yarıtmaz həngamə ideoloji iş sayılırsa, bəs təxribat nəyə deyirlər?



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}