Fransadan sığınacaq alan azərbaycanlıların sayı azalır - səbəb

 

"Sığınacaq hüququ yalnız işgəncələrə, təqiblərə məruz qalan, həyatı təhlükədə olan şəxslərə verilir”

Fransanın paytaxtı Parisdə küçədə yaşayan 1400 nəfər idman zalları və yataqxanalara yerləşdirilib. Həmin şəxslərin arasında Azərbaycan vətəndaşları da var.

Xəbər verildiyi kimi, Parisin "Aubervilliers” məhəlləsində yol kənarlarında gecələyən və qanunsuz yollarla ölkəyə gələn miqrantlar polisin keçirdiyi genişmiqyaslı əməliyyatla saxlanılaraq idman zalları və yataqxanalara yerləşdiriliblər. Onların arasında miqrasiya polisinə kimliklərini təsdiq edən hər hansı bir sənəd verməyən və əksəriyyəti gizli olaraq Almaniya, Niderland və Belçikadan qaçaraq Fransaya gələn 21 Azərbaycan vətəndaşı da olub.

Fransa polisi "Təhlükəsiz ölkə” kateqoriyasına aid ölkə vətəndaşlarının kimlikləri barədə düzgün məlumat almaq üçün səfirliklərə müraciət edib. Hazırda Fransada ölkəyə qanunsuz yollarla gələn şəxslərin sürətli deportasiyası üçün xüsusi mərkəzlərin inşası müzakirə edilir. Həmin mərkəzlərin hava limanları yaxınlığında inşa edilməsi gözlənilir.

Qeyd edək ki, son 4 ildə Fransada sığınacaq alan azərbaycanlıların sayı iki dəfə azalıb. 2015-ci ildə Fransada 182 azərbaycanlı mühacir sığınacaq almışdısa, 2018-ci ildə yalnız 81 nəfərə bu hüquq verilib. Fransanın Qaçqınlar və Vətəndaşlığı olmayanlar üzrə İdarəsi (OFPRA) 2015-ci ildə 88,4 faiz, 2016-ci ildə 84,2 faiz, 2017-ci ildə 82,9 faiz, 2018-ci ildə isə 88,9 faiz azərbaycanlı mühacirin müraciətinə mənfi cavab verib.

Nəticədə onlar vəkil tutaraq müraciətlərinə yenidən baxılması üçün Sığınacaq Hüququ üzrə Fransa Milli Məhkəməsinə (CNDA) şikayət ərizəsi veriblər. Ancaq 2015-ci ildə azərbaycanlı mühacirlərin 79,5 faiz, 2016-cı ildə 77,2 faiz, 2017-ci ildə 83,6 faiz və 2018-ci ildə isə 81,2 faizinə məhkəmədən mənfi cavab verilib.

Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy "Report"a bildirmişdi ki, Fransada sığınacaq alan azərbaycanlı qaçqınların sayının azalmasının Azərbaycandakı dəyişikliklərlə əlaqəsi var. Onun sözlərinə görə, qaçqınların gəldikləri ölkələrdə vəziyyətin dəyişməsi  bu rəqəmə öz təsirini göstərir: "Azərbaycanda son illər həyatın yaxşılaşması üçün göstərilən böyük səylər bu ölkədən qəbul olunan qaçqınların qəbul edilməsi üçün müəyyən edilmiş kriteriyalara yenidən baxılaraq, onların daha da ciddiləşdirilməsinə səbəb olub”.

Pyer Anri ile ilgili görsel sonucu

Fransa Sığınacaq Diyarı Assosiasiyasının icraçı direktoru Pyer Anri qeyd etmişdi ki, Fransada sığınacaq üçün müraciətlərə individual şəkildə baxılır: "Sığınacaq hüququ yalnız işgəncələrə, təqiblərə məruz qalan, həyatı təhlükədə olan şəxslərə verilir. Fransada qaçqın statusu əldə etmək üçün tələb olunan meyarlara cavab vermək mütləqdir. Əgər OFPRA və CNDA hər ikisi mənfi cavab verərsə, bu, həmin insanı müdafiə etməyə ehtiyac yoxdur deməkdir. Bu iki orqan qərarlarını insanlara edilən təqiblərə müvafiq olaraq verirlər. Fransada qaçqın statusu alan azərbaycanlı mühacirlərin sayının azalması sevindirici haldır. Bu isə müdafiəyə ehtiyacı olanların sayının azalması deməkdir”.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə həmin 21 azərbaycanlı ilə bağlı sorğumuza cavab verilmədi.

Ümumiyyətlə, miqrant böhranı Avropa dövlətləri arasında dərin fikir ayrılığına səbəb olub. Avropa ölkələri "qaçqın problemi”nə fərqli yanaşırlar. Məsələn, Macarıstan bəyan edir ki, Avropa sərhədləri təhlükə altındadır və qaçqın axını ümumi Avropa evinə ciddi problemlər yaradır. Almaniya və Fransa miqrantların Aİ ölkələri arasında bərabər bölüşdürülməsini istəyir.

Avropaya gələn miqrantların əsasını Suriyadakı münaqişədən canını qurtarmaq istəyən qaçqınlar təşkil etsə də, onların arasında digər Yaxın Şərq və Şimali Afrikanın əksər  ölkələrinin sakinləri də var. Avropa qaçqınların üzünə qapıları bağlayır. Buna baxmayaraq, Yaxın Şərqdən olan mühacirlər Avropa ölkələrinə can atırlar.

Yaxın Şərq  böhranı nəticəsində Avropa ölkələrində indiyə qədər müşahidə edilməyən mühacir  dalğası yaşanır. Rəsmi mənbələrin məlumatına görə, bu gün vətənlərini tərk edərək  mühacir həyatı yaşamağa məcbur olan insanların dünya üzrə ümumi sayı 60 milyon nəfərdir. Mühacirlərin böyük əksəriyyəti Liviya, Tunis, Suriya, Əfqanıstan, Banqladeş kimi xaos və anarxiyanın hökm sürdüyü ölkələrin vətəndaşlarıdır. Bu insanların üz tutduğu əsas regionlardan biri Avropa İttifaqı dövlətlərinin ərazisidir.

Mühacirlərin mühüm bir qismi burada məskunlaşmaq istəyir və müəyyən  qruplar  halında Aralıq dənizi vasitəsilə Avropaya köç edir. Problem və vətəndaş müharibəsindən xilas yolu kimi onlar Avropada yaşamağı seçirlər. Qaçqınların Qərbdə üzləşdiyi ilk və ən  ciddi problemlərdən biri sığınacaq problemidir. Yüz minlərlə insanı sığınacaqlarda yerləşdirmək olduqca çətindir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}