"Gördüyümüz işlərin fevralın 9-da öz bəhrəsini verəcəyinə inanıram" - VÜQAR MƏMMƏDOV

"Gördüyümüz işlərin fevralın 9-da öz bəhrəsini verəcəyinə inanıram"

 

"Əziz seçicilər, unutmayın ki, hazırda üzləşdiyiniz problemləri həll etmək, növbəti 5 ildə parlamentdə səsinizin eşidilməsi üçün seçki günü mənə sizin səsiniz gərəkdir!"

"Təyinatla parlamentdə oturan deputatdan isə sadə vətəndaşa heç bir fayda olan deyil"

"Əsas məqsədim insanlara millət vəkilinin vəzifələrini izah etmək, onların etibarını qazanmaq, seçkiyə marağı bərpa etməkdir"

Bugünkü sayımızda "Hürriyyət" qəzetinin sabiq baş redaktoru, namizədliyi Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən 25 saylı Nizami ikinci seçki dairəsindən irəli sürülmüş Vüqar Məmmədovla fevralın 9-da baş tutacaq növbədənkənar parlament seçkilərinə hazırlıq səviyyəsi, təbliğat-təşviqat kampaniyasının gedişi və digər mühüm mövzularla bağlı söhbətləşdik.

"Seçki qərargahımızın üzvləri ilə birlikdə əlimizdə olan bütün imkanları səfərbər edib mübarizəmizi inamla davam etdiririk"

- Vüqar bəy, növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb. Artıq namizədlər platformalarını təqdim edir, seçicilərlə görüşlər keçirirlər. Bəs, siz təbliğat-təşviqat kampaniyası çərçivəsində nə kimi işlər görübsünüz?

- İlk öncə qeyd etməliyəm ki, təbliğat-təşviqat kampaniyası üçün ayrılan 20 günlük müddət olduqca azdır. Çünki bir sıra texniki işlər var ki, onları ayrılan müddət ərzində yoluna qoymaq bir qədər çətinlik yaradır. Lakin buna baxmayaraq, seçki qərargahımızın üzvləri ilə birlikdə əlimizdə olan bütün imkanları səfərbər edib mübarizəmizi inamla davam etdiririk. Belə ki, artıq seçki portreti, üzərində şüarımızın əks olunduğu divar təqvimi və bukletlər hazırlanıb 25 saylı Nizami ikinci seçki dairəsinin ərazisində təxminən, 20 min mənzilə paylanılıb. Bundan başqa, qəzetimizin parlament seçkilərinə həsr olunmuş, o cümlədən namizəd kimi seçki platformamın yayımlandığı xüsusi buraxılışı seçki dairəsindəki 330 binanın demək olar ki, hamısına paylanılıb. Nəzərinizə çatdırım ki, təbliğat-təşviqat kampaniyası başladığı andan etibarən 25 saylı Nizami ikinci seçki dairəsinin ərazisində, daha dəqiq desəm, Bəhruz Nuriyev küçəsi 1/77 ünvanındakı seçki qərargahımız hər gün fəaliyyətdədir. Gün ərzində onlarla seçici qərargahımıza təşrif buyurur, onları narahat edən problemləri dilə gətirir və millət vəkili seçiləcəyim təqdirdə nə kimi işlər görəcəyimlə maraqlanırlar.

Ümumiyyətlə, namizəd olaraq, əsas məqsədim insanlara millət vəkilinin vəzifələrini izah etmək, onların etibarını qazanmaq, seçkiyə marağı bərpa etməkdir. Bu məqsədlə fevralın 2-də "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında yerləşən "Siyaqut" şadlıq sarayında seçilərimlə görüşüm olub.  Seçicilərin iştirak etdiyi həmin görüşdə həm seçki platformamı Nizami rayon sakinlərinin diqqətinə çatdırdım, həm də onların problemlərini dinlədim, bir sıra mövzular ətrafında müzakirələr apardıq. Həmin görüşdən sonra bir daha əmin oldum ki, 25 saylı Nizami ikinci seçki dairəsinin seçiciləri indiyədək sözün həqiqi mənasında millət vəkili görməyiblər. Elə buna görə də seçicilərin bir çoxunun seçkilərə inamı olduqca zəifdir. Çünki adamlar son 10 il ərzində bir dəfə də olsun, deputatlarının üzünü görməyib, adını belə, düz əməlli bilmirlər. Niyə? Ona görə ki, deputatı onlar seçməyiblər, həmin şəxs təyinat yolu ilə bu ərazinin millət vəkili postuna yiyələnib. Bu səbəbdən də namizəd olaraq, ilk iş kimi seçicilərimin etimadını qazanmağı, onları 9 fevral tarixində seçkilərdə iştirak etməyə təşviq etməyi qarşıma məqsəd qoymuşam. Əminəm ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində gördüyüm işlərlə, əhali ilə keçirdiyim görüşlərlə buna müəyyən qədər  nail olmuşam. Belə ki, apardığımız təbliğatın nəticəsi olaraq, artıq seçicilərdə seçkilərə inam nəzərəçarpacaq dərəcədə artıb. Düşünürəm ki, seçki qərargahımızın gərgin əməyi sayəsində gördüyümüz işlər fevralın 9-da öz bəhrəsini verəcək.

"Əgər namizəd seçicilərin səsi ilə yox, tamam başqa yollarla parlamentə düşərsə, deməli o, seçicilər qarşısında deyil, Milli Məclisin qapısını onun üzünə açan şəxs(lər)in qarşısında öhdəlik götürmüş olacaq"

- Bildiyim qədər seçki marafonuna "Övladlarınızın gələcəyinə səs verin!" şüarı ilə start veribsiniz. Maraqlıdır, nədən məhz bu şüarı seçibsiniz?

- Seçki platformamda da qeyd etdiyim kimi, 9 fevral tarixində baş tutacaq növbədənkənar parlament seçkiləri yalnız namizədlər arasında birinin deputat seçilməsi kimi başa düşülməməlidir. Çünki bu, ədalətin haqsızlıqla, haqqın batillə, doğrunun yanlışla, uğurlu və güvənli gələcəyin yalan dolu qaranlıq keçmişlə mübarizəsidir. Elə buna görə də fevralın 9-da ediləcək seçim nəinki seçicilərin, hətta onların övladlarının belə, gələcəyinə birbaşa təsir edəcək. Hər kəsə məlumdur ki, yeni seçiləcək millət vəkili qarşıdan gələn 5 il ərzində Milli Məclisdə 25 saylı Nizami ikinci seçki dairəsinin seçicilərini təmsil etmək hüququ əldə edir. Yəni bu, o deməkdir ki, sözügedən dairənin sakinlərinin parlamentdəki təmsilçisi məhz yeni seçilən deputatdır. Əgər namizəd seçicilərin etimadını qazanaraq onların səsi ilə yox, tamam başqa yollarla parlamentə düşərsə, deməli avtomatik olaraq həmin deputat seçicilər qarşısında deyil, Milli Məclisin qapısını onun üzünə açan şəxs(lər)in qarşısında öhdəlik götürmüş olacaq. Bu halda, deputat seçiciləri ilə mütəmadi görüşdə, əhalini narahat edən problemlərin aidiyyatı qurumlara çatdırılmasında və onların həllində maraqlı olmayacaq. Çünki onu seçici seçməyib, nəyinsə müqabilində və ya kiminsə göstərişi ilə təyin olunub. Təyinatla parlamentdə oturan deputatdan isə sadə vətəndaşa heç bir fayda olan deyil. Buna görə də hər bir seçici həm özünün, həm də övladlarının gələcəyi naminə seçkilərdə iştirak etməli, onu parlamentdə təmsil etməyə layiq bildiyi şəxsə səs verməlidir.

"Namizədlərin şəkillərinin vurulması üçün nəzərdə tutulmuş təbliğat lövhələrinin yeri uğurlu seçilməyib, onlar əhalinin sıx toplaşdığı yerlərdə quraşdırılsaydı, daha məqsədəuyğun olardı"

- Sizcə, seçkiqabağı mühitlə bağlı hər hansı problem mövcuddurmu?

- Hazırkı mərhələyə qədər seçki prosesində hər hansı bir qanun pozuntusuna rast gəlməmişəm. Belə ki, 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədlər arasında rəqabət kifayət qədər şəffafdır. Yəni hər bir namizəd qanun çərçivəsində istədiyi addımı ata, istədiyi yerdə görüş keçirə bilər. Dairə seçki komissiyası bizə tam sərbəstlik verib, heç birimizə də fərqli münasibət bəslənilmir. Lakin bəzi namizədlər var ki, yaradılmış şəraitdən sui-istifadə hallarına yol verir, seçiciləri şirnikləndirmək, onların səslərini satın almaq üçün yollara asfalt çəkdirir, xeyir-şər evlərinə stol-stul verir və bu qəbildən olan digər qanundankənar üsullara baş vururlar. Təəssüflər olsun ki, avam, deputatın vəzifə və səlahiyyətlərindən məlumatsız olan bəzi seçicilər bu cür şirnikləndirici vədlərə inanırlar. Halbuki asfalt çəkmək, su, işıq və kanalizasiya xətlərini təmir etdirmək, binaların damını qırramaq, yol kənarlarına bardur çəkmək millət vəkiliniz işi deyil. Millət vəkili bu və sadalamadığım digər işləri aidiyyatı qurumların, yerli icra hakimiyyəti orqanlarının görməsi üçün çalışmalı, əlindəki imkanlar çərçivəsində onları buna vadar etməlidir. Seçicilərin bir qismi isə hələ də bunu bilmədiyindən namizəddən su, işıq və ya qaz xətlərinin çəkilməsini tələb edirlər. Odur ki, mənim məqsədim seçicilərimə əsl millət vəkilini tanıtmaq, onun görəcəyi işlər haqda məlumat vermək, yəni insanları bu barədə maarifləndirməkdir. Əminliklə deyə bilərəm ki, keçirdiyim görüşlərdə iştirak edən insanlar artıq deputatla bağlı düşüncələrini tamamilə dəyişiblər. Yəni artıq onlar millət vəkilinə yol çəkən, asfalt tökən, kanalizasiya təmir edən şəxs kimi baxmırlar. Düşünürəm ki, bunun özü də bir növ uğurdur.

Bu arada, onu da qeyd etməliyəm ki, namizədlərin şəkillərinin vurulması üçün nəzərdə tutulmuş təbliğat lövhələrinin yeri uğurlu seçilməyib. Belə ki, həmin lövhələr əsasən orta məktəblərin həyətlərində yerləşdirilir. Halbuki sözügedən lövhələr əhalinin gur olduğu, sıx toplaşdığı yerlərdə quraşdırılsaydı, daha məqsədəuyğun olardı. Hesab edirəm ki, bunun özü təbliğat-təşviqat kampaniyasının daha uğurlu və effektiv aparılmasına mane olan səbəblər sırasındadır.

"Kənardan baxanda elə təsəvvür yaranır ki, sanki bu seçkilər Azərbaycanın deyil, Gürcüstan parlamentinin yenidən formalaşdırılması üçün keçirilir"

- Sizə elə gəlmir ki, ölkədə fəaliyyət göstərən telekanallar və radiolar seçki prosesindən bir qədər kənarda qalıb?

- Əslində, bir qədər yox, tamamilə kənarda qalıb. Kənardan baxanda elə təsəvvür yaranır ki, sanki bu seçkilər Azərbaycanın deyil, Gürcüstan parlamentinin yenidən formalaşdırılması üçün keçirilir. Telekanalların və radioların efirlərində növbədənkənar parlament seçkilərinə yer verməmələri məhz bu qənaətə gəlməyə səbəb olur. Məsələnin maraqlı tərəfi isə ondadır ki, ölkə vətəndaşlarının ödədiyi vergilər hesabına maliyyələşən İctimai Televiziya (İTV) millət vəkilliyinə namizədlərə öz təşviqat kampaniyalarını aparmaları üçün fantastik ödənişli efir vaxtı qiyməti müəyyənləşdirib. Təbii ki, bu, mən də daxil olmaqla, namizədlərin böyük əksəriyyətinin haqlı narazılığına səbəb olub. Halbuki dövlət əhəmiyyətli bu cür proseslərdə ödənişli efir vaxtının tətbiq edilməsi heç də düzgün deyil. Yaxşı olardı ki, İTV rəhbərliyi Azərbaycan reallığını nəzərə alıb ağlabatan qiymət tətbiq edərdi. Bu məsələ ilə bağlı məni bir sual düşündürür. Görəsən, İTV digər vaxtlarda, yəni seçkilərin keçirilmədiyi dönəmdə də relkamların yayımı üçün bu cür qiymətlər müəyyənləşdirir? Əgər belədirsə, onda adıçəkilən kanalın illik gəliri milyonlarla ölçülməlidir. Elə isə Vergilər Nazirliyindən İTV-yə baş çəkib, telekanalın vergi sənədləri ilə tanış olmasını xahiş edərdim. Yox, əgər bu cür fantastik qiymətlər yalnız seçki vaxtı tətbiq olunursa, deməli televiziya rəhbərliyi bununla namizədlərin efirə çıxışına, xalqla ünsiyyətinə süni əngəl yaradır və beləliklə də parlament seçkilərini dəyərsiz bir proses kimi qələmə verməyə çalışır.

"Əziz seçicilər, səs verin ki, növbəti 5 ildə tələb edə biləsiniz!"

- Vüqar bəy, sonda seçicilərinizə nə demək istərdiniz?

- Seçki platformamda da qeyd etdiyim kimi, mənim növbədənkənar parlament seçkilərinə qatılmağımın əsas səbəbi prosesə olan imanımla bağlıdır. Belə ki, ölkə başçısı İlham Əliyevin Davosda çıxışı zamanı parlament seçkiləri ilə bağlı verdiyi vəd mənə bu məsələdə prezidentə, yəni seçkilərin şəffaf və demokratik keçiriləcəyinə inanmağıma əsas verir. Bu səbəbdən də inanıram ki, ölkə başçısının Davosda dediyi kimi, 9 fevralda keçiriləcək parlament seçkiləri Azərbaycanda yeni bir mərhələnin başlanğıcı olacaq. Bu səbəbdən də 25 saylı Nizami ikinci seçki dairəsinin seçicilərini fevralın 9-da seçki məntəqələrinə səsverməyə dəvət edirəm. Əziz və hörmətli seçicilərim, gəlin, inandığınız, sizi Milli Məclisdə layiqli şəkildə təmsil edəcək, daim yanınızda olacaq, öncəki deputatlar kimi sizdən uzaq qaçmayacaq, dərdinizə şərik çıxacaq, problemlərinizi parlament kürsüsündən səsləndirəcək və onların həlli istiqamətində əlindən gələni edəcək şəxsə səs verin. Artıq məlumunuzdur ki, 23 il ərzində "Hürriyyət" qəzetində çətin, iztirablı, təhlükəli və şərəfli yol keçmişəm. Və bu illər ərzində xalqıma, millətimə və dövlətimə təmənnasız xidmət etmişəm. Sizə tam səmimiyyətimlə söz verirəm ki, seçiləcəyim təqdirdə, xalqımın, millətimin, dövlətimin maraqlarını ifadə edən millət vəkili olacam. Əminəm ki, əgər seçkilər şəffaf və ədalətli keçirilərsə, o zaman sizin dəstəyiniz sayəsində qələbə qazanmağım mümkün olacaq. Əziz seçicilər, unutmayın ki, hazırda üzləşdiyiniz problemləri həll etmək, növbəti 5 ildə parlamentdə səsinizin eşidilməsi üçün fevralın 9-da mənə sizin səsiniz gərəkdir! Səs verin ki, növbəti 5 ildə tələb edə biləsiniz!



 


 


 

 


 


 


 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}