Ziya Məmmədov vəzifəsini itirir…

 


 

Nəqliyyat nazirinin yaxın qohumlarına qarşı cinayət işi də açıla bilər

Nəqliyyat naziri Ziya Məmmədovun vəzifə karyerası bir zamanlar sürətlə yüksələn xətt üzrə inkişaf etdiyi kimi indi də eyni sürətlə, amma bu dəfə əks istiqamətə yön alıb. 1991-ci ildə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi olan Ziya Məmmədov iki il sonra idarənin rəis müavini 1996-cı ildə isə rəisi vəzifəsinə yüksələ bilib. 2002-ci ildə isə Nəqliyyat naziri vəsifəsinə təyin olunaraq hökumətin tərkibinə daxil olub. Ötən illər ərzində onun vəzifəsi yüksəldiyi kimi yaxın qohumlarının da karyeraları parlamağa başlayıb, ailə biznesi isə yeni-yeni sahələri əhatə edib. İndi isə hər şey əks istiqamətdə, ancaq eyni sürətlə davam edir. Ziya Məmmədovun nazir kimi səlahiyyətləri azala-azala gedir, onun qohumları vəzifələrini itirirlər. Ən ciddi itgiyə isə Ziya Məmmədovun ailə üzvülərinin rəhbərlik etdiyi  biznes imperiyası məruz qalır. Son olaraq Beynəlxalq Avtovağzal Kompleksinin nəzdində fəaliyyət göstərən ticarət mərkəzinin fəaliyyətini dayandırması ilə bağlı məlumat yayılıb. Çox maraqlıdır ki, bu mərkəz yaranandan kimin maraqlarına xidmət etdiyi məlum olan ticarət obyektini nazirin qardaşı, sabiq deputat Elton Məmmədov analoqu olmayan sosial layihə adlandırır. Sabiq deputatın dediyindən belə anlaşılır ki, bu Ticarət Mərkəzi ofşor şirkətin layihəsidir və bu ölkədə heç kimi narahat etməli deyil.

Vəzifədə olanda cəmiyyəti saymayan, kürsüsünü itirdikdən sonra vətənpərvərlik libasına bürünən əksər sabiq məmurlar kimi sabiq deputat da Beynəlxalq Avtovağzal Kompleksinin ərsəyə gəlməsində iştirak etdiyini və bunu Azərbaycan üçün etdiklərini vurğulamaqla ictimaiyyətin hüsn-rəğbətini qazanmağa çalışır. "İstəyimiz budur ki, insanlar işləsin, evinə əmək haqqı aparsın, balasını sağlam dolandırsın, ictimai sabitlik olsun”. Ancaq indi belə sözlərlə ictimaiyyətin dəstəyini qazanmaq mümkün deyil. Ziya Məmmədovun nəqliyyat naziri kimi qazandığı ictimai qınağı bir neçə cümlə vətənpərvərlik notları ilə silmək mümkün deyil. Hətta olsa belə, bunun Məmmədovların işinə yarayacağını da düşünmək mümkün deyil. Ziya Məmmədovu istefadan ancaq möcüzə xilas edə bilər. "Yeni Sözçü” qəzetinə daxil olan məlumata görə, Ziya Məmmədov bu ilin sonuna kimi vəzifəsini itirəcək. Məlumata görə, hakimiyyətin yüksək dairələrində gedən müzakirələrdə Ziya Məmmədovun istefaya göndərilməsinin iki variantı müzakirə olunur. Birinci variantda nəqliyyat nazirliyi ləğv olunur və Ziya Məmmədov vəzifəsini itirir. Bu variantı təklif edənlər nəqliyyat nazirliyinin gərəksiz, hətta artıq quruma çevrildiyini əsas götürürlər. Digər təklif isə ondan ibarətdir ki, Ziya Məmmədov istefaya göndərilir, nəqliyyat nazirliyi isə nəqliyyat sektoruunda dövlət siyasətini müəyyən edən qurum kimi qalır, ancaq bu siyasəti ondan asılı olmayan qurumlar icra edir. Nəqliyyat nazirliyinin rəhbərliyinə isə müasir dövrün nəqliyyat siyasətini müəyyən edəcək şəxs gətirilir. Məlumata görə, Ziya Məmmədovdan sonra növbə Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədova çatacaq. Onu gələn ilin əvvələrində istefaya göndərəcəklər. Bu prosesdən sonra isə Məmmədovların əlindəki bütün biznes alınacaq. Bundan sonra nəqliyyat nazirinin yaxın qohumlarına qarşı bəzi cinayət işləri də qaldırıla bilər. Son zamanlara kimi sərnişindaşımada əsas söz sahibi olan "Bakı Sərnişin Nəqliyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq rəhbərlərinə qarşı korrupsiya ittihamı ilə cinayət işinin açılması istisna edilmir. Hətta bunun üçün ilkin səbəblər də var. Belə ki, bəzi sahibkarlar "Bakı Sərnişin Nəqliyyatı” MMC-nin sabiq rəhbərlərinin onlardan külli miqdarda rüşvət alması haqqında hüquq-müfahizə orqanlarına şikayət ediblər. Həmin şikayətlərin hər birində yüz minlərlə manatın rüşvət kimi onlardan alınmasını iddia edən sahibkarlar pulların verilmə mexanizmi ilə bağlı hər bir məsələni ən incəliklərinə kimi açıqlayıblar. Buna görə də həmin iddiaları böhtan, şantaj kimi dəyərləndirmək mümkün deyil. Bu cinayət işi açılsa və hakimiyyət bu işin istintaqının dərinləşməsində maraqlı olsa istintaqaçılar Ziya Məmmədovun özünə də verməyə sual tapacaqlar. Hələlik belə görünür ki, proseslər məhz bu istiqamətdə inkişaf edir.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}