Ziya Məmmədov revanş götürməyə çalışır

Ziya Məmmədov revanş götürməyə çalışır

 


 

Ziya Məmmədov revanş götürməyə çalışır

Milyarder Donald  Trampın gözlənilənlərin əksinə olaraq ABŞ prezidenti seçilməsi bir çox oyun qaydalarını poza, əksər ölkələrin daxili və xarici siyasətlərinə təsir edə bilər. Trampın qələbəsindən faydalana biləcək şəxslərdən biri də  ötən ilin əvvələrindən başlayaraq mövqelərini ciddi şəkildə itirən nəqliyyat naziri Ziya Məmmədovun revanş götürməsinə səbəb ola biləcəyi ehtimal olunur. Hətta nəqliyyat naziri Ziya Məmmədovun özünün də əvvəlki mövqelərini geri qaytarmaq üçün revanşa cəhd edə biləcəyini ehtimal etmək olar. Trampın ABŞ prezidenti seçilməsi ilə bağlı mətbuata danışan nəqliyyat naziri Ziya Məmmədov ilk öncə milyarderin qələbəsini Amerika xalqının seçimi adlandırır və hər bir xalqın seçiminə də hörmətlə yanaşılmağı məsləhət görür. Daha sonra jurnalistin Trampı təbrik etdinizmi? Onunla münasibətləriniz nədən ibarətdir?-sualını cavablandıran Ziya Məmmədovun cavabı çox diqqətçəkicidir:  – Trampla iş birliyimiz var. İş birliyimiz var deyərkən, oğlumla işbirliyi olub. Ziya Məmmədov jurnalistin daha bir sualını cavablandırıb, ancaq ən maraqlı sualı -Donald Trampın Amerika prezidenti olması Z.Məmmədov üçün nə vəd edir?-cavablandırmayıb. Bu suala cavab olaraq nəqliyyat naziri jurnalistə sağlıq arzu edib və dəstəyi asıb. Belə görünür ki, Ziya Məmmədov usta yazıcılar kimi onun kiçik müsahibəsinin açmasını onu oxuyanların öhdəsinə buraxıb. Ümumilikdə götürdükdə isə Ziya Məmmədovun Trampın ABŞ prezidenti seçilməsi ilə bağlı açıqlaması bir çox məqamdan diqqət çəkir. Birincisi, nəqliyyat nazirinin mətbuata ünsiyyətininçox da maraqlı olmadığı məlumdur. İndi Ziya Məmmədovun jurnalistin onunla əlaqə yarada bilməsinə razı olması çox diqqət çəkən məsələdir. Sanki, Ziya Məmmədov mətbuat vasitəsilə kimlərəsə mesaj vermək istəyib. Onun açıqlamasını incələdikdə də bu qənaətə gəlmək olar. İlk olaraq Ziya Məmmədov çox aydın şəkildə Trampla işbirliklərinin olduğunu söyləyir və ilk mesajını verir. Daha sonra isə Trampın Anar Məmmədovla işbirliyinin olduğunu söyləməklə çox mənalı mesaj verir. Sanki, Ziya Məmmədov bununla Tramp kimdir ki, mənimlə işbirliyi olsun, onun ancaq oğlumla işbirliyi ola bilər mesajını verir. Trampın seçilməsinin Ziya Məmmədov üçün bir şans ola biləcyi ilə bağlı sualı aydın cavablandırmayan, bu sualın cavablandırılmasını oxucuların öhdəsinə buraxılması çox incə gedişdir.

İndi hakimiyyət dəhlizlərindən başlamış çayxanalara kimi əsas müzakirə mövzularından biri də məhz Trampın ABŞ prezidenti seçilməsinin Ziya Məmmədov üçün şans olub-olmayacağıdır. Əlbətdə, dünyanın yeganə super gücü olan bir dövlətin başçısı ilə münasibətlər istənilən ölkənin siyasi və biznes çevrəsində təmsil olunanşəxs üçün çox yaxşı əlaqə deməkdir. Ancaq bu əlaqələri şişirtmək çox yanlış addımdır. Donald Trampla münasibətləri olan başqa şəxslərin milyarderin ABŞ prezidenti seçilməsinə reaksiyanı Ziya Məmmədovun açıqlaması ilə müqayisə etdikdə çox fərqli yanaşmanı görmək olur. Məsələn, məşhur işadamı Araz Ağalarovun Trampla bağlı açıqlaması çox ağayana, düşünülmüş bir açıqlamadır.Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin də Trampla bağlı açıqlaması Araz Ağalarovun dəyərləndirməsi kimi çox ağayana, düşünülmüş bir yanaşmadır. Bu iki şəxs Trampla münasibətlərinin olduğuna baxmayaraq artıq milyarderin bir işadamı deyil, dünyanın yeganə süpergücü olan bir dövlətinin prezidenti olduğuna işarə edərək onunla artıq istənilən zaman əlaqə yaratmağın mümükünsüzlüyünə diqqət çəkirlər. Ziya Məmmədov isə ABŞ prezidenti seçilmiş şəxs haqqında sanki Ucar rayon icra hakimiyyətinin başçısı haqqında danışırmış kimi danışır.

İndi isə Trampın Ziya Məmmədov üçün bir şans olub-olmayacağı ilə bağlı nəqliyyat nazirimizin cavablandırmaqdan çəkindiyi suala cavab tapmağa çalışaq. İlk öncə onu qeyd edək ki, Donald Tramp prezident seçkilərində iştirak etməzdən əvvəl heç vaxt siyasətlə məşğul olmayıb. Bu adam bir iş adamı olub və nəhəng tikinti şirkəti var. Bir işadamı kimi onun onminlərlə adamla işbirliyi olub. İndi bu adamların hamısı onun ABŞ prezidentliyindən faydalana bilərmi? Əlbətdə, yox. Demək, Trampın prezident seçilməsi Ziya Məmmədov üçün heç bir ikinci şans olmayacaq. Trampın Rusiyada bir çox şəxslərlə yaxşı münasibətlərinin olmasına baxmayaraq Putin hökuməti ABŞ-ın yeni prezidenti ilə əlaqələri bu adamların vasitəsilə deyil, milyarderin komandasında təmsil olunan yəhudilər vasitəsilə qurmağa çalışır. Azərbaycan hakimiyyətinin də Trampla əlaqələr yaratmaq üçün Ziya Məmmədovun imkanlarından istifadə edəcəyi qeyri-realdır. Azərbaycan hökuməti Məmmədovların Trampla əlaqəsinin siyasi münasibətlər qurmaq üçün yetərli olmadığını bilir. Çox guman ki, rəsmi Bakı da Rusiya hökuməti kimi ABŞ-ın yeni hökuməti ilə əlaqələri yəhudi lobbisi vasitəsilə qurmağa çalışacaq. Məlum olduğu kimi rəsmi Bakının həm İsrail rəsmiləri, həm də ABŞ-dakı yəhudi lobbisi ilə çox yaxşı əlaqələri var. Buna görə də Ziya Məmmədovun oğlu Anar Məmmədov Trampla əlaqə yaratmaq üçün rəsmi Bakı üçün ciddi əlaqələndirici deyil. Əlbətdə, Trampın qələbəsi Ziya Məmmədovu tamamilə siyasi səhnədən silinməkdən xilas edə bilər. Ancaq onun əvvəlki qüdrətinibərpa etməsi üçün yeni şans olmayacaq. Görünür, Ziya Məmmədov özü də bunu bildiyi üçün jurnalistin bununla bağlı sualını cavablandırmayıb. Mövzunun aktuallığını nəzərə alıb izləməyə davam edəcəyik və bununla bağlı Ziya Məmmədovun mövqeyini də dinləməyə hazırıq.

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}