İlham Əliyev:"2017-ci ildə inşaat sektorunda çox böyük bir inkişaf görəcəyik"

İlham Əliyev:"2017-ci ildə inşaat sektorunda çox böyük bir inkişaf görəcəyik"

 

2017-ci ildə inşaat sektorunda çox böyük bir inkişaf görəcəyik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu layihənin icra edilməsi nəticəsində inşaat sektoru da canlanacaq: "Bu il inşaat sektorunda tənəzzül yaşanır. Əgər biz ümumi daxili məhsulumuzun inkişafının və tənəzzülünün dinamikasına nəzər salsaq görərik ki, bu gün ümumi daxili məhsulu aşağı aparan amil inşaat sektorundakı tənəzzüldür. Bunun da iki səbəbi var. Dövlət investisiyaları azalıb, bu da təbiidir. Çünki bizim gəlirlərimiz azalmışdır və biz ilk növbədə, öz gəlirlərimizi sosial məsələlərin həllinə yönəltmişdik. Onu da qeyd etməliyəm ki, bu il, bir dənə də olsun, sosial proqram ixtisara düşmədi. Bu, birinci məsələdir. Digər səbəb isə əlbəttə ki, sahibkarlar da mənzil inşaatına az fikir verməyə başlamışlar. Ona görə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti və icra ediləcək digər layihələr nəticəsində biz inşaat sektorunu canlandıracağıq”.

İlham Əliyev bildirib ki, bu, özlüyündə böyük bir hərəkətə, canlanmaya gətirib çıxaracaq, inşaat sektorunda minlərlə iş yeri yaradılacaq: "Eyni zamanda, inşaat materialları ilə məşğul olan, onları istehsal edən şirkətlər də öz fəaliyyətini bərpa edəcək, genişləndirəcəklər. Beləliklə, bu layihənin ölkə iqtisadiyyatına da çox müsbət təsiri olacaqdır. Nəzərə alsaq ki, son illərdə ölkəmizdə aparılan islahatlar və şaxələndirmə siyasəti nəticəsində biz demək olar ki, əsas tikinti materialları ilə özümüzü təmin edirik, bu layihələrin icrasında biz idxal komponentindən asılı olmayacağıq. Mənə verilən məlumata görə, bu binaların tikintisində istifadə ediləcək materialların 80-90 faizi Azərbaycan istehsalı olacaqdır və ilk növbədə, biz idxala tələbatımızı azaldacağıq. Digər tərəfdən yerli şirkətlər də inşaat materiallarını istehsal edərək öz maddi imkanlarını yaxşılaşdıracaqlar. Mən özəl sektora da müraciət edirəm. Biz 2017-ci ildə inşaat sektorunda çox böyük bir inkişaf görəcəyik. Bax, bu gün Azərbaycanda sosial binaların tikintisi, icra edilən digər layihələr çox böyük canlanmaya gətirib çıxaracaqdır.

Qeyd etdiyim kimi, bu layihə çərçivəsində 29 bina tikiləcək. Hazırda Bakı şəhərində köhnə, yararsız vəziyyətdə olan binaların yerində 60-dan çox yeni, hündürmərtəbəli yaşayış binasının tikintisi aparılır və yaxın zamanlarda aparılacaq. Bu da bu il müəyyən etdiyimiz siyasət nəticəsində mümkündür. Sahibkarlara şərait yaradılıb. Yerli icra orqanları bu məsələ ilə bağlı öz dəstəklərini göstərirlər. Artıq birinci belə layihə bu yaxınlarda Ramana qəsəbəsində icra edildi. Mən də o binanın açılışında iştirak etmişəm ki, bu prosesə öz dəstəyimi verim”.

Prezident deyib ki, hazırda Bakıda 60-dan çox hündürmərtəbəli binanın tikintisi ya başlayıb, ya da ki, indi son hazırlıq işləri aparılır: "Əvvəlki binalarda yaşayan insanlara kirayə pulu verilir. Onlar bir il, il yarım kirayədə qalırlar. Ondan sonra isə həmin o ərazidə tikiləcək binalarda onlara mənzillər verilir. Artıq Ramana qəsəbəsində sakinlər bunu görüblər. Onlara təmirli mənzillər verilir və eyni zamanda, o mənzillərin sahəsi onların əvvəlki mənzillərindən təqribən 30, 40, 50 faiz, bəzi hallarda iki dəfə böyükdür. Onlar o yararsız binalardan yeni binalara, yeni mənzillərə köçürlər. Eyni zamanda, onların yaşayış sahəsi də artır. Bax, bütün 60-dan çox layihənin prinsipi bundan ibarətdir ki, orada əvvəllər yaşayan vətəndaşlar da görəcəklər ki, bunun nə qədər böyük faydası var. Yerli icra orqanları və sahibkarlar burada birgə fəaliyyət göstərməlidirlər. Bakıda köhnəlmiş, yararsız və qəzalı vəziyyətdə binaların sayı əfsuslar olsun ki, kifayət qədərdir. Vaxtilə bəzi binalar qanunsuz yollarla tikilib. Heç sənədi də yoxdur o binaların. Ancaq indi insanlar orada yaşayırlar. Həmin insanların yaşayış şəraiti nə onları, nə də dövləti qane edə bilməz.

Ona görə gələn il Bakıda bu istiqamət üzrə ən azı 60 bina inşa ediləcək. Əgər biz "Ağ Şəhər” layihəsini, – orada da yaşayış binalarının tikintisi sürətlə gedir, – "MİDA” layihəsini əlavə etsək, görərik ki, gələn il Bakı şəhərində ən azı 100-dən çox yaşayış binasının tikintisi nəzərdə tutulur. Bu da minlərlə, on minlərlə iş yerinin yaradılması, inşaat sektorunun canlanması və Bakımızın daha da gözəlləşməsi deməkdir. Çünki indi Bakıya gələn hər bir xarici qonaq, – əgər o qərəzsizdirsə, – qeyd edir ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Mən istəyirəm ki, Bakının bütün rayonları ən yüksək zövqə layiq olsun, təkcə şəhərin mərkəzi yox. Bunun üçün bu layihələrin icrası xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu Yasamal Yaşayış Kompleksinin yaradılması nəticəsində, bax, bu ərazidə müasir infrastruktur yaradılır – qaz, işıq, su xətləri, kommunikasiyalar, yollar, yaşıllıq zonaları, idman meydançaları. Yəni, bu, şəhər infrastrukturuna da böyük dəstəkdir. Görün, bu bir layihənin və bir təşəbbüsün nəticəsində biz özümüz üçün nə qədər böyük, yeni imkanlar aşkar edirik. Yəni, bu layihənin multiplikativ effekti çox böyük olacaq”.

Dövlətimizin başçısı əlavə edib: "Bir daha sözümün əvvəlinə qayıtmaq istəyirəm ki, bu layihəni başlayarkən biz, ilk növbədə, vətəndaşlar haqqında düşünürdük. İstəyirdik ki, bu gün mənzil ala bilməyən ailə mənzil ala bilsin. Bu hərəkat, bu təşəbbüs kütləvi xarakter almalıdır. İndi Bakı şəhərində ikinci layihənin icrası üçün hazırlıq işləri gedir. İkinci layihə bundan da böyük olacaq. Əgər burada tikinti meydançası 11 hektardırsa, ikinci layihədə 20 hektar olacaq. İkinci layihə Hövsan qəsəbəsində icra ediləcək. Orada da onlarla yeni yaşayış binasının tikintisi nəzərdə tutulur.

Biz bunu bu gün dövlət xətti ilə icra edirik və burada tikiləcək binaların maliyyə resursları da dövlət büdcəsində nəzərdə tutulur. Ancaq mən bu gün sahibkarlara da müraciət edirəm. Onlar da bu təşəbbüsə qoşulsunlar və bu proses kütləvi xarakter alsın. Onsuz da dövlət öz üzərinə düşən vəzifəni icra edəcək. Həm Bakı şəhərində, həm digər böyük şəhərlərimizdə və gələcəkdə hər bir yerdə sosial binaların tikintisi aparılmalıdır və aparılacaq. Ancaq bu prosesə daha da geniş xarakter vermək üçün özəl sektor da buna qoşulmalıdır. Özəl sektorun inkişafı üçün biz bütün lazımi tədbirləri görürük, güzəştli şərtlərlə kreditlər verilir. Mən mütəmadi qaydada sahibkarlarla görüşürəm. Bugünkü təşəbbüs, bax, bugünkü təməlqoyma mərasimi sahibkarlara da bir siqnaldır ki, onlar həm özləri, həm də dövlət üçün daha da böyük işlər görə bilsinlər. Qeyd etdiyim kimi, biz bu layihənin həyata keçirilməsi nəticəsində bir neçə mühüm vəzifəni icra edəcəyik”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}