İlham Əliyev: Onu “Əsrin müqaviləsi” adlandırmışdıq, indi mən əsrlərin müqaviləsindən danışıram

 

"Bu, həqiqətən də tarixi gündür. "Şahdəniz” müqaviləsinin imzalanmasından 21 il sonra indi biz tarixi əhəmiyyət kəsb edən günü qeyd edirik. Bu gün mən ilk növbədə strateji tərəfdaşımız, uzun illərdir Azərbaycanın yaxşı dostu olan BP-yə təşəkkürümü bildirmək istərdim. 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması bizim əməkdaşlığımızın başlanğıcı oldu. Həmin vaxtdan bizimlə birgə çalışmış və çalışmaqda davam edən bir çox şirkətlər var. Sizə xatırlatmaq və məlumat vermək üçün demək istərdim ki, həmin vaxt Azərbaycan xarici neft şirkətlərindən ibarət konsorsiumla "Azəri-Çıraq-Günəşli” müqaviləsini imzaladı və BP sadəcə olaraq onlardan biri idi. O, böyük hissəyə malik idi və böyük tərəfdaşlıq var idi ki, bu gün də müəyyən dəyişikliklə davam edir”.

Bunu Prezident İlham Əliyev "Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki "Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimindəki çıxışını ingilis dilində davam etdirərkən deyib.

O bildirib ki, BP ilə xüsusi münasibətlər o vaxtdan həmin şirkətin Azərbaycanın enerji bazarında, qlobal enerji bazarında fəal oyunçu olması faktına əsaslanır: "O vaxtdan indiyədək tərəfdaşlığımızı strateji tərəfdaşlığa çevirən bir çox başqa müqavilələr imzalanıb. Onlardan biri "Şahdəniz”dir. Növbədə "Dayaz sular” və başqaları var. Bu, tərəfdaşlığın yaxşı göstəricisidir. Biz BP-yə etimad göstəririk. Əminəm ki, BP də Azərbaycana etimad göstərir. Əks halda onlar ölkəmizə bu qədər çox vəsait yatırmazdılar. Cənab Counzun dünən və bu gün qeyd etdiyi kimi, BP-nin fəaliyyət sferasında Azərbaycan bir nömrəli investisiya məkanıdır. Bu isə bizim əməkdaşlığımızı daha da gücləndirir. Dünən qeyd etdiyim kimi, hazırda onlar "Azəri-Çıraq-Günəşli” müqaviləsinin genişləndirilməsi üzərində işləyirlər.

Ümidvaram ki, bu, tezliklə olacaq. Bundan əlavə, təkcə "Azəri-Çıraq-Günəşli”də bizim tərəfdaşlığımız 2050-ci ilədək davam edəcək. Əminəm ki, "Şahdəniz”dən nəzərdə tutulandan daha çox qaz istehsal ediləcək. Biz "Azəri-Çırağı” "Əsrin müqaviləsi” adlandırmışdıq, indi isə mən əsrlərin müqaviləsindən danışıram.

Mən, həmçinin Azərbaycana yatırılan investisiyalara və uğurlu fəaliyyətə görə bütün tərəfdaşlarımıza, "Şahdəniz” tərəfdaşlarına və bu nadir qurğunu tikən şirkətlərə bir daha təşəkkürümü bildirmək istərdim. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq komanda ölkəmizin inkişafına kömək edir. Düşünürəm ki, ev sahibi olan ölkə yerli şirkət SOCAR ilə əcnəbi investorlar arasında nadir əməkdaşlıq mühiti yaradır. Bir daha sizi təbrik edirəm. Qarşıdakı illərdə sizə uğurlar arzulayıram”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}