“Hamımız görürük ki, Azərbaycanda bütün başqa azadlıqlar tam təmin olunur” – Prezident

“Hamımız görürük ki, Azərbaycanda bütün başqa azadlıqlar tam təmin olunur” – Prezident

 

"Tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir. Çünki əgər demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni, maddi rifah, iqtisadi inkişaf, sosial inkişaf demokratik inkişaf üçün əsas şərtdir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda həm demokratik, həm də sosial-iqtisadi inkişaf paralel gedir: "Buna görə hesab edirəm ki, bizim cəmiyyətimizdə islahatlar təkamül yolu ilə aparılır və dərinləşir. Siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir. Söz azadlığı Azərbaycanda tam təmin edilib, heç bir məhdudiyyət yoxdur. Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz. Düzdür, bəzi hallarda bizi bəzi qeyri-hökumət təşkilatları tənqid edir, hətta ittiham edirlər. Amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq qərəzli mövqedir. Bunun səbəbi də bəllidir. Amma real vəziyyətə baxdıqda biz hamımız görürük ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur və təmin olunacaq. Azərbaycan bundan sonra da iqtisadi və siyasi inkişaf yolu ilə getməlidir. Hesab edirəm, bizim qısa müstəqillik tariximiz onu göstərir ki, bu, yeganə düzgün yoldur. Çünki o qədər də asan olmayan geosiyasi vəziyyətdə Azərbaycan, ilk növbədə, öz müstəqil siyasətini qoruya və möhkəmləndirə bilib, heç bir xarici təsir altına düşməyib. Azərbaycan dövlətinin inkişafı Azərbaycan xalqının əlindədir. Ölkəmiz Azərbaycan xalqının iradəsi ilə idarə olunur. Biz böyük iqtisadi inkişafa nail olduq. Biz böyük meqalayihələri icra etdik. Biz özümüzü dünyada artıq multikulturalizmin mərkəzi kimi tanıda bildik və bu gün bu sahədəki uğurlarımız bir çox ölkələrdə öyrənilir. Yəni, əldə edilmiş bütün bu uğurların təməlində bizim düşünülmüş siyasətdir və o cümlədən demokratik cəmiyyətin formalaşmasıdır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}