Gültəkin Hacıbəyli Milli Şuradan prezidentliyə namizəd ola bilər

Gültəkin Hacıbəyli Milli Şuradan  prezidentliyə namizəd ola bilər

 


 

İqtidar kimi Milli Şura da namizədini seçməkdə çətinlik çəkir

Son on ildə ilk dəfədir ki, prezident seçkisinə hazırlıq seçki gününə bir ildən də artıq  vaxt qaldığı dövrdə başlayır. Qeyd edək ki, növbəti prezident seçkisi gələn ilin, yəni  2018-ci ilin noyabrında keçiriləcək. Təqvimdə 2017-ci ilin oktyabr ayı olmasına baxmayaraq artıq bir neçə  siyasətçi bu seçkidə iştirak edəcəyini dilə gətirib. Milli Məclisin sabiq sədrləri Rəsul Quliyev və İsa Qəmbər, sabiq deputat Hüseyn Abdullayev artıq prezidentliyə iddialı olduqlarını bəyan ediblər. REAL hərəkatının   həbsxanadakı sədri İlqar Məmmədov da namizədliyini irəli sürəcəyini açıqlayıb. Yaxın zamanlarda daha bir neçə siyasətçinin və fəal siyasətlə məşğul olmayanların    öz namizədliyini irəli sürəcəyi məlumdur. Lakin bunlara baxmayaraq hər kəs əsas mübarizənin iqtidarla  müxalifətin əsas qüvvələrini birləşdirən Milli Şuranın təmsilçisi arasında gedəcəyinin fərqindədir. Ancaq  bu iki qüvvənin əsas namizədinin adı hələ açıqlanmayıb. İqtidar düşərgəsindən səslənən fikirlərin təhlili bizə  belə qənaət verir  ki, hakimiyyətin namizədi hazırkı prezident İlham Əliyev və ya birinci vitse-prezident Mehriban xanım Əliyeva olacaq. Doğrudur, hakimiyyət təmsilçilərinin əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının namizədinin hazırkı prezident İlham Əliyev olacağını əminliklə bildirirlər.  Hakim partiyanın bəzi təmsilçiləri isə  birinci vitse-prezident Mehraiban xanım Əliyevanın  prezidentliyə namizəd olacağının üzərində dayanacaqlar. Bununla bağlı politoloqlar və şərhçilər də dəqiq fikir söyləyə bilmirlər.

 Bir müddət öncə "Yeni Sözçü” qəzetinə açıqlamasında politoloq Xəqani Cəfərli hakim partiyanın namizədinin kimliyini yaxın altı ayda postsovet məkanda və Azərbaycanda cəryan edəcək proseslərin müəyyən edəcəyini proqnozlaşdırmışdı. Əgər, politoloqun məntiqi doğrudursa, hakim partiyanın namizədinin kim olmasına  gələn ilin mart-aprel aylarında aydınlıq gətiriləcək. Qeyd edək ki, postsovet məkanında siyasi proseslərin əsas müəyyən edicisi olan Rusiya federasiyasında prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək. Bu məqam isə postsovet məkandakı siyasi proseslərin hansı istiqmətdə inkişafını müəyyən edəcək ən  əsas vasitə olunur.

İqtidarla yanaşı müxalifətin əsas güc mərkəzi hesab olunan Milli Şura da prezidentliyə namizədini hələ müəyyən etməyib. Milli Şuranın sədri, professor Cəmil Həsənli ötən seçkidə müxalifətin vahid namizədi olub və onun yenidən bu ağır missiyanı özüzərinə götürməyə inandırıcı deyil. Mili Şuranın faktiki lideri Əli Kərimli isə qələbə qazanmayacağını əvvəlcədən bilərək  seçkiyə qatılmamağa üstünlük verəcək. Əli Kərimli bilir ki, müxalifətin faktiki lideri olmasına baxmayaraq qalib gəlmək üçün real şərait və əsas resurslar yoxdur. Belə bir məqamda ağır məğlubiyyətin hansı siyasi nəticələr doğura biləcəyini əvvəlcədən proqnozlaşdıran Əli Kərimli çox güman ki, başqa həmkarının  namizədliyini dəstəkləyəcək.

 Son zamanlara kimi belə bir  rəy vardı ki, Milli Şuranın namizədi Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev olacaq. Hətta Mehman Əliyev həbs olunanda deputat Qüdrət Həsənquliyev bəyan etmişdi ki, Turan İnformasiya Agentliyinin direktoru tezliklə həbsdən azad olacaq və növbəti seçkidə müxalifətin namizədi olacaq. Mehman Əliyev, deputatın söylədiyi kimi, qısa zaman kəsiyində  həbsdən azad edildi. Ancaq  bu məqam, onun müxalifətin namizədi olmaq imkanlarını minimuma endirdi. Müxalifət düşərgəsindən Mehman Əliyevin iqtidardaxili intiriqalara cəlb olunması haqqında səslənən  eyhamlar Turan İnformasiya Agentliyinin direktoruna qarşı etimadsızlıqların olduğunu göstərir. Belə bir şəraitdə Mehman Əliyevin Milli Şuranın prezidentliyə əsas namizədi olması real görünmür.

O ada məlumdur ki, Milli Şura seçkilərdən kənarda da qalmayacaq.  Seçkilər zamanı  geniş təbliğat və təşkilatlanma imkanları vardır və bundan Milli Şura bacardığı qədər istifadə edəcəkdir. Buna görə də Milli Şuranın prezident seçkilərində hökmən iştirak edəcəyini gözləmək olar. Milli Şuranın sentyabr və oktyabr aylarında  keçirdiyi üç mitinq də əslində müxalifətin əsas güc mərkəzinin seçkiyə start verməsi kimi izah  olunmalıdır. Bəzi politoloqlar və şərhçilər müxalifətin bu mitiqlərlə xalqın iqtidardan narazılığının və etirazlara münasibətinin miqyasını monitorinq etməklə yanaşı  öz tərəfdarlarının gücünü öyrənməyə çalışdığını qeyd edirlər. Mitinq iştirakçılarının sayının artan xətt üzrə yükəslməsi müxalifətin nikbinliyini artıra bilər. Ancaq təcrübəli siyasətçilər İlham Əliyev hakimiyyətini seçki yolu ilə iqtidardan kənarlaşdıra bilməyəcəklərini də bilirlər. Buna görə başqa bir şəxsin namizədliyini irəli sürə bilərlər.

"Yeni Sözçü” qəzetinə daxil olan  məlumata görə, Milli Şuranın prezidentliyə namizədi sabiq deputat Gültəkin Hacıbəyli olacaq. Mehman Əliyevdən fərqli olaraq Gültəkin xanım iqtidara qarşı kəskin mövqeyi ilə tanınır. Digər tərəfdən bir qadın siyasətçinin müsəlman ölkəsində müxalifətin namizədi olması faktı Qərbin dəstəyini qazanmağa imkan verə bilər. Xüsusilə də onu nəzərə almaq lazımdır  ki, Gültəkin xanımı Avropanın siyasi dairələrində yaxşı tanıyırlar. Məhz ona görə  də onun şansı Milli Şuranın digər funksaneri ilə müqayisədə daha çoxdur. Bütün bunları hesablayan Milli Şuranın liderləri seçkilərə Gültəkin Hacıbəylinin namizədliyi ilə qatılmağa qərar verəcəklər. Redaksiyamıza daxil olan məlumatdan da belə aydın olur. İqtidar müxalifətin bu taktiki gedişinə  hansı əks  gedişlə cavab vercəyini isə hələlik proqnozlaşdırmaq çox çətindir. Yuxarıda qeyd etdiyimiz kimi, iqtidarın  daxili faktorlarla yanaşı dünya və postsovet məkanında baş verən proseslərə uyğun hansı qərarı verəcəyi isə hələ məlum deyil.

A.Nəbiyev,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}