DAVOSDA AVROPA TRAMPA CAVAB VERIR –“Taleyimizi öz əlimizə almalıyıq”

DAVOSDA AVROPA TRAMPA CAVAB VERIR –“Taleyimizi öz əlimizə almalıyıq”

 

Silviya Kaufmann

"Le Mond”

Yanvarın 24-ü günə yekun vurmaq üçün Emmanuel Makronun (Emmanuel Macron) başçılığı altında Avropa Birliyi ölkələrinin bir neçə lideri reqbi oyunçuları kimi Avropa qloballaşma bayrağının ətrafında toplandıqdan sonra eyforiya dalğası Davosun kiçik dünyasını bürüdü. Donald Trampın (Donald Trump) komandası isə öz növbəsində ABŞ prezidentinin gəlişi ərəfəsində əks-hücuma hazırlaşmağa başlayıb.

Forum iştirakçıları beynəlxalq siyasətin yeni ulduzu, böyük auditoriya toplayan Fransa prezidentinin çıxışından sonra şam yeməyinə gediblər. İştirakçılar uzun müddətdir həsrətində olduqları şeyi – onlara insan simalı qloballaşmanı bəxş edən "ehtiraslı” və "nikbin” lideri gurultulu alqışlarla qarşılayıblar.

Çərşənbə günü keçirilən iclasda sözün dərhal Avropanın dörd dövlət və hökumət başçısına təqdim edilməsi təsadüflə deyil, Dünya İqtisadi Forumunun təşkilatçılarının AB-yə diqqət cəlb etmək istəyi ilə izah olunur. Ötən il forumun yaradıcıcı və təşkilatçısı Klaus Şvab (Klaus Schwab) birinci yerə Çini qoymuşdu, ancaq o, indi iqtisadi artıma qayıda və dirçələn populizmə müqavimət göstərə bilən Avropaya təkan verməyi vacib hesab edib.

Merkel: "Taleyimizi öz əlimizə almalıyıq”

İstənilən böyük tamaşa kimi hər şey yüksələn xətt üzrə inkişaf edib. Səhər ilk sözü İspaniya kralı Filip (Felipe) alıb. O, adi monarx nitqi ilə kifayətlənə bilsə də, (əvvəlcə Kataloniya böhranı ilə bağlı sərt mövqeyini vurğulayıb) çıxışını AB-nin dərinləşdirilməsi və yenidən nəzərdən keçirilməsinə çağırışla bitirib: "İspaniya üçün Avropa xarici layihə deyil, milli layihənin əksidir”.

Onun ardınca İtaliyanın baş naziri Paolo Centiloni (Paolo Gentiloni) çıxış edib. Bu sakit və təmkinli insan ona sual veriləndə yenə də özünü saxlaya bilməyib və prezident Trampdan uzaqlaşıb. "Rəhbərin öz ölkəsini, vətəndaşlarını qorumaq hüququ var, ancaq hər şeyin də bir həddi var, – o, deyib. – Söhbət sazişlərdən və çoxtərəfli qaydalardan gedir. Biz məhz bu sənədlər çərçivəsində yaşayırıq. Avropanın regionda və dünyada geosiyasi rol oynaya bilməsi üçün onu yenidən işə salmaq lazımdır. Boşluq yaransa, Avropa oranı dolduracaq”.

Almaniya kansleri Angela Merkel (Angela Merkel) özünə efvemizlərlə əziyyət verməyib, dərhal sözünü deyib. O, daxili siyasətdəki çətinlikləri və "sağçı populizmin zəhərini” vurğulayıb, özünütəcridin problemləri həll etməyəcəyini, proteksionizmin cavab olmadığını qeyd edib. Onun sözlərinə görə, Makronun prezident seçilməsi "Avropaya yeni təkan verib, bizi daha güclü edib”.

Merkel Avropa müdafiə fondunun formalaşdırılmasını "çox vacib” məsələ hesab edir, çünki artıq Avropanın "ABŞ-a güvənməyi” adət halını alıb. "Hələ ki, ABŞ-ın başı öz işlərinə qarışıb, biz taleyimizi öz əlimizə almalıyıq”, – o, əlavə edib. Ondan sonra çıxış edən Makron kimi kansler də Avropa rəqəmsal sektorunun yaradılmasının zərurətini izah edib: "Bu, rəqəmsal sahədə özünəməxsus sosial iqtisadiyyatdır”.

Düzəlişlərdən sonra qloballaşmanın davamı

Təsirli yekdillik nümayiş etdirən bütün Avropa liderləri, həmçinin Hindistan və Kanadanın baş nazirləri Narendra Modi (Narendra Modi) və Castin Tryudo (Justin Trudeau) Çin hökumətinin ikinci şəxsi Lyu He ilə yanaşı dəyişiklik edildikdən sonra qloballaşmanın davam etdirilməsinin vacibliyini, çoxtərəfli sistemlərin məziyyətlərini və proteksionizmin mənfiliklərini vurğulayıblar. Bütün bunlar cümə günü çıxış etməli olan prezident Trampın mövqeyinə açıq-aşkar ziddir.  

Çərşənbə günü İsveçrə televiziyasına müsahibəsində Makron bildirib ki, Trampla telefon söhbətində onun Davosa səfər etməsinə israr edib. "Onun şəxsən debatları görməsi, ideyaları eşitməsi lazımdır”, – Fransa lideri aydınlıq gətirib.

Qarşıdurma, yoxsa toqquşma? Çərşənbə günü Davosda ABŞ maliyyə naziri Stiven Mnuçin (Steven Mnuchin) və ticarət naziri Uilbur Rossun (Wilbur Ross) jurnalistlərə təqdim etdiyi arqumentlərdən irəli çıxsaq, Tramp administrasiyası foruma "bütün dövrlərin ən böyük nümayəndə heyətini göndərmək” qərarına gəlib. Məqsəd beynəlxalq arenada dominantlıq edən ritorikaya cavab verməkdir. "Biz biznes üçün açığıq, Amerika iqtisadiyyatının artımı bütün dünyaya sərf edir və bütün dünya ilə yaxşı ticarət əlaqələrimiz var”, – Mnuçin vurğulayıb.

Bəs Tryudonun tənqidi? Onun məqsədi Şimali Amerika azad ticarət zonası ilə bağlı danışıqlarda Vaşinqtona təzyiq göstərməkdir. Bəs ötən ilin dekabrında avropalı nazirlərin vergi islahatlarının nəticələri barədə Amerika maliyyə nazirliyinə göndərdiyi məktub? "Vergilər azaldığı üçün şikayət etmək və onları tarif baryeri kimi təqdim etmək cəhdi – kifayət qədər qəribə konsepsiyadır!” – Uilbur Ross məsələyə ironik münasibət bildirib. Modinin tənqidi? "Bəzi ölkələr azad ticarətdən danışmağı xoşlasalar da, özləri proteksionizmi dəstəkləyirlər”, – Ross davam edib. "Amerika ilk növbədə” devizi, həmçinin qalan dünya ilə iş deməkdir”, – Mnuçin izah edib.

Makron: "Trampın addımlarını əvvəlcədən söyləmək qeyri-mümkündür”

Bəzi iştirakçılar ABŞ prezidentinin çıxışından əvvəl Davosdan getməyə hazırlaşır.  Eyni zamanda, ABŞ nəqliyyat naziri Eleyn Çaoya (Elaine Chao) inansaq, Davos amerikalı qonağın gəlişindən məmnun olmalıdır: "Bu, komplimentdir”.

Avropalı həmkarları ilə müqayisədə Makronun Trampın ünvanına səsləndirdiyi tənqidlər bir az daha zəif çıxır. Onu hətta apreldə Vaşinqtona dəvət ediblər. "Sıx şəxsi münasibətlərimiz olsa da, metodlarla bağlı fikirayrılığımız var, – prezident İsveçrə televiziyasına müsahibəsində bildirib. – Trampın addımlarını əvvəlcədən proqnozlaşdırmaq qeyri-mümkündür, o, eskalasiyaya can atır. Əgər dünyanın bir nömrəli dövləti özünü belə gözlənilməz aparırısa, onda bu insanların özlərini müdafiəsiz hiss etməsinə səbəb ola bilər. Mən isə onun qarşısına qoyduğu məqsədlərdə ardıcıl olmadığını hiss etməmişəm”.

Forumun kuluarlarında Obamanın (Barack Obama) dövlət katibi Con Kerri (John Kerry) Ağ Evdə baş verənlərdən dolayı "çox narahat” olduğunu etiraf edib. Bununla belə o, transatlantik münasibətlərə dəyən zərərin ciddi olmayacağına inanmaq istəyir: "Bu, əsl problemdir. Lakin biz onun öhdəsindən gələcəyik”. (Expressa.net)

 



Oxşar Xəbərlər

Xəbər lenti