11 apreldən sonra nə baş verəcək?

11 apreldən sonra nə baş verəcək?

 


 

Nəticəsi bəlli olan seçki nəyi dəyişəcək?

İcra başçılarının zamanın çağrışlarına cavab vermək imkanları yoxdur. Onlar

sel kimi axan büdcə pullarını çox asanlıqla xərcləməkdən başqa bu günə kimi

bir dənə də olsun qabaqçıl istehsal sahəsinin açılmasına nail ola bilməyiblər

Hakimiyyətin dəyişməsi mexanizmi kimi düşünülmüş seçkilər 11 apreldə iqtidar dəyişikliyinə gətirib çıxarmayacaq. Növbədənkənar prezident seçkilərinə bir aydan artıq vaxt qalsa da, səsvermənin nəticəsi məlumdur. Seçkidə iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edən şəxslərin heç biri prezident İlham Əliyevə həqiqi mənada alternativ olmaq gücündə deyillər. Onların hər biri ən yaxşı halda 1-2 faiz seçicinin dəstəyini qazana bilərlər. Hətta seçkini baykot edən qüvvələr də seçkidə iştirak etsəydi, nəticə fərqli olmayacaqdı. Buna görə də 11 aprel növbədənkənar prezident seçkilərinin qalibinin İlham  Əliyev olacağına heç kimdə şübhə yoxdur. Buna görə də cəmiyyəti maraqlandıran məsələ 11 apreldən sonra baş verəcək dəyişikliklərdir. 

İqtidar düşərgəsində bir çoxları dəyişikliklərə ciddi ehtiyac görməsə də, cəmiyyətin bütün təbəqələrində belə bir istək mövcuddur. Hətta bürokratik aparatın özündə də dəyişikliklərin tərəfdarları çoxdur. Məsələ ondan ibarətdir ki, eyni sahəyə 10, 15 və 20 ildən artıq eyni şəxslərin rəhbərlik etməsi bir çox dövlət strukturlarında məmurların vəzifə pillələrində yüksəlişinə mane olduğu üçün onlar dəyişiklikliyin tərəfdarlarıdır. Ona görə də, 11 apreldən sonra yüksək vəzifəli məmurların sırasında ciddi dəyişikliklərin olacağı ilə bağlı ümid dolu şaiyələr dolaşır. Bir müddət əvvəl deputatlardan birinin 20-dən artıq vəzifədə olan məmurların seçkidən sonra dəyişdiriləcəyi ilə bağlı mesajı da əslində məmurların arzularının təmin edilməsinə yönəlmişdi. 83 yaşı iki gün öncə tamam olan Baş nazir Artur Rasizadə ilə bağlı cəmiyyətdə mövcud olan fikirlər əslində bürokratik aparatın rəhbərliyində ciddi dəyişikliklərin çox uzun müddət ərzində baş verməməsidir.

Tam əminliklə demək olar ki, artıq bu dəyişikliklər sosial sifarişə çevrilib. Eyni zamanda dünya və bizim regionda baş verən proseslər də dəyişiklikləri zəruri edir. Ən vacib məqamlardan biri də ölkə iqtisadiyyatının dəyişiklikləri zəruri etməsidir. Hər kəsə aydındır ki, ölkə iqtisadiyyatında yaranmış tarazlıq əslində neftin son bir ildə bahalaşmasıdır. Bahalı neft ölkə büdcəsində ciddi kəsir yaranmasına imkan vermədiyi kimi, milli valyutanın məzənnəsini də qorumağa imkan verir. Əgər, neft ucuzlaşarsa və ehtimal edilən kimi 30 dollardan aşağı düşərsə, Azərbaycanın ciddi problemlərlə üzləşəcəyi hər kəsə məlumdur. Neftin ucuzlaşacağı isə çox böyük ehtimalla reallaşacaq. Deməli, Azərbaycan cəmiyyəti həmin vəziyyətə hazır olmalıdır. Əks, halda biz məmurlardan "neftin ucuzlaşmasını gözləmirdik” kimi açıqlamalarını yenidən eşidəcəyik.

Artur Rasizadənin başçılıq etdiyi hökumət bu məsələləri proqnozlaşdırmağa qadir olmadığı kimi, gözlənilən problemlərdən yayınmaq üçün islahatlar hazırlayıb həyata keçirmək gücündə də deyil. Buna görə, bu hökumətin dəyişməsi artıq zərurətə çevrilib.

Ancaq dəyişməsi zəruri olan yalnız Nazirlər Kabineti deyil. Bir çox icra başçılarının zamanın çağrışlarına cavab vermək imkanları yoxdur. Onlar sel kimi axan büdcə pullarını çox asanlıqla xərcləməkdən başqa bu günə kimi bir dənə də olsun qabaqçıl istehsal sahəsinin açılmasına nail ola bilməyiblər. Bu gün elə bir icra başçısı tapmaq mümkün deyil ki, hansısa istehsal sahəsinin yaradılmasının fikir müəllifi kimi təqdim etmək mümkün olsun. İcra başçıları özlərinin fəaliyyətinin nəticəsi olaraq ancaq rəhbərlik etdikləri şəhər və rayonların mərkəzi küçələrinin, parklarının abadlaşdırılmasından artıq heç bir uğurlu işlərindən danışa bilməzlər.

11 aprel növbədənkənar prezident seçkilərindən sonra dəyişməsi vacib olan məsələlər yalnız iqtisadiyyatla bağlı deyil. Ölkənin xarici siyasət kursunda da redaktələr olmalıdır. Xarici ölkələrdəki səfirliklərin və diaspora təşkilatlarının fəaliyyəti yenidən qurulmalıdır. Növbədənkənar prezident seçkiləri elan olunduqdan sonra bu hadisəni zəruri edən məqamlarla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində heç bir uğurlu işin görülməməsi səfirlik və diaspora mərkəzlərinin fəaliyyətinə yenidən qiymət verilməsini gündəmə gətirir.

Əgər bütün bu addımlar vaxtında atılmasa, 2018-ci ilin sonu, 2019-cu ilin əvvələrində Azərbaycan arzuolunmaz mərhələyə daxil olacaq. Bu gün baş verən intiharların və cinayətlərin statistikası həmin arzuolunmaz mərhələnin ilk siqnalları hesab oluna bilər. Bu siqnallara vaxtında və dəqiq reaksiya verilməsə, bir neçə aydan sonra ciddi problemlər baş qaldıracaq. Hüquq-mühafizə orqanlarının cinayətlərin statistikasının yüksələn xətlə artmasının qarşısını alması mümkün olmursa, deməli başqa tədbirlər görülməlidir. İntiharların və cinayətlərin statistikasının yüksələn xətlə artması iqtisadi və sosial problemlərin dərinləşməsinin nəticəsidir. Sosial problemlər içərisində boğulan insanın intihara əl atmasının qarşısını dünyanın ən mükkəməl hüquq-mühafizə orqanı da ala bilməz. Bütün bunlara görə ölkədə ciddi  dəyişikliklər zərurətə çevrilib,nəticəsi bəlli olan 11 aprel növbədənkənar prezident seçkilərinin zəruri dəyişikliklərə start verib, verməyəcəyini isə ən geci iki aydan sonra görəcəyik.       

A.  Nəbiyev,

  "Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}