Məmurlar qorxu içindədir

 


İlham Əliyevdən sərt xəbərdarlıq kimlərin karyerasına son qoyacaq

Aprelin 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı yekun nitqində məmurların fəaliyyətindən narazı olduğunu bildirib və bəzi sahələrlə bağlı çox sərt açıqlamalar verib. 2017-ci ilin Azərbaycanda çox dərin iqtisadi islahatlar ili olduğunu bəyan edən prezident bu ildə də islahatların davam edəcəyini açıqlayıb. Bu fikirlərin ardınca isə prezident bəyan edib ki, nəinki iqtisadi, bütün digər sahələrdə islahatlar aparılacaqdır ki, ölkəmiz daha da güclənsin, müasirləşsin və Azərbaycanda dayanıqlı uzunmüddətli inkişaf təmin edilsin.

Bütün digər sahələr dedikdə dövlət başçısının struktur və kadr islahatlarını da nəzərdə tutduğuna şübhə yoxdur. "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin prezident seçkilərindən sonra həm institusional, həm kadr islahatları gedəcəyi haqqında inamlı açıqlaması da göstərir ki, bu sahədə müzakirələr artıq aparılır. Artıq hər kəs prezident seçkilərindən sonra ciddi struktur və kadr islahatlarının keçiriləcəyini gözləyir. Dövlət başçısı da bəzi məmurların hərəkətlərindən çox ciddi narazılığını ifadə edib.Belə əməl sahibləri haqqında çox sərt ifadə işlədərək, "Bu dərəcədə alçaqlıq olmaz”- deyib. Turizmin inkişafı ilə bağlı danışan prezident bəyan edib ki, turistlərin incidilməsi halları haqqında onda məlumat var: "Bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin”. Dövlət başçısı nitqində bəyan edib ki, xarici həmkarlarımdan biri deyib ki, Siz vizanı ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. "Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkil aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı!” Dövlət başçısı hüquq-mühafizə orqanlarının da turistlərlə bağlı fəaliyyətindən narazılığını bəyan edib: "Bəzən hüquq mühafizə orqanlarının işçiləri otellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır!”

Məmurların hərəkətlərinin dözülməz olduğuna işarə edən dövlət başçısı "Bu dərəcədə alçaqlıq olmaz”- deyib və keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslərin cəzalandırılacağını açıqlayıb.

Belə görünür ki, bir çox məmurların kürsüləri laxlayıb və onlar vəzifə başında sanılı günlərini keçirirlər. Dövlət başçısının Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sərhəd-keçid məntəqələrindəki vəziyyətdən daha çox narazı olması Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin mövqelərinin zəifləməsindən xəbər verir. Etibarlı mənbənin verdiyi məlumata görə, bu iki şəxsin vəzifələrini itirməsi çox realdır. Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsindən sonra Aydın Əliyevin vəzifəsini itirəcəyi gözlənilir. Elçin Quliyevi isə tutduğu vəzifədən azad edəcəklər. Yeri gəlmişkən qeyd edək ki, dövlət başçısı son zamanlar Vergilər Nazirliyində həyata keçirilən islahatları yüksək qiymətləndirib. Bu isə Mikayıl Cabbarovun ən azı öz vəzifəsində qalacağı, hətta daha yüksək vəzifələrə təyinat ala biləcəyindən xəbər verir. Belə görünür ki, Mikayıl Cabbarovun Baş nazir vəzifəsinə təyinat alacağı müəyyən əsaslara söykənir. Mikayıl Cabbarovdan fərqli olaraq əksər məmurlar qorxu içindədir. Çünki, dövlət başçısının ciddi dəyişikliklərə hazırlaşdığını ictimaiyyətdən əvvəl məhz onlar bilir. Bəzi məmurların ailə üzvülərinin seçkidən əvvəl ölkədən getmələri haqqında məlumatlar da görünür əsassız deyil. Təsdiqlənməmiş məlumatlara görə, bir neçə nazir və komitə sədrinin ailə üzvüləri artıq xarici ölkədədirlər. Bəzi nazir və komitə sədrlərinin prezident seçkilərinə ailə üzvüləri olmadan qatılması da bu məlumatı təsdiq edir. Gürcüstandakı mənbələrdən redaksiyamıza daxil olan məlumatda isə Azərbaycandan bu ölkəyə nəğd valyutanın axının gücləndiyindən bəhs olunur. Biz həmin məlumat üzərində araşdırmalar aparmağa çalışırıq. Eyni zamanda banklar vasitəsilə də ölkədən valyuta axının güclənməsi haqqında məlumatlar var. Görünür, bəzi banklarda valyuta satışında yaranan problemlər də bununla bağlıdır. İddialara görə, məmurlar diqqət çəkməmək üçün pullarını birbaşa Qərb ölkələrinə deyil, ticarət müqavilələrinin arxasında gizlənərək Çinə köçürürlər. Əlbəttə, "Komerssiya sirri haqqında” Qanunun arxasında gizlənən banklardan və özəl şirkətlərdən bu barədə məlumat almaq faktiki olaraq mümkün olmasa da, Azərbaycandan xaricə valyuta axının güclənməsi ilə bağlı bu və digər məlumatları araşdırmağa çalışacağıq.

Arzuman Logmanoglu,

"Yeni Sözçü”qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}