İnam Kərimovun nazir təyin edilməsinin səbəbi

 

İnam Kərimovun nazir təyin edilməsinin səbəbi

 


 

Əsas hədəf korrupsiyanın qarşısının alınmasıdır

 

Heydər Əsədovun kənd təsərrüfatı naziri vəzifəsindən kənarlaşdırılması və onun yerinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN XİDMƏTİN) sədri İnam Kərimovun təyin edilməsi bəzilərinə təəccüblü görünsə də, əslində bu gözlənilən idi. Heydər Əsədovun istefaya göndərilməsi mediada əsasən sabiq kənd təsərrrüfatı nazirinin keçmiş nəqliyyat naziri Ziya Məmmədovla quda olması ilə izah olunur. Ancaq bu çox səhti yanaşmadır. Ziya Məmmədov nazir vəzifəsindən azad edilsə də, hakimiyyətin əleyhidarlarına qoşulmayıb. Eyni zamanda sabiq nəqliyyat nazirinə qarşı kəskin münasibət də hiss olunmur. Belə olduğu bir zamanda Heydər Əsədovun Ziya Məmmədovla quda olmasına görə vəzifəsindən kənarlaşdırılması əsas səbəb ola bilməz.

Bizim fikirimizcə əsas səbəb Kənd Təsərrüfatı Nazirliyində baş verən korrupsiyanın ildən-ilə böyüməsi, aqrar sektorun inkişafı məqsədilə ayrılan vəsaitlərin mənimsənilməsi idi. Xatırladaq ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının istər birinci, istərsə də ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev aqrar sektora dövlət büdcəsindən ayrılan subsidiyaların istifadəsi zamanı yol verilmiş neqativ hallara qarşı çox kəskin bir münasibət bildirmişdi. Dövlət başçısı ölkə iqtisadiyyatının və dövlət büdcəsinin neftdən asılılığını minimuma endirmək məqsədilə müəyyən etdiyi iqtisadi siyasət kursunda aqrar sektorun önəmli rol ayırmışdı. 2015-ci ilin kənd təsərrüfatı ili elan edilməsi də bu kursun həyata keçməsinə xidmət edirdi. Ancaq bütün görülən tədbirlərə və aqrar sektorun inkişafı üçün milyardlarla manat vəsait ayırılmasına baxmayaraq ciddi irəliyişə nail olmaq mümkün olmadı. Bunun əsas səbəbi isə aqrar sektorun inkişafı üçün ayrılan vəsaitin şəffaf paylanmasının təmin olunmaması idi. Heydər Əsədov bütün cəhdlərinə baxmayaraq bu vəzifəninin öhdəsindən gələ bilmədi. Fikirimizcə, bu onun istefasının əsas səbəbi idi. Kənd təsərrüfatı naziri vəzifəsinə faktiki olaraq korrupsiyanın mövcud olmadığı yeganə təsisatın, ASAN Xidmətin sədri İnam Kərimovun təyin edilməsi də bizim ehtimalımızı təsdiqləyir. ASAN Xidmətə korrupsiyanın, rüşvətin yol tapmasına imkan verməyən İnam Kərimovun qarşısına qoyulan ilk vəzifə də yəqin ki, məhz aqrar sektorun inkişafı üçün ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasını təmin etmək olacaq.

Heydər Əsədovun istefaya göndərilməsinin səbəblərindən biri də sabiq nazirin məmurların maraqlarına qarşı gedə bilməməsi, həmin məmurların isə bundan istifadə etməsi idi. Xatırlaadq ki, prezident İlham Əliyev də çıxışlarının birində Heydər Əsədova demişdi: "İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmədi. Məgər burada oturanlar bilmir ki, subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır”. Dövlət başçısının tənqidindən ötən müddət ərzində dövlət başçsıının bu tənqidindən nəticə çıxarılmasını söyləmək mümkün deyil. Kənd Təsərrüfatı Nazirliyində baş verənlərdən xəbərdar olanlar sabiq nazir Heydər Əsədovun subsidiyaların ayrı-ayrı məmurlar tərəfindən mənimsənilməsinin qarşını almaq üçün heç bir tutarlı tədbir görə bilmədiyini, hətta buna cəsarətli cəhd etmədiyini də bilirdilər.

 

 

Mənbə bildirir ki, Ziya Məmmədov nəqliyyat naziri vəzifəsindən azad edildikdən sonra Heydər Əsədovun mövqeləri daha da zəifləmişdi və bu məqam korrupsioner məmurların əl-qolunu daha da açmışdı.

Bu günə kimi heç bir məmurla korrupsiya layihəsində iştirak etməyən, korrupsiya ilə mübarizə sahəsində Azərbaycan hökumətinin ən uğurlu layihəsinin yaradılmasında və uzun illər idarə edilməsində əsas rol oynamış İnam Kərimovun kənd təəsrrüfatı naziri təyin edilməsi subsidiyaların mənimsənilməsində iştirak edən məmurların qarşısını almaqdır.

Ekspertlər hesab edir ki, İnam Kərimovu çətin bir vəzifə gözləyir. Yeni nazir bir yandan məmurların aqrar sektora yönələn büdcə vəsaitlərinin mənimsəmək arzularının qarşısını almalı, digər tərəfdən isə həmin büdcə vəsaitlərinin şəffaf istifadə edilməsini təmin etməlidir. Bunun üçün struktur islahatlarla yanaşı güclü kadr dəyişikliklərinə də ehtiyac var. Digər tərəfdən sabiq nazir Heydər Əsədovun zamanında büdcə vəsaitlərinin mənimsənilməsində iştirak etmiş şəxslərin cəzalandırılması da çox uğurlu ola bilər. Bu zaman isə ilk növbədə "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində baş vermiş korrupsiya olaylarına diqqət yönəldilməlidir. Çünki, bu sahədə texnika və avadanlıqlar almaq məqsədilə kənd təsərrüfatı istehsalçılarına ayrılan pulun müəyyən hissəsinin, əsasən 20 faizinin, bəzi hallarda isə hətta 30 fazinin geri istənilməsi haqqında çoxsaylı iddialar mövcuddur.  Yeni kənd təsərürfatı naziri İnam Kərimov bu hallara son qoymaqla yanaşı, ondan əvvəl baş vermiş hallara da hüquqi qiymət verilməsini təmin etməlidir.

P.S. "Yeni Sözçü” qəzeti İnam  Kərimova bu mühüm dövlət  vəzifəsində uğurlar diləyir.

Arzuman Loğmanoğlu,

"Yeni SÖZÇÜ” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}