Paşinyan sələfinin yolu ilə getməkdədir... - Ermənistanın yeni baş naziri sərsəm açıqlamaları ilə özünün sonunu gətirəcək

Paşinyan sələfinin yolu ilə getməkdədir... - Ermənistanın yeni baş naziri sərsəm açıqlamaları ilə özünün sonunu gətirəcək

 

Ermənistanın baş naziri Nikol Paşinyan kreslosuna əyləşər-əyləşməz sərsəmləməyə başlayıb. Belə ki, Azərbaycanın işğal altında olan torpaqlarından Türkiyəyə yönəlik açıqlamalar verən Paşinyan Ankara ilə heç bir ilkin şərt irəli sürmədən münasibətləri normallaşdırmaq üçün danışıqlara hazır olduğunu bəyan edib: "Biz Türkiyə ilə heç bir ilkin şərt irəli sürmədən əlaqələrin normallaşdırılması tərəfdarıyıq. Biz hər hansı ilkin şərt axtarmırıq, ilkin şərti irəli sürən Türkiyədir. Türkiyənin bu ilkin şərti də 3-cü bir ölkə (Azərbaycanı nəzərdə tutur-red.) ilə bağlıdır. Biz Türkiyənin soyqırımı tanımasını da gözləmirik. Bu mövzunun biz beynəlxalq aləmdə tanınması üçün enerji sərf edirik".

 

Dost və qardaş ölkə Türkiyənin Paşinyanın qeyri-ciddi bəyanatına şərhi isə özünü çox gözlətməyib. Belə ki, Türkiyə Prezidenti Administrasiyasının yaydığı məlumatda qəti şəkildə bəyan edilib ki, Azərbaycan əraziləri azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması haqqında söhbət belə gedə bilməz. Administrasiyadan qeyd ediblər ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir: "Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyi dəqiq, aydındır və Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməlidir". Ermənistanın qondarma "erməni soyqırımı" iddialarına gəlincə isə administrasiyadan bildiribər ki, Türkiyə 1915-ci ilin hadisələrini araşdırmaq üçün özünün bütün arxivlərini açıb: "Arxivlərin açılması barədə bir neçə dəfə prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib. Əgər tarixdə ermənilərə qarşı "soyqırım" olsaydı, Ermənistan Ankaranın arxivlərin açılması barədə təklifi ilə razılaşardı".

Beləliklə, Türkiyə Prezidenti Administrasiyasının yaydığı məlumat bir daha onu təsdiqləyir ki, qardaş ölkə Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyində qətidir və heç bir halda sözündən dönməyəcək.

Xatırlayırsınızsa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddən əvvəl həm Türkiyə, həm Azərbaycan xalqı qarşısında ermənilər Azərbaycan torpaqlarından çəkilmədiyi müddətdə Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmayacağına dair söz verib. Bunu nəzərə alaraq, Paşinyanın məlum açıqlamasını sərsəmləmə kimi dəyərləndirmək olar. Görünən odur ki, Ermənistanın yeni baş naziri ölkəsini Qərb dövlətləri, əsasən də ABŞ-la yaxınlaşdırmaq məqsədiylə Türkiyənin yardımına baş vurmağı, Ankara ilə münasibətlərini normallaşdırmağı planlaşdırır. Qeyd edək ki, məhz bu mövqedən çıxış edən siyasət üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy bugünlərdə apatv-yə açıqlamasında bildirib ki, əgər İrəvan Qərb dövlətləri ilə yaxınlaşmaq istəyirsə, Ermənistanın Türkiyəyə çox böyük ehtiyacı olacaq: "Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyəcəksə, ilk növbədə Paşinyan Qarabağ məsələsində güzəştlərə getməlidir. Bunun üçün Paşinyan Azərbaycanla əlaqələri qaydaya salmalı və "Qarabağ klanı"na qarşı çıxmalıdır. Bu məqsədlə o çıxışlarında Qarabağ məsələsi ilə bağlı daha yumşaq tezislər səsləndirə, nəticədə Azərbaycanla danışıqları daha mülayim kontekstdə apara bilər".

O, hesab edir ki, Ermənistan Türkiyə ilə münasibətləri qaydaya salmaq istəyirsə, qondarma "erməni soyqrımı" məsələsində güzəştə getməlidir: "Lakin buna cəhd etmək Paşinyan üçün daha ağır nəticələrə səbəb olar. Qondarma "erməni soyqırımı" məsələsində Paşinyanın güzəştə getməsi Qarabağ məsələsi ilə müqayisədə daha ağır nəticələr verə bilər. Çünki Paşinyanın dəstəklədiyi kütlələr və əsasən də erməni diasporu bu cəhdlərə kəskin etiraz edəcəklər. Bununla da Paşinyan elektoratının çox böyük hissəsini itirmiş olacaq. Dolayı yolla "soyqırım" məsələsində güzəştə getmək Paşinyan üçün daha böyük risklər yarada bilər".

Azərbaycanla düşmənçiliyin Ermənistanı fəlakətə apardığını deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə qeyd edib ki, Nikol Paşinyanın Qarabağla bağlı siyasəti istefaya məcbur etdiyi Serj Sarkisyanın siyasətinin davamıdır: "Nikol Paşinyan Xankəndidə yerli separatçıların lideri Bako Saakyanla görüşdü, daha sonra Şuşanın işğalının 26 ili ilə bağlı mərasimə qatıldı. Bununla Nikol Paşinyan ilk gündən Azərbaycana mənfi siqnal göndərdi. Nikol Paşinyan baş nazir seçiləndən sonra parlamentdəki çıxışında dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Azərbaycanla danışıqlara hazırdır. Ancaq bunun ardınca başqa bir cümlə də işlətdi: "Azərbaycan Dağlıq Qarabağla da danışıqlar aparmalıdır". Azərbaycan isə heç zaman Dağlıq Qarabağla danışıqlar aparmayacaq. Azərbaycan torpaqlarını Ermənistan işğal edib və danışıqlar işğalçı ilə aparılır. Əgər Bakı Xankəndi ilə danışıqlara başlasa, bu, o demək olacaq ki, torpaqların işğalında Ermənistanın rolu olmayıb. Dağlıq Qarabağın erməni tərəfi danışıqların sonrakı mərhələlərində iştirak edə bilərlər və bu zaman danışıqlarda Dağlıq Qarabağın azərbaycanlı icması da iştirak etməlidir".

Politoloqun fikrincə, əgər Ermənistanın yeni baş naziri sülh, əmin-amanlıq və ölkəsi üçün inkişaf arzulayırsa, o zaman keçmiş lideri və eks-prezident Levon Ter-Petrosyan kimi münaqişənin "mərhələli həll planı"nı qəbul etməlidir: "İkinci alternativ keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın status-kvonun davamıdır. Ancaq Paşinyan bu halda Azərbaycanla yenidən toqquşma ehtimalını nəzərə almalıdır. Yəni Ermənistan gəncləri yenə onlara aid olmayan torpaqlarda ölməyə davam edəcəklər. Bu ölümlər keçmişdə olduğu kimi, Ermənistanda narazılıq yaradacaq. Seçim Paşinyanındır. Onun düşünməsi üçün bir neçə ay vaxtı var".

Bu arada, Türkiyənin "Vatan" qəzetinin yazarı Kürşad Zorlu da bu qənaətdədir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan, işğal altındakı torpaqlarımız azad edilmədən rəsmi Ankara İrəvanla münasibətlərini normallaşdırmayacaq: "Bu gün Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. İşğalın BMT-nin müvafiq qərarlarına rəğmən, davam etməsi həm də Türkiyə ilə Azərbaycan arasına sədd çəkmək məqsədi güdür. Vaxtilə ermənilərin müəyyən güclərin dəstəyilə Zəngəzur bölgəsini işğal etməsi isə Naxçıvanla Bakı arasındakı bağı kəsmək məqsədi güdürdü. Hətta 1991-cil ildə İraqda Türkiyədən istifadə edilməsi, son olaraq isə Suriyanın şimalında "terror dəhlizi"nin yaradılması cəhdlərinin bir səbəbi də Türkiyənin Yaxın Şərq-Aralıq dənizi hövzəsilə əlaqələrini kəsmək istəyindən irəli gəlir. Azərbaycanın müstəqillik əldə etdiyi 1991-ci ildən bu vaxta qədər olan dövrü təhlil edən zaman çox asanlıqla bu nəticəyə gəlmək olur. Bütün bunlara rəğmən, hazırda Azərbaycanla Türkiyə eyni istiqamətə baxmağa məcbur olan iki gözdür. Hətta siyasətçilər və ya parlamentarilər bu gün iki ölkəni birləşdirmək qərarı verərlərsə, bunu dünya qarşısında əsaslandıracaq onlarla səbəb və imkanlarımız var. Yəqin ki, bu uzaq hədəf bir məqsəd, haradasa bir "Qırmızı alma"dır. Belə məqsədlər keyfiyyətli əməkdaşlıq səylərilə konkretləşə bilər".

Bu gün Azərbaycan və Türkiyənin hətta ən həssas məsələlərdə belə, tərəfdaşlıq etməsinin bəzi dairələrdə ciddi narahatlıq yaratdığını vurğulayan türkiyəli yazar bəyan edib ki, bir müddən öncə İsrail parlamentinə təqdim olunmuş qondarma erməni soyqırımına dair qanun layihəsinin qəbul olunmamasında rəsmi Bakının böyük əməyi olub. Sözsüz ki, Ermənistanın da bundan xəbəri var. Belə olan halda Nikol Paşinyanın Ankara ilə heç bir ilkin şərt irəli sürmədən münasibətləri normallaşdırmaq üçün danışıqlara hazır olduğunu bəyan etməsi və Türkiyənin buna gedəcəyini düşünməsi axmaqlıq deyilsə, o zaman bəs nədir?.. Görünən odur ki, o da sələfi Serj Sarkisyanın yolu ilə getməkdə israrlıdır. Bu yolun sonu isə uçurumdur. Yəni bu gün sənin üçün Serji yıxan xalq, sabah başqası naminə səni devirə bilər.

Valeh TÜRKSOY, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}