Çoxqütblü, yoxsa çoxtərəfli dünya nizamı: bəşəriyyət seçim qarşısında

Çoxqütblü, yoxsa çoxtərəfli dünya nizamı: bəşəriyyət seçim qarşısında

 

Mütəxəssislər və siyasətçilər uzun müddətdir ki, qlobal dünya nizamının gələcəyi ilə bağlı diskussiyalar aparırlar. Maraqlı təkliflər irəli sürülür. Keçən əsrin 70-80-ci illərində Qərbdə "çoxqütblü dünya" modelindən danışmağa başladılar.

Sozcu.info  newtimes.az-a istinadən xəbər verir ki, Rusiyada Yevgeni Primakov isə 1996-cı ildə Hindistana səfəri zamanı Rusiya-Hindistan-Çin mərkəzli yeni dünya modeli yaratmağı təklif etdi. Bu, çoxqütblü dünya modeli ilə bağlı konkret addım hesab edilir. Ancaq o zamandan bu yana çoxqütblü dünya modeli qurulmur. Faktiki olaraq bəşəriyyət yenə də təkqütblü dünyanın ziddiyyətləri içində çapalayır. Liderlər də zaman-zaman bunu etiraf edirlər. Bəs səbəb nədən ibarətdir? Niyə böyük dövlətlər və beynəlxalq təşkilatlar çıxış yolu tapa bilmirlər? Biz bu məsələnin bir sıra aspektlərinin nəzəri-geosiyasi təhlilinə ehtiyac görürük.

Dünya nizamı modelinin transformasiyası: zərurət və çətinlik

Bu gün çoxqütblü dünya nizamının formalaşması zərurəti barədə bir sıra analitiklər araşdırma aparırlar. Maraqlı ideyalar irəli sürülür, təkliflər verilir. Lakin onların heç biri reallaşmır. Siyasi liderlər də bu məsələnin üzərində çox dayanırlar. Hətta keçən əsrin 90-cı illərinin ortalarında çoxqütblü dünya modelinə keçidin konkret mexanizmləri belə təklif edilmişdi. Məsələn, Yevgeni Primakov Rusiya-Hindistan-Çin ("РИК") modelini irəli sürmüş, onu birqütblü dünyaya alternativ ola biləcək yeni qlobal nizamın əsası adlandırmışdı (bax: Примаков Е.М. Международные отношения накануне XXI века: проблемы, перспективы / Международная жизнь. 1996, №10, c.3-13).

Qərb analitikləri isə çoxqütblü dünya modelinin əsasının keçən əsrin 70-80-ci illərinə gedib çıxdığını ifadə edirlər (bax: Райс К. Полюс свободы и справедливости. Многополярность как теория соперничества / Россия в глобальной политике. 2003, №3). Bu zaman həmin modelə birmənalı münasibət olmadığı da vurğulanmalıdır. Onun tərəfdarları olduğu kimi, əleyhdarları da var. Məsələn, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays çoxqütblü dünya modelini birtərəfli və kimlərəsə imtiyaz verən ideya olduğuna görə tənqid edirdi. O yazırdı: "Çoxlarının yüksək tonla vurğuladığı çoxqütblülük ideyası birləşdirici güc ola bilməz. Çoxqütblülük rəqabət, rəqabətdə olan maraq və dəyərlər nəzəriyyəsidir. Bu ideologiya bizi bəşəriyyətin qarşısında dayanmış böyük vəzifələrin həllindən uzaqlaşdırma təhlükəsi yaradır" (bax: əvvəlki mənbəyə).

Lakin məsələ burasındadır ki, çoxqütblülük ideyası dünyanın birqütblü modelə keçməsi nəticəsində meydana çıxan çoxlu sayda problemləri həll etmək zərurətindən meydana atılmışdı. Sanki bəşəriyyəti üzləşdiyi ciddi təhlükələrdən və dünyanın lideri hesab edilən ölkənin şıltaqlığından kollektiv surətdə xilas etmək məqsədi güdülürdü. Ancaq dərinliklərə gedəndə, doğrudan da, reallıqda başlıca məqsədin bir təhlükəni və ədalətsiz yanaşmanı digəri ilə əvəz etmək olduğu aydınlaşır.

Bəlkə bu səbəbdən idi ki, Çin rəhbərliyi bir qədər fərqli model irəli sürdü. Onu "doszihua" adlandırırdılar ki, Mao Tsedunun nəzəri irsinə əsaslanırdı. Bu yanaşmaya görə, dünya siyasətinin "hibrid" strukturunun formalaşması meydana gəlir ki, bu da özlüyündə həm keçmiş, həm də gələcək dünya nizamını ehtiva edir (bax: Suisheng Zhao. "Beijing's Perceptions of the International System and Foreign Policy Adjustment after the Tiananmen Incident" / Suisheng Zhao (ed.), Chinese Foreign Policy. Pragmatism and Strategic Behavior. New York: East Gate Book, 2004, p.142).

Bunlara baxmayaraq, siyasi liderlər birqütblü dünya modelindən imtina edilməsində çox israrlıdırlar. Vladimir Putin 2016-cı ilin oktyabrında vurğulayıb ki, "mən çox istərdim ki...dünya çoxqütblü olsun və beynəlxalq birliyin iştirakçılarının bütün üzvlərinin rəyi nəzərə alınsın" (bax: Заседание Международного дискуссионного клуба "Валдай" / Kremlin.ru, 27 oktyabr 2016). Bundan bir neçə ay əvvəl isə etiraf etmişdi ki, ABŞ superdövlətdir və Rusiya bunu qəbul edir" (bax: Пленарное заседание Петербургского международного экономического форума / Kremlin.ru, 17 iyun 2016). Deməli, siyasətçilər çoxqütblü dünya arzulamaqdan o tərəfə keçməyib və real olaraq dünya birqütblü modelin əsirliyində qalmaqdadır.

Bu yanaşmalarda bir ziddiyyətin olduğu aydın görünür - bir tərəfdən birqütblü dünya modeli qəbul edilmir, digər tərəfdən isə çoxqütblü modelin də təhlükəli olduğu vurğulanır. Çoxqütblü modeldə məhdud sayda dövlət hegemonluq edə bilər və kiçik dövlətlərin maraqları nəzərə alınmaz. Hətta kiçik dövlətlərdən güclülər öz maraqları üçün aktiv surətdə istifadə edə bilərlər (bax: Кортунов А.В. Почему мир не становится многополярным / Россия в глобальной политике, 26 iyun 2018).

Əsas mexanizmlər: ədalətli, obyektiv və ikili standartlarsız dünyaya doğru

Biz bu geosiyasi problemin bütün aspektləri üzərində dayanmaq fikrindən uzağıq. Burada vurğulamaq istədiyimiz məhdud sayda faktorlar vardır. Onların işığında Cənubi Qafqazda müstəqilliyini əldə etmiş ölkələr üçün də müəyyən dərəcədə əhəmiyyəti olan məqamlara nəzər salmaq olar.

Mütəxəssislər çoxqütblü dünya modelinə keçidin çətinliklərindən danışarkən nədənsə regional münaqişələrin ədalətli həlli məsələsini unudurlar. Yuxarıdakı müqayisələrdən də görünür ki, çoxqütblü dünya modeli də münaqişələrin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllinə təminat vermir. Çünki əgər məhdud sayda güclü dövlətlər həmin modelin aparıcı kəsimi olacaqsa, onda konkret münaqişəyə onlar öz maraqları aspektində yanaşacaqlar.

Təcrübə göstərir ki, çoxqütblü dünya modelində əsas rollara ABŞ, Aİ ölkələri, Rusiya, Çin, Hindistan, Braziliya iddialıdırlar. Bunlardan 3-ü - ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış xüsusi qrupun həmsədrləridir. Bu kontekstdə onu çoxqütblülüyün kiçik modeli adlandırmaq olar. Bu günə qədər həmin model konkret heç bir nəticə verməyib. Ortada vədlər və sözlər vardır, prinsiplər müəyyənləşib, ancaq real addım atan yoxdur. Beynəlxalq təşkilatlar qətnamələr qəbul ediblər ki, Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarından çıxsınlar. Lakin nə İrəvan buna əməl edir, nə həmsədr dövlətlər təkid edir, nə də BMT qətnamələrin yerinə yetirilməsini tələb edir.

Deməli, konkret olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çoxqütblü model işləmir. Lakin bu o demək deyil ki, başqa münaqişələrə də münasibət belədir. Təcrübə göstərir ki, böyük dövlətlərdən hər hansı birinin marağı olduğu məsələlər üzrə qəbul edilən sənədlər dərhal reallaşır. Məsələn, Əfqanıstan, Somali, İraq, Suriya və başqaları ilə bağlı qəbul edilən sənədlər gecikmədən yerinə yetirildi. Bu, onu ifadə edir ki, çoxqütblü modeldə aparıcı ola biləcək güclü dövlətlər digərlərinin maraqlarını tam gözləmirlər. Burada ayrı-seçkilik özünü göstərir.

Bəs çıxış yolu nədən ibarət ola bilər? Mütəxəssislər "çoxqütblü" termininin yerinə "çoxtərəfli" terminini işlətməyi daha uyğun bilirlər. Burada bir məntiq vardır. Çoxtərəflilik bəri başdan kimlərəsə imtiyaz vermir. Həmin modeldə bütün üzvlər üçün fəaliyyət meydanı mövcud olur. "Çoxqütblülük yeni dünya nizamını güc əsasında qurmağı, çoxtərəflilik isə maraqlar üzərində qurmağı nəzərdə tutur" (bax: əvvəlki mənbəyə).

Çoxqütblü dünyada bir-birini balanslaşdıran bloklar olur, çoxtərəflidə "bir-birini tamamlayan rejimlər" mövcud olmalıdır. Çoxqütblü dünya güc balansını periodik olaraq korrektə etmək vasitəsi ilə inkişaf etməlidirsə, çoxtərəfli qarşılıqlı asılı elementlərin yığılması və yeni inteqrasiya səviyyəsinə çıxış əsasında inkişaf etməlidir" (bax: əvvəlki mənbəyə).

Göründüyü kimi, çoxtərəfli dünya modeli daha liberal və demokratik təsir bağışlayır. Onun inkişaf potensialı daha çoxdur. Ancaq yenə də əsas məsələ başqa müstəvidədir. Çünki çoxtərəfli modeldə də daha güclülər özlərindən zəifləri sıxışdırmaq imkanı əldə edirlər. Burada da hüquq məsələsində bir iyerarxiyaya yer verilir. Deməli, əsas məsələ münasibətləri tənzimləmək üçün ədalətli və beynəlxalq hüquqa uyğun səmərəli mexanizmlərin işlənib hazırlanmasından ibarətdir. Elə mexanizmlər ki, ikili standartlara imkan verilməsin. Beynəlxalq sistemin bütün üzvlərinə eyni dərəcədə obyektiv, hüquqi normalar çərçivəsində yanaşılsın. Mövcud münaqişələr də həmin prinsiplər əsasında birdəfəlik həll edilsin.

Əsas məsələ dünyanın buna hazır olub-olmamasındadır? Sözdə və nəzəriyyədə deyil, əməldə, praktikada liberal, demokratik, ədalətli və obyektiv olmağa hazır supergüc mövcuddurmu? Kim bir nümunə göstərə bilər?



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}