"Mən heç yerdə dərs demirəm, Səlim müəllim isə..." - SABİQ NAZİR DANIŞDI

"Mən heç yerdə dərs demirəm, Səlim müəllim isə..." - SABİQ NAZİR DANIŞDI

 

Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov hazırda heç bir işlə məşğul deyil.

Sozcu.info  xəbər verir ki, bunu modern.az-a açıqlamasında eks-nazir özü bildirib. H.Əsədov yaxın müddət üçün hər hansı planının olmadığını da deyib.

Sabiq nazir universitetdə dərs deməsilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

"Mən heç yerdə dərs demirəm, Səlim müəllim (eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov-red.) deyir”.

H.Əsədov hazırkı həyatında hər şeyin qaydasında olduğunu və daha geniş danışmaq, başqa suallara cavab vermək istəmədiyini vurğulayıb.

Qeyd edək ki, Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının baş direktoru, maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Prezidentin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib. Ölkə başçısının 2018-ci il aprelin 21-də və 23-də imzaladığı Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamla kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Ailəlidir, üç övladı var.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}