DÖVLƏT HİMNİNİN DƏYİŞDİRİLMƏSİNƏ EHTİYAC VARMI?

DÖVLƏT HİMNİNİN DƏYİŞDİRİLMƏSİNƏ EHTİYAC VARMI?

 

Tahir Kərimli, Fazil Mustafa, Araz Əlizadə və Siyavuş Kəriminin səsləndirdikləri fikirlər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb

ADR-in ilk himni, yəni sözləri və musiqisi Üzeyir Hacıbəyova aid olan "Milli marş" hazırkı himnimizdən daha nikbin və mübariz notlar üzərində tərtib olunub

Bu cür önəmli məsələlər geniş auditoriyanın müzakirəsinə verilməklə, eyni zamanda musiqişünasların, şair və yazıçıların rəyi alınmaqla həll oluna bilər

Bugünlərdə deputat Tahir Kərimli parlamentin plenar iclasında "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı himnin həcminin azaldılmasını təklif edib. Belə ki, "Azərbaycan hələ müstəqil olmadığı dövrdən uşaqlarımı məcbur edirdim ki, Azərbaycanın dövlət himnini oxusunlar. Amma dünya ölkələrinin əksəriyyətində dövlət himnləri iki dəqiqə səsləndirilir. Azərbaycanın dövlət himni isə dörd dəqiqə davam edir. Özü də minor janrında. Bu, mərsiyə deyil axı" deyən deputatın sözlərinə görə, himnin həcmini azaltmaq və onu daha əzəmətli hala gətirmək lazımdır.

Hər kəsin dövlət himnini sevməsinin vacibliyini vurğulayan Tahir Kərimli hesab edir ki, himnimizdəki bədbin notlar götürülməlidir: "Üzeyir Hacıbəyov Azərbaycan Sovet Respublikasının da himinini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün". Qeyd edək ki, onun bu təklifi həmkarı Fəzail İbrahimlinin kəskin etirazına səbəb olub. Deputat bildirib ki, himnin bir sözünü belə, çıxartmaq olmaz: "Bundan necə imtina etmək olar? Dünyada elə bir himndə varmı ki, millət öz canını qurban verməyə hazır olsun? Bunun harasını çıxartmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Xahiş edirəm bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar!"

Tahir Kərimli birinci şəxs deyil ki, himnin musiqisində nikbinlik, mübarizlik və cəngavərlik ruhunun olmamasından gileylənir

Nəzərinizə çatdıraq ki, Tahir Kərimli birinci şəxs deyil ki, Azərbaycan Respublikası Dövlət Himninin musiqisində nikbinlik, mübarizlik və cəngavərlik ruhunun olmamasından gileylənir. Ondan öncə, daha dəqiq desək, 2016-cı ilin mart ayında Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə də Üzeyir Hacıbəyovun himni mərsiyə kimi yazdığını bəyan edib. Belə ki, Azərbaycan Demokratik Respublikasının (ADR) banilərinin tələm-tələsik musiqiyə sözlər uyğunlaşdırdıqlarını iddia edən Araz Əlizadənin sözlərinə görə, dünyada yeganə ölkəyik ki, himnimiz minordur: "Bütün dünyada himnlər majordadır. Yəni majorda olan himnlər ruh yüksəkliyi gətirir. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın". Qeyd edək ki, məhz həmin dövrdə sözügedən mövzunun müzakirəsi zamanı mövqeyini ortaya qoyan millət vəkili Fazil Mustafa da himnimizi təhlil edib digərləri ilə müqayisə etməyin mümkünlüyünü vurğulayıb. Azərbaycan Respublikası Dövlət Himninin həm musiqisində, həm də sözlərində müəyyən nöqsanların olduğunu deyən Fazil Mustafanın fikrincə, bu, ifa zamanı müəyyən çətinliklər yaradır: "Xüsusilə sonluğunda dörd dəfə Azərbaycan sözünün səslənişində bu ahəngi qorumaq asan olmur. Himni musiqisiz oxuyarkən kollektiv ahəngi qorumaq xeyli çətin olur. Vaxt baxımından da ən azı bir dəqiqə artıq səslənir. Sözlərində də lüzumsuz təkrarlar var. Minor və ya major olması elə də əhəmiyyət daşımır, ideyası və peşəkar mətn, musiqinin vaxt standartına uyğunlaşdırılması zəruridir. Subyektiv mövqeyim budur ki, Güney Azərbaycan muxtariyyətinin (1945-1946) himni digər himnlərimizdən daha cəlbedicidir. Bununla belə indiki durumda himn məsələsinin gündəmə gətirilməsi aktual deyil. Qəbul olunduğu kimi də insanlar tərəfindən mənimsənilibsə, bu mövzuda geniş polemika açmağa zərurət görmürəm".

Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi isə təxminən, iki il öncə qeyd olunan mövzu ilə bağlı daha sərt çıxış edib. Belə ki, o, müsahibələrinin birində "Azərbaycan himni heç nəyə yaramır, yeni himn yazılmalıdır", deyə açıqlama verib. Azərbaycan Respublikası Dövlət Himninin Üzeyir Hacıbəyov çox gənc olarkən yazdığı əsgər mahnısı olduğunu iddia edən Siyavuş Kərimi hesab edir ki, hazırkı himnimiz orkestrsiz ifa üçün heç yaramır: "Əslində, bu himn deyil. Üzeyir Hacıbəyov çox gənc olarkən yazdığı əsgər mahnısıdır. Xalq Cəbhəsi dövründə bu musiqidən himn düzəldilib. Mən musiqiçi kimi düşünürəm ki, belə böyük musiqi mədəniyyətinə malik olan Azərbaycanın ayrı himni olmalıdır. Təbii ki, Üzeyir Hacıbəyovun musiqisindən ibarət olan himnimiz olmalıdır. İndiki himni 18-20 yaşında Üzeyr Hacıbəyov yazmışdır. Üzeyr Hacıbəyov "Koroğlu" operasını yazmışdı. Hər tərəfli düşünülmüş və melodiyası zəngin olan musiqidir. Hazırkı himnimiz orkestrsiz ifa üçün heç yaramır. Bu, çox böyük problemdir. Rusiyada sovetlər dağıldıqdan sonra yeni himn yazıldı. Yenə də əvvəl Rusiyanın himnini yazmış Aleksandrın musiqisi üzərində himn yazdırdılar. Bu da əzamətli və möhtəşəmdir. Hesab edirəm ki, Üzeyir bəyin bir çox əsərləri var ki, onlar Azərbaycanın himni ola bilər. Hazırkı himnimizdən qat-qat səviyyəli, maraqlı, insanın daxilinə təsir edə biləcək musiqiləri var". Milli Konservatoriyanın rektorunun sözlərinə görə, Azərbaycan himnini mərsiyə adlandırmaq düzgün olmasa da, çox qəmli və miskin musiqi üzərində qurulub: "İnkişaf etmiş Azərbaycan üçün indiki himn elə müstəqilliyimizin ilk birinci günündən yaramır. Düşünürəm ki, bu məsələyə çox yüksək səviyyədə düzgün münasibət bildirilsə, biz himnimizi, əlbəttə ki, lazimi bir səviyyədə dəyişsək bunu bütün xalq çox yaxşı qəbul edəcək". Xalq artisti bu qənaətdədir ki, Üzeyir Hacıbəyovun bir çox müsiqisini yeni yazılmış mətn üzərində himn etmək olar: "İkincisi də ki, "Koroğlu" operasında "Ey vətən" müsiqisi var. Bu, çox gözəl musiqidir. Bunu xorla da ifa etmək olar. Bu gün Azərbaycanın Qarabağ problemi var. Biz cəmiyyəti ruhlandırmalıyıq. Hesab edirəm ki, "Koroğlu" operasında "Ey vətən" musiqisi çox nikbin, qələbəyə aparan himndir və hamının ürəyindən olar".

Картинки по запросу üzeyir hacıbəyli

Azərbaycan Demokratik Respublikasının ilk himni, sözləri və musiqisi Üzeyir Hacıbəyova aid olan "Milli marş" olub

Bu arada, məlumat üçün bildirək ki, 1992-ci ilin may ayının 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul edib. Və həmin qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və dahi şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilib. Onu da qeyd edək ki, Azərbaycan Demokratik Respublikası hökuməti digər dövlətçilik atributları ilə yanaşı, dövlət himninin yaradılması sahəsində də müəyyən addımlar adıb, qərarlar qəbul edib. Belə ki, Azərbaycan Demokratik Respublikasının rəsmi orqanı olan "Azərbaycan" qəzetinin (rusca) 14 noyabr 1919-cu il tarixli sayında Xalq Maarif Nazirliyi tərəfindən hökumətə milli himnin və dövlət gerbinin hazırlanmasının təşkili məsələsi haqqında rəsmi təkliflərin təqdim edildiyi xəbər verilib. Məlumatda həmçinin o da bildirilir ki, Xalq Maarif Nazirliyi himnin yaradılması üçün müsabiqə elan edilməsini, müsabiqəyə himn layihələrinin 1920-ci il fevralın 1-nə qədər təqdim olunmasını, ən yaxşı himnə görə isə 15 min rubl miqdarında mükafat verilməsini məqsədəuyğun hesab edib. ADR-in Nazirlər Şurası Maarif Nazirliyinin həmin təklifinə baxaraq 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının milli himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" qərar qəbul edib. Hökumətin qərarına görə, milli himnin, dövlət gerbi və möhürünün hazırlanması üzrə müsabiqə elan edilməsi Xalq Maarif Nazirliyinə, hərbi ordenlər üzrə isə Hərbi Nazirliyə həvalə edilib. Həmçinin hökumət qərarı ilə milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min rubl vəsait ayrılması nəzərdə tutulmuşdu. Bu qərarı əsas tutaraq 1920-ci il fevralın 19-da Xalq Maarif Nazirliyi "Azərbaycan" (rusca) qəzetində milli himn, dövlət gerbi və möhürünün hazırlanması üçün müsabiqə elan edib. Qeyd edək ki, şərtlərə görə müsabiqədə iştirak edən şəxslər milli himnin layihəsini (eləcə də dövlət gerbi və möhürünün) bağlı konvertdə, həmçinin təqdim edilən layihənin əsasını təşkil edən tarixi, milli-mənəvi, siyasi amilləri geniş şərh etməklə Xalq Maarif Nazirliyinin dəftərxanasına 1920-ci il mayın 1-nə qədər təqdim etməli idi. Bu atributların Azərbaycan İstiqlalının ikinci ildönümünədək, yəni 28 may 1920-ci ilə kimi qanunvericilik səviyyəsində qəbul edilməsi nəzərdə tutulurdu. Lakin 1920-ci ilin 27 aprel rus-bolşevik istilası nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi və süqutu bu böyük milli ideyaların həyata keçirilməsinə imkan vermədi. Ümumiyyətlə, "Azərbaycan marşı"nın sözləri ilk dəfə 1919-cu ildə "Vətən marşı" adı ilə hökumət mətbəəsində "Milli nəğmələr" kitabında çap olunub, musiqisi isə ondan sonra bəstələnib. "Azərbaycan marşı" 1989-cu ildə tanınmış bəstəkar Aydın Əzimov tərəfindən böyük xor və simfonik orkestr üçün aranjiman edilərək lentə yazılıb, həmin ilin payızında 70 illik fasilədən sonra ilk dəfə olaraq Azərbaycan xalqı qarşısında, eləcə də dövlət televiziyası və radiosunda səsləndirilib.

Yeri gəlmişkən, önəmli bir məqamı da vurğulamaq lazımdır ki, sözügedən mövzu ilə bağlı apardığımız araşdırmalar zamanı Azərbaycan Demokratik Respublikasının ilk himninin sözləri və musiqisi Üzeyir Hacıbəyova aid olan "Milli marş" olduğu bəlli olub. Nəzərinizə çatdıraq ki, Üzeyir Hacıbəyovun hələ 1917-ci ilin sonlarında sözlərini və musiqisini yazdığı, həmin il dekabrın 23-də orkestr tərəfindən ifa edilmiş "Milli marş"ın, yəni sonralar elmi ədəbiyyatda "Azərbaycan milli marşı" adı ilə tanınan həmin marşın tam mətni belə idi:

Vurulur meydanda sənc, dəf,

Vurulur meydanda sənc, dəf,

Düzülün əsgərlər səfbəsəf!

Yürüyün şövqlə duşmənə tərəf,

Biliniz Cəngizdir bizə sələf!

Giriniz meydana sanki şir,

Əlinizdə şəmşir ilə tir,

Dilinizdə olsun bu zikr,

Ya Allah, Ya Allah,

Ya Allah, Hüvə-Kəbir!

Çingizləri, Teymurları,

Gəl yada sal o ərləri,

Kim, ol zaman, türk hökmran,

Türkə müti nəsf-cahan,

İmdi görükür nə zillət,

Çöküb bu millət…

Yığılın, övladı Çingizin!

Sürünün bu qeyrə dizin-dizin…

Bu qədər bir torpaq həp sizin

Görürük hər yanda Türk izin!

Giriniz meydana sanki şir,

Əlinizdə şəmşir ilə tir,

Dilinizdə olsun bu zikr,

Ya Allah, Ya Allah,

Ya Allah, Məva-Kəbir!

Oxucularımızın diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Demokratik Respublikasının ilk himni ilə bağlı qeyd etdiyimiz məlumatlar M.Mərdanov və Ə.Quliyevin müəllifləri olduqları "Azərbaycan Respublikasının dövlət rəmzləri" (Bakı, 2001) kitabında və "Üzeyir Hacıbəyli ensiklopediyası"nda (Bakı, 2008) daha ətraflı şəkildə əks olunub. Onu da bildirək ki, 28 aprel 1920-ci ildə bolşevik işğalından sonra Üzeyir Hacıbəyovun adıçəkilən əsəri - "Milli marş" qadağan edilib və not materialları itirilmişdi. Son dövrlərdə onun haqqında məlumat və birsəsli musiqisindən bir parça türk musiqişünası Etem Üngörün 1966-cı ildə ildə Ankarada nəşr etdirdiyi "Türk marşları" kitabında dərc olunmuşdu. Həmin kitabda göstərilir ki, Azərbaycan milli marşının tənzim və seçimi üçün təyin olunmuş müsabiqədə Üzeyir Hacıbəyovun "Milli marş"ı birincilik qazanıb və 15 min rubl məbləğində mükafat alıb. Nəzərinizə çatdıraq ki, uzun axtarışdan sonra R.Xəlilov tərəfindən marşın ilkin klavir variantı və orkestr səsləri tapılıb. S.Fərəcov əsərin 4 səsli xor və böyük orkestr üçün yeni partiturasını hazırladıqdan sonra o, ifa olunub, lentə yazılıb.

Hər bir vətənpərvər şəxs himninin daha mübariz, döyüşkən ruhda tərtib olunmasını arzulayır

Beləliklə, deputatlar Tahir Kərimli, Fazil Mustafa və Araz Əlizadənin, o cümlədən Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin Azərbaycan Respublikası Dövlət Himninin musiqisi ilə bağlı səsləndirdikləri fikirlər cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, aydın şəkildə görünür ki, Azərbaycan Demokratik Respublikasının ilk himni, yəni sözləri və musiqisi Üzeyir Hacıbəyova aid olan "Milli marş" hazırkı himnimizdən daha nikbin və mübariz notlar üzərində tərtib olunub. Bunu deməklə əsla və əsla himnimizə xor baxmaq, onu dəyərdən salmaq fikrində deyilik. İlk öncə ona görə ki, Azərbaycan Respublikasının vətəndaşı olaraq müstəqilliyimizin tərənnümü olan dövlət rəmzlərinə hörmət edir və onlara daim xüsusi diqqətlə yanaşırıq. Bundan başqa, onu da bilirik ki, dövlət rəmzlərinin statusu Azərbaycan Respublikasının Konstitusiyasında müəyyənləşdirilib. Yəni 75-ci maddədə deyildiyi kimi, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Məhz elə bu səbəbədən də himnimizə bu və digər formada xələl gətirə biləcək hər hansı addımın, o cümlədən fikrin qəti şəkildə əleyhinəyik. Lakin o da bir faktdır ki, Üzeyir Hacıbəyovun "Koroğlu" operasındakı "Uvertura", eyni zamanda ADR-in ilk himni olan "Milli marş" hazırkı himnimizin musiqisindən daha təsirlidir. Əbəs yerə deyilməyib ki, musiqi ruhun qidasıdır. Yəni elə musiqi var ki, qulaq asdıqda istər-istəməz səni mübarizəyə, döyüşə, qəhrəmanlığa səsləyir. Bu cür musiqi sədaları altında insan özünü məğlubedilməz, hər an torpağı uğrunda savaşa hazır vəziyyətdə hiss edir. Odur ki, ölkənin baş musiqisi olan himnin daha nikbin və mübariz notlar üzərində tərtib olunması məqsədəuyğun olardı. Siyavuş Kəriminin də dediyi kimi, bunun üçün Üzeyir Hacıbəyovun daha təsirli əsərlərinə müraciət etmək lazımdır. Söz yox ki, bu cür önəmli məsələlər bir-iki, hətta 10-15 nərəfin fikri ilə deyil, geniş auditoriyanın müzakirəsinə verilməklə, eyni zamanda musiqişünasların, şair və yazıçıların rəyi alınmaqla həll oluna bilər. Çünki söhbət Azərbaycan Respublikası Dövlət Himnindən gedir və hər bir vətənpərvər şəxs himninin daha mübariz, döyüşkən ruhda tərtib olunmasını arzulayır. Unutmaq lazım deyil ki, dədə-baba torpaqlarımızın 20 faizi hələ də düşmən tapdağı altındadır. Bunun üçün də bizə insanları savaşa səsləyən musiqilər hava-su kimi lazımdır!



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}