İrəvandan Kremlə qarşı de-mars: Xocalı canisi Moskva ilə bazarlığa çıxarılır

 

 

Paşinyan Yeni ilini Putinin şəxsən təbrik etdiyi Köçəryanı yenə həbsdə saxladı - məhkəmə qərarının arxasındakı əsas hədəf; erməni nəşri: "Putin üçün Köçəryan mühüm fiqurdur, çünki...”

Ermənistanın sabiq prezidenti, Xocalı hərbi canilərindən olan Robert Köçəryan yenə həbsdə saxlanılıb. "Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi xəbərə görə, dünən İrəvanın Şenqavit rayonundakı birinci instansiya məhkəməsi eks-prezidentin girov qarşılığında sərbəst buraxılması barədə vəkilin vəsatətini təmin eləməyib.

Məlumata görə, proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Buna hakim Nelli Bağdasaryanın işə baxmaqdan könüllü imtinası səbəb olub. Köçəryanı pul girovu ilə azadlığa buraxmaq vəsatətini sabiq prezidentin vəkilləri qaldırıb. Ötən il dekabrın 28-də proses istintaqın təklifi ilə təxirə salınmış, srağagün - yanvarın 9-da isə yarımçıq qalmışdı.

Xatırladaq ki, Köçəryan 10 nümayişçinin öldürüldüyü 2008-ci il 1 mart qanlı hadisələrində əsas günahkar qismində tanınır. O vaxt o, prezident postunu tuturdu. Ermənistanın hazırkı baş nazir əvəzi Nikol Paşinyan isə prezident seçkisinin saxtalaşdırılması əleyhinə keçirilmiş həmin dinc etiraz aksiyalarının əsas təşkilatçısı idi.

*****

paşinyan ile ilgili görsel sonucu

Onu da yada salaq ki, az öncə Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanın qatı düşməni, həbsdə olan Robert Köçəryana şəxsən Yeni il təbriki göndərmiş və ona "möhkəm cansağlığı, dəyanət və iradə möhkəmliyi” arzulamışdı. Bu, şübhəsiz ki, Kremlin ona nümayişkaranə siyasi dəstəyi, Ermənistanın ikinci prezidentinin həbsinə etirazın bariz təzahürü idi.

Maraqlıdır ki, Putin Qarabağ klanının digər odioz üzvü, Nikol Paşinyan tərəfindən devrilmiş eks-prezident Serj Sərkisyanı da şəxsən təbrik eləmişdi. Bütün bunlar həm də o anlama gəlir ki, Moskva Ermənistanda Köçəryan-Sərkisyan cütlüyünə stavkasını davam etdirir və onların fors-major vəziyyətdə indiki inqilabçı hökumətə, zəhləsi getdiyi Nikola qarşı əsas alternativ qüvvə kimi ortaya çıxmasını, siyasi səhnəyə qayıtmasını arzulayır. Bu niyyətini heç gizlətmir də.

koçaryan ile ilgili görsel sonucu

Göründüyü kimi, Paşinyan Putinin bu təhdid xarakterli jest və mesajlarına, üstəlik, özünün Moskva səfərindən sonra Ermənistana satılan qazın bahalaşmasına Kremlin gözləmədiyi reaksiyanı verib. Faktiki, Moskvaya qarşı de-marş edib. Bir daha Rusiya qarşısında müstəqil olmaq istəyini ifadə edib. Rusiya nəşrlərindən birinin yazdığı kimi, "Paşinyan Moskva üçün həqiqətən çətin, proqnoza yatmayan tərəfdaşdır və bu üzdən 2019-cu ildə Moskva-İrəvan münasibətləri qalmaqallarla zəngin olacaq”.

Bu yerdə onu da qeyd edək ki, Rusiya Ermənistana satdığı qazı bahalaşdırdıqdan dərhal sonra Paşinyan İrandan daha ucuz qaz tədarükü ilə bağlı Tehranla müzakirələrə başlayacağını istisna eləməmişdi. Təbii ki, bu açıqlama da Moskvaya qarşı başqa bir şantaj idi. Beləliklə, qənaət hasil olur ki, Moskva ilə İrəvan arasında 8 aydır təkcə söz savaşı getmir, eyni zamanda, ikitərəfli münasibətlər, daha dəqiqi, Ermənistanın Rusiyadan vassal asılılığı ciddi bir sınaqdan keçir.

Sarkisyan ile ilgili görsel sonucu

*****

Bu xüsusda erməni KİV-lərində gedən şərhlər də diqqət çəkir.

Məsələn, "Yeni Müsavat”ın məlumatına görə, 1 in.am erməni portalında siyasi təhlilçi Sərkis Arsruni Paşinyan-Putin münasibətlərinə Köçəryan əngəlinə toxunaraq yazır: "Belə təəssürat yaranır ki, Ermənistan hökumətinə hələ də Köçəryan məsələsini İrəvan-Moskva əlaqələrinin gündəmindən çıxarmaq müyəssər olmayıb. Əlbəttə ki, bunu ucadan demirlər, ancaq heç bir şübhə yox ki, Paşinyan-Putin görüşlərində Ermənistanın ikinci prezidentinin məsələsi müzakirə edilir və ya ən azı, Ermənistanın baş nazirinə rus-erməni münasibətlərini Köçəryanın kölgəsindən çıxarmaq müyəssər olmur. Hiss olunur ki, Moskva bu məsələdən İrəvana kölgəvi təzyiq üçün istifadə edir”.

Köçəryanı erməni kriminal oliqarxiyasının yaradıcısı sayan məqalə müəllifinə görə, bu sistemin simvolunun həbsi köhnə oliqarxik sistemin ölümünü təsdiqləyən böyük hadisədir:"Başqa sözlə, problem heç də Köçəryanın personasında yox, Rusiyanın Ermənistana təsirini azaldacaq bir sistemin çöküşündədir. Başqa yandan, Putin üçün Köçəryan mühüm fiqurdur, çünki Rusiyanın hazırkı prezidenti və Ermənistanın sabiq prezidenti - 27 oktyabr cinayətinin (27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi - ”YM") əsas iki fiqurantıdır. Məhz həmin hadisədən sonra Ermənistanda Rusiyanın vassal rejimi bərqərar oldu və Köçəryanın şəxsi hakimiyyəti möhkəmləndi".

Köçəryanın sonrakı siyasi taleyinə toxunan erməni şərhçi daha sonra qeyd edir: "Ötən ilin sonunda Köçəryanın girov qarşılığında azad edilməsi haqda vəsatətə baxılmadı və təxirə salındı. Dünən (srağagün - red.) də eyni şey baş verdi. Əlbəttə ki, Köçəryanı həbsdə saxlamaq üçün bütün əsaslar var. Üstəlik, belə ağır cinayətlərdə suçlananlar nadir hallarda azadlıqda olur - hətta Qərb ölkələrində də belədir. Yəni sırf hüquqi müstəvidə ilk baxışda hər şey aydındır. Başqa yandan, əgər bu gün hakim namizədliyini geri çəkirsə, o zaman məhkəmə iclası qeyri-müəyyən müddətədək təxirə salına və uzana bilər. Görünür, ən çox ehtimal edilən ssenari də elə budur. Bu da o qənaətə gəlməyə əsas verir ki, Ermənistan hakimiyyəti Moskvanın Köçəryanla bağlı tələbini yerinə yetirməklə bağlı vaxt udmağa və ya erməni-rus münasibətlərini ikinci prezidentlə bağlı problemdən qurtarmağa çalışır. Böyük hesabla, gec-tez Robert Köçəryan məhkəmə qarşısında duracaq və 1 mart hadisələrinə, həmçinin də digər ağır cinayətlərə görə cavab verəcək. Hələliksə əfsus ki, onun komandası taktiki vəzifəni yerinə yetirə bilib - Köçəryanın işi maksimum siyasiləşdirilib. Üstəlik, Köçəryan faktoru Rusiya-Ermənistan münasibətlərində Paşinyanın əl-qolunu ciddi şəkildə bağlayır. Bu isə iki ölkə arasında böhranlı əlaqələri daha nəzərə çarpan edir”.

*****

Məqalədən də görünür ki, Paşinyan əslində Köçəryanla nə edəcəyini hələ dəqiqləşdirməyib. Daha doğrusu, o, Xocalı canisini məmnuniyyətlə Moskva ilə siyasi bazarlığa çıxarmaq istəyərdi ki, qarşılığında sonuncudan siyasi-iqtisadi xarakterli mühüm dividentlər qopara bilsin və hakimiyyətinin ömrünü uzatsın. Bəs bazarlıq alınacaqmı?

Bir az gözləyək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}