Bakı Lift İdarəsində Qüdrət Şükürov ənənələri davam edir?

 


 

"Liftəmir” İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürovun nəhəng sərvəti aşkar olunması cəmiyyətdə ciddi rezonans doğurdu. Çünki, bu olaya kimi cəmiyyətin böyük hissəsi bu idarədə hansısa iri korrupsiya əməliyyatlarının ola biləcəyini belə ehtimal etmirdi.

Qüdrət Şükürovun nəhəng sərvətini büdcə vəsaitlərinin talanması hesabına əldə etməsi həm də bu qurum üzərində nəzarətin tamamilə zəif olduğunu da üzə çıxardı. Belə idarələrdə korrupsiyanın büdcə vəsaitləri hesabına həyata keçirilən tenderlər zamanı baş verdiyi də aşkara çıxdı. Qüdrət Şükürov vəzifəsindən azad edilib cinayət məsuliyyətinə cəlb edilməsinə, onun yerinə Xalid Ələkbərov "Liftəmir” İstehsalat Birliyinin baş direktoru təyin edilməsinə baxmayaraq bu qurumda korrupsiyanın aradan qalxdığına ciddi şübhələr var. Məsələn, "Liftəmir” İstehsalat Birliyinin "Azbeton İnşaat-1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə həyata keçirdiyi tender əməliyyatı ciddi şübhələr doğurur. Bu qurumlar arasında işbirliyi lift hissələri üçün materialın alınmasını nəzərdə tutur. Təxminən 50 min manat büdcə vəsaitinin sərf olunduğu bu əməliyyatın müəmmalı tərəfi ondan ibarətdir ki, Çingiz Həsənovun direktor olduğu "Azbeton İnşaat-1” MMC-i lift hissələrinin istehsalı ilə məşğul olmadığı kimi, idxalatını da həyata keçirməyib. Hüquqi ünvanı Xırdalan şəhəri, Quşçuluq Yaşayış Massivi, ev-74-də yerləşən "Azbeton İnşaat-1” MMC-i daha çox aralıq şirkət, yəni "obnaliçka” əməliyyatları üçün istifadə olunduğu iddia olunur. Əgər bu həqiqətdirsə, deməli "Liftəmir” İstehsalat Birliyində Qüdrət Şükürov ənənələri davam edir. Bu məsələyə "Azbeton İnşaat-1” MMC-nin direktoru Çingiz Həsənovun münasibətini öyrənməyə çalışsaq da, əlaqə yarada bilmədik. Ümid edirik ki, "Liftəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərovun bu məsələyə aydınlıq gətirəcək.

Biz isə Xalid Ələkbərovun baş direktoru olduğu "Liftəmir” İstehsalat Birliyinin büdcə vəsaitlərindən necə istifadə etməsi ilə bağlı məsələləri araşdırmağa çalışacağıq. Çünki, prezident İlham Əliyev son müşavirədə büdcə vəsaitlərindən istifadə zamanı qiymətlərin şişirdildiyini bəyan edib. Bu qiymətlərin nə üçün şişirdildiyinin məlum olduğuna diqqət çəkən dövlət başçısı buna son qoyulmasına qarşı mübarizənin aparılacağını da vurğulayıb. Dövlət başçısının bu siyasətinə dəstək vermək isə hər bir mətbu orqanın borcudur.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}