Pensiyaya çıxmaq üçün tələb edilən şərtlər ETİRAZ DOĞURDU - “Bu cür fərqlər kifayət qədər qıcıqlandırıcıdır"

 

Nazim Bəydəmirli: "Əmək pensiyalarında belə kəskin fərqin olmasını arzulamıram”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycan vətəndaşlarının pensiyaya çıxması üçün tələb edilən şərtləri açıqlayıb. Nazir müşaviri Mustafa Abbasbəylinin sadə şəkildə açıqladığı bu tələblər iş stajına, vətəndaşın pensiyaya çıxana qədər fərdi hesabına topladığı vəsaitə və digər məqamlara aiddir. Nazir müşaviri M.Abbasbəylinin açıqlamasına görə, minimum əmək haqqının artımı ilə əlaqədar olaraq sentyabrın 1-dən normal şərtlərdə minimum pensiya kapitalı 28,800 manatdan 36 min manata yüksələcək.
Maraqlıdır ki, minimum pensiya kapitalının bu qədər artırılması nə dərəcədə doğrudur? "Hurriyyət”in bu və digər suallarını keçmiş deputat Nazim Bəydəmirli cavablandırdı.
- Pensiya qanunvericiliyi tez-tez dəyişən qanunvericilikdir. Hətta mütəxəssislər belə, onun dəyişikliyini izləyə bilmirlər. Təbii ki, pensiya almaq üçün o kapital toplanmalıdır. Bu, həm də "kölgə iqtisadiyyatı” ilə bir mübarizə metodudur. Çünki müqaviləsiz işləyənlərin gələcəkdə pensiya almamaqlarının bir siqnalı verilir və onlar da işəgötürənlərlə həmin müqavilələri bağlamağa meylli olurlar. Ona görə, minimal kapital doğrudur. Həm də minimal kapital olmadan da dövlət hər hansı bir yaşayış minimumunu təmin edir, başqa metodlarla minimum pensiya verir. Ancaq Azərbaycanda insanların əksəriyyəti pensiya kapitalını toplaya biləcək əməkhaqqı almır. Hələ ki, insanların orta aylıq əməkhaqqı yüksək göstərilisə də, çox təəssüf ki, orta əməkhaqqına iş tapmaq bir çox insanlar üçün əlçatan deyil. Gərək hökumətin sosial siyasətlə bağlı bir öhdəliyi, strategiyası olsun. Mən hesab edirəm ki, pensiya sistemi Gürcüstandakı kimi tətbiq olunsa, daha ədalətli olar. Çünki orta statistik vətəndaşlara eyni pensiyanın xəzinədən verilməsi daha məqbuldur. Onun əvəzində də sosial verginin toplanması məqsədə uyğunudr. Çünki indi pensiyaya görə əməkhaqqından tutulan gəlir vergisi ləğv olunsa da, sosial sığortalar diferensial olaraq bölünür və 26% olur. Əməkhaqqından tutulan 26% vergi yenə də ikili mühasibatlığı aradan qaldırmır. Ona görə, mən hesab edirəm ki, kompleks addımlar atılmalıdır və bunun sosial vergi statusuna gətirilməsi vacibdir. Dövlət Sosial Müdafiə Fondunu da ləğv etmək lazımdır. Düzdür, sosial sığorta haqqını toplamaq 2019-cu ildə Vergilər Nazirliyinə verilmişdir. Amma Dövlət Sosial Müdafiə Fondu quruluşlarını ləğv etmək lazımdır. Çünki ilbəil dövlət büdcəsindən Sosial Müdafiə Fonduna transfertlər artır, pensiyalara transfer olan 110 manat dövlət büdcəsindən, digərləri isə yığılan kapitaldan yönəlir. Bu, artıq köhnəlimş bir addımdır. Mən hesab edirəm ki, sosial sığorta toplayan qurum, yəni Dövlət Sosial Müdafiə Fondu özü-özünü maliyyələşdirməyə keçməyənə qədər Gürcüstan modelindən istifadə etmək daha məntiqli olardı. Hələ ki, Fondun özü-özünü maliyyələşdirməsi mümkün deyil.
- Normal şərtlərdə şəxsin topladığı pensiya kapitalının 90%-i 144-ə bölünməklə pensiya müəyyən olunacaq. Xüsusi şərtlərdə isə yəni dövlət qulluqçuları, hərbiçilər, hüquq mühafizə orqanları əməkdaşları, deputatlar, hakimlər və s. 2 ilin orta əməkhaqqı məbləğinin 50-80%-i miqdarında pensiya müəyyən olunacaq, ancaq digər vətəndaşlar çox az pensiya alırlar. Bu, nə dərəcədə ədalətlidir?
- Deputatlar və digərlərinin sayı məhduddur. Düzdür, əmək pensiyalarında belə kəskin fərqin olmasını mən də arzulamıram. Çünki dediyim kimi, Gürcüstanda olduğu qayda ilə orta statistik vətəndaş əslində, orta aylıq əməkhaqqından fərqli olmayan bir pensiya almalıdır. Bu da bizdə təmin olunmur. Düzdür, qaldırdığınız məsələ çox aktualdır. Əsas olaraq hüquq-mühafizə orqanlarında çalışanlar yüksək pensiya alırlar. İş stajları da azdır. Əvvəllər hüquq-mühafizə orqanlarında çalışanların iş stajı 12 il 6 ay idi, indi bəzi strukturlarda qaldırıblar, bəzilərində isə yenə də qalıb. Əsasən onlar yüksək, min manatlarla pensiya alırlar. Hətta elə prokuror var ki, 12 il işləyib, 4500 manat pensiya alır. Çox təəssüf edirəm ki, belə kəskin fərqlər mövcuddur. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının orta statistik azərbaycanlılardan həm ciddi maaş fərqləri var, həm pensiyaya çıxan zaman onların təminatı daha yüksəkdir, həm də cəmiyyətdə bu orqanın əməkdaşları barədə korrupsiya, rüşvətxorluqla bağlı olan yaranmış imiclərinin pis olduğu bir vaxtlar, polis zorakılığına məruz qalan vətəndaşların fonunda bu cür fərqlər hesab edirəm ki, kifayət qədər qıcıqlandırıcıdır və haqlı da suallar yaradır.
Deputatların da həm məvacibi, həm də pensiya təminatı çox ciddi fərqləndiyinə görə, insanlarda təəccüb doğurur. Çünki əksər deputatlar seçilərin, pensionerlərin və digərlərinin iradəsi ilə seçilməyiblər və onların gündəlik problemlərini dilə gətirmirlər. Həmin problemləri dilə gətirmək bir yana, hətta onlarla məşğul olmurlar. Bu mənada bu tipli ciddi fərqlər cəmiyyətdə qıcıq doğurur. Əgər deputat doğurdan da onun üzərinə düşən görəvi yerinə yetirmiş olsaydı, sadə seçici də, pensioner də aldığı maaşı, yaxud pensiyanı ona halal etmiş olardı. Sadə bir cəmiyyətdə yaşayırıq. Bu cəmiyyətdə halal-haram məsələləri həm də bizim mental xüsusiyyətimizə aiddir. Ona görə, mən hesab edirəm ki, bu ciddi fərqlər aradan qaldırılmalıdır. Bunun da yolu vətəndaşların daha çox qazanmasına imkan yaratmaqdan keçir. Hökumət bu istiqamətdə addım atmalıdır ki, vətəndaşlar daha çox qazansınlar və pensiya kapitalı toplasınlar. Eyni zamanda bunun yolu azad rəqabətdən, inhisarçılığın aradan qadırılmasından, idarəçilikdə regionçuluqdan, qohumazlıqdan, yerlibazlıqdan və digər mənfiq tendensiyalardan uzaqlaşmadan keçir. O zaman özü-özünə belə suallar da yaranmayacaq.
- Vəkillərin, sərbəst mühasiblərin gəlirlərinin 10-15%-i, fərdi sahibkarların isə minimum əməkhaqqının 10-25%-i miqdarında vəsait toplanması qaydası özü də haqsızlığıa yol açmırmı? Təəccüblüdür ki, niyə vahid bir rəqəm göstərilmir?
- Tamamilə doğrudur. İstənilən qanunda əgər belə aşağı-yuxarı kəskin rəqəmlər yoxdursa, hətta cinayət və mülki qanunvericilikdə də yoxdursa, bu, sui-istifadə hallarına yol açır. Təbii ki, bu rüşvətxorluğu stimullaşdırır. Düzdür, bəzi hallarda bunun guya, elektron şəkildə həyata keçirildiyini ifadə edirlər, ancaq bu, heç də belə deyil, sonda məmur qərar qəbul edir ki, vətəndaşın pensiyası necə hesablansın və verilsin. Təbii ki, 10-15% olanda 10 da, 15 də, yaxud 11 də götürülə bilər. Bu mənada siz haqlısınız ki, vahid rəqəm olmalıdır.
- Burada başqa bir məqam da diqqəti çəkir. Sizcə, vəkillərin, sərbəst mühasiblərin gəlirlərindən 10-15%, fərdi sahibkarların minimum əməkhaqqının 10-25%, şəxsin muzdlu işdən gəlirlərindən isə konkret 25% pensiya kapitalı toplanılması nə dərcədə doğrudur? Vəkillər, sahibkarlar ki, muzdla işləyənlərdən çox qazanır.
- Bəlkə vəkillər sahibkarlıq subyetləri kimi qiymətləndirilir. Çünki mülki müqavilələrdən vəsaitlər alırlar. Ola bilər, onu sahibkarlar kateqoriyasına aid ediblər. Ancaq muzdlu işçilərin əməkhaqqından tutulan vergini proporsional olaraq həm işəgötürən ödəyir, həm də işçinin əməkhaqqından tutulur. Çünki həmin vəsaitlər eyni zamanda müəssisənin, yəni sahibkarın büdcəsindən getdiyinə görə, sonda işçi ilə işə götürən razılaşmaya gedirlər. Bəlkə ona uyğunlaşdırıblar deyə, belə alınır. Ancaq mən hesab edirəm ki, siz ədalətsiz bölgü məsələsini çox doğru vurğuladınız.
- Maraqlıdır ki, xüsusi şərtlərdə, yəni dövlət qulluqçuları, hərbiçilər, hüquq mühafizə orqanları əməkdaşları, deputatlar, hakimlərin pensiya kapitalının toplanması qaydası niyə açıqlanmır?
- Təbii ki, dövlət qulluqçularının pensiya kapitalı "Dövlət qulluğu haqqında”, deputatlarınkı isə "Deputat statusu haqqında” qanunla müəyyənləşir. Onlar ayrıca qanunla müəyyənləşdiyinə görə, hesablama qaydasını mən deyə bilmərəm. Yəqin muzdla çalışanlar kateqoriyasına aiddir. Bunlar da dövlətin muzdlu işçiləridir də. "Deputat statusu haqqında” qanuna görə əməkhaqqından vergi tutulur. Bir də ki, deputatlar əməkhaqqından əlavə, vergiyə cəlb olunmayan məbləğ də alırlar.
- Yəni deputatlar 25% vergi ödəyib, 80% pensiya alırlar.
- Mən bir dəfə bir status yazmışdım ki, bizim bir həkim var, 49 il həkim işləyib, 240 manat alır, 12 il prokuror işləmiş şəxs 2-3 min manat, 5 il deputat işləyən şəxs isə 80 %, təqribən 2700 manat pensiya alır. Ona görə, yaxşı pensiya almaq üçün çalışın, prokuror olun, onu bacarmasanız, heç olmasa deputat olun.
Şamo EMİN, Hurriyyet.org


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}