Tikinti şirkətlərinin “kölgə iqtisadiyyatı”na zərbə - Mənzil bazarında qiymətlər necə dəyişəcək?

Tikinti şirkətlərinin “kölgə iqtisadiyyatı”na zərbə

 

Xəbər verdiyimiz kimi, yanvarın 1-dən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv ediləcək. Həmin şəxslər tərəfindən vergi öhdəliklərinin vahid metodla - ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirilməsi nəzərdə tutulur. 

Bəs bu dəyişikliyin mənzil bazarına və qiymətlərə hansı təsirləri olacaq?

Mövzu ilə bağlı "Yeni Sabah”a danışan daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev bildirib ki, bu qərar "kölgə iqtisadiyyatı"nın aradan qalxmasına təkan verəcək:

"Bir neçə il bundan qabaq bina tikilişi ilə məşğul olanlar həm sadələşdirilmiş vergi, həm də əlavə olaraq ƏDV ödəyirdi, mənfəət vergisi yox idi. Bununla da vergi qoyulma prinsipi bölündü. Bina tikintisi ilə məşğul olanlar sadələşmiş vergi (hər kvadrat metrə görə fiksasiya edilmiş məbləğ) və ya mənfəət vergisi və ƏDV ödəyə bilərdilər. Hansı üsul sahibkarın marağına uyğun olurdusa, onu da seçirdi. Hansı yer yüksək gəlirlidirsə, həmin ərazilərdə avtomatik olaraq, sadələşmiş vergi üsuluna üz tuturdular. Hansı yerin rentabillik səviyyəsi aşağı olurdusa, mənfəət vergisi və ƏDV seçilirdi. Sadələşmiş vergi sitemində bir kvadrat metrə görə ödəniş olduğu üçün burda tikinti şirkətləri xərc maddələrinə diqqət yetirmirdilər. Bu da sözsüz ki, "kölgə iqtisadiyyatı"nın yaranmasına, sənədsiz dövriyyələrinin stimullaşmasına səbəb olurdu. 

Dəyişiklik ondan ibarətdir ki, sadələşmiş vergi yanaşması olduqca məntiqsiz, qeyri-mükəmməl yanaşma idi, müəyyən qədər absurd çatışmazlıqlar var idi. Məsələn bir ərazidə yerləşən iki binada mənzil qiymətləri fərqli olurdu, ya da çoxmərtəbəli binanın birinci və ikinci mərtəbəsində yerləşən mənzillərdə qiymət fərqi olurdu və s.  Amma eyni vergi sitemi ilə vergi ödəyirdilər.

Üstəlik də burda xərclərin qeydiyyata alınması məsələsi gündəmdə olmurdu. Çünki tikinti şirkəti hər kvadrat metrə görə, vergi ödədiyi üçün xərcləri qeyri-rəsmi ödəyirdi, bu da dolayısı ilə iqtisadiyyata zərbə vururdu. Amma hazırda vəziyyət elədir ki, mühasibatlığın ağarması prosesi gedir. Yəni xərclərin qeydiyyatı problemi aradan qaldırılır".

Ekspert bildirir ki, yeni sistemin dövlətin maraqlarına uyğun olduğunu deyib:

"Bu sistem xərclərin qeydiyyata alınması prosesində öz sözünü deyəcək. Artıq kənardan qeyri-rəsmi mallar və başqa xidmətlər artıq almayacaqlar. Çünki sahibkarların maraqlarına uyğun olmayacaq. Vergi orqanlarını götürdükdə isə sözsüz ki, sadələşmiş vergi yığmaq daha asan idi, çünki binanın sahəsi haqqında məlumatlar olanda artıq vergi öhdəliklərinin monitorinqi daha asan olur. Yeni sistem isə ümumi vergi daxilolmalarına müəyyən təsir göstrəcək”. 

Ekspert həmçinin yeni qaydanın əmlak bazarında qiymətlərə təsir edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib:

"Nəzəri cəhətdən qiymətlərə təsiri olmamalıdır. Əgər biz mənfəət vergisindən və ƏDV-dən danışırıqsa, mənfəət vergisi xərc sayılmır. Qiymətlərin praktiki cəhətdən artması məsələsi daha qarışıqdır. Birincisi hətta bazarda qiymətlərin artımına səbəb olsa belə, qiymət artımına təsiri məhdud olacaq. Çünki bazardakı qiymətləri tələb və təklif formalaşdırır. Mən inanmıram ki, bazarda ümumi qiymət artımı olsun. Lakin yenə də qiymət artımının olub-olmayacağını yanvar ayında yox, bir neçə aydan sonra biləcəyik”.  



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}