Siqaretin bahalaşmasının səbəbləri...

 

"Qiymətlər qalxandan alıcılıq aşağı düşüb. Günə 2 qutu siqaret alanlar, indi qənaət edib 1 qutu alırlar. Hazırda bütün siqaretlər 30 qəpik bahalaşıb. Təkcə "LD” və göy rəngli "Vinston” siqaretlərin qiyməti dəyişməyib. Ancaq deyirlər ki, qiymətlər təzədən bir dəfə də qalxacaq”.

Bu sözləri bizimlə söhbətində metronun "Neftçilər” stansiyası yaxınlığındakı köşkdə siqaret satan ticarətçi bildirdi. Onun sözlərinə görə, qiymətlərin qalxmasına səbəbin nə olduğunu bilmir.

Satıcı qeyd edir ki, "Vinçester” (kompakt) 2.20 manat, "Vinçester” (qalın) 1.90 manat, "Vinston” 3.10 manat, "Vest” (qalın) 2 manat olub.

Öyrənirik ki, "Sobirane” 3.60 manat, "Kent” (qalın və nazik) 3.30 manat, "More” 1.80 manat, "Klassik” (kompakt) 2 manata qalxıb.

Satıcılar qeyd edirlər ki, "Kent-4”, "Kent-8” siqaretlərinin bir blokunu topdansatışdan 27 manat 25 qəpik alırdılar:

"İndi 29 manat 90 qəpik veririk. Alıcı da azalır. Siqaret ən çox satılan maldır. İntəhası, camaat qiymət qalxdıqca ucuz siqaretə qaçır. Əvvəl siqaretin qiymətini aşağı saldılar, hamı qaçıb aldı. İndi qaldırıblar, müştərilər ucuzunu axtarır”.

Çox maraqlıdır ki, mağazalar, marketlər siqaret məmulatlarının təşviqi ilə məşğuldurlar. Onlar alıcılıq qabiliyyəti yüksək olsun deyə marketlərin girişində, elə kassirlərin başının üstündə, yəni əlçatan yerdə siqaret qoyub satırlar. Halbuki, insanların tütündən uzaqlaşması üçün Qərb ölkələrində siqaret malları arxa vitrinlərə yerləşdirilir.

Bundan əlavə, ictimai yerdə, kafe və restoranlarda siqaret çəkməyə görə cərimə nəzərdə tutulsa da, bu qanun işləmir. İndiyə qədər kimsə kafedə siqaret çəkdiyinə görə cərimələnməyib.

Həmçinin, avtomobildə siqaret çəkməyə görə cərimə var. Amma bu cəza tədbiri də formaldır, praktik olaraq reallaşmır.

Bu gün əksər kafelərdə siqaret çəkmək icazəsi var. Çünki hər hansı quruma iaşə obyektini və siqaret çəkəni cərimləmək həvalə olunmayıb.

Üstəlik, siqaretin küçələrdə piştaxtalar qoyulub satılması, dənə-dənə verilməsi bu ticarətin geniş yayılmasına səbəb olub. Yəni, qiymət artımı heç də siqaretdən istifadə edənlərin sayının azalmasına gətirib çıxarmır.

İqtisadçı Pərviz Heydərov axar.az-a deyib ki, ötən ilin sonundan etibarən tütün məmulatları üzrə aksiz vergisinin artırılmasının siqaretlərin qiymətinə təsir edəcəyi gözlənilirdi:

"Yerli məhsulların qiymətində artım isə yerli siqaret şirkətlərinin məqsədli şəkildə apardığı qiymət siyasətindən irəli gəlir”.

İqtisadçının sözlərinə görə, baş verənlər bazarda müvafiq tənzimlənməyə nail olmaq məqsədilə həyata keçirilən qiymət siyasəti kimi izah edilməlidir:

"Qiymət artımına baxmayaraq, yenə də xariclə müqayisədə bizdəki tütün məhsulları daha ucuzdur. Növbəti ildən tutun məhsullarında daha bir qiymət artımı olacaq.

Düzdür, bu il ərzində ikinci bahalaşmanın olacağına inanmıram. Ancaq növbəti ildən aksiz vergilərinə yenidən baxılacaq və yenidən qiymət artımı baş verəcək.

Ancaq qiymət artımı tütün məhsullarının satışına ciddi şəkildə təsir göstərməyəcək. Satış, dövriyyə əvvəlki tempdə qalacaq. Bu da növbəti bahalaşma üçün əsas səbəbdir”.

Bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Fatoş Hande Harmancı demişdi ki, Azərbaycanda təxminən 1,3 milyon insan tütündən istifadə edir.

Onun sözlərinə görə, ölkədə siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan dünyalarını dəyişirlər:

"Ona görə də tütündən istifadənin qarşısını almaq üçün ciddi mübarizə çox vacibdir. Bu istiqamətdə atılacaq addımlardan başlıcası tütün məmulatlarının qiymətinin artırılmasıdır.

Çünki Azərbaycanda siqaretlərin qiyməti çox ucuzdur. Qiymətlərin bahalaşdırılması xüsusilə gənclərin siqaret çəkməyə başlamasının qarşısını nisbətən almış olar”.

ÜST rəsmisi hesab edir ki, tütün məmulatlarının reklamlarını azaltmaq lazımdır: "Dükanlarda, böyük marketlərdə siqaretlər açıq şəkildə satılır.

Bunu qapalı şəkildə satmaq, yaxud qutularının yenilənməsini təmin etmək olar. Bakıda gənclərin siqaretdən və ya qəlyandan istifadə etməyə maraqları çoxdur. 1 saatlıq qəlyan çəkmək 40 siqaretə bərabərdir”.

Hazırda dünyada siqaret çəkənlər arasında əvvəlki illərə nisbətən qadınların da sayı getdikcə artmaqdadır.

Hər il dünyada 7 milyondan çox insan siqaret çəkmə nəticəsində meydana gələn xəstəliklər səbəbi ilə həyatını itirir.

Həmin 7 milyon insanın 10%-i, yəni 700 mini siqaret çəkənlər deyil, passiv tütünçəkən  (ətraf mühitə yayılan tütün tüstüsü ilə nəfəs alan insanlar) insanlardır.

Qeyd edək ki, siqarət çəkənlər ürək xəstəliyi və ya insult riskini əhəmiyyətli dərəcədə azaltmaq üçün çəkdikləri siqaretlərin miqdarını azaltmaq əvəzinə siqarətdən tamamilə imtina etməlidirlər. Britaniya Tibbi Jurnalının (British Medical Journal) araşdırması bunu deyir.

Araşdırmanı aparan təhqiqatçılar deyirlər ki, gündə bir dənə siqaret çəkənlərdə siqarət çəkməyənlərlə müqayisədə ürək xəstəliyi riski 50 faiz, insult riski isə 30 faiz daha yüksəkdir.

Bir ekspert deyir ki, çəkdiyi siqaretlərin miqdarını azaltmağa nail olanların siqareti tamamilə tərgitmə ehtimalı daha böyükdür.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}