Korrupsioner məmurlar təhlükə mənbəyinə çevrilir

Korrupsioner məmurlar təhlükə mənbəyinə çevrilir

 


 

Hakimiyyət korrupsiyaya qarşı mübarizəni gücləndirir

 


Prezident İlham Əliyev oktyabrın 8-də "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” fərman imzaladı.

Bu fərman haqqında məlumat mediada "Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifələri artırıldı” başlığı ilə yayıldı. Bu da əsassız deyil. Belə görünür ki, hakimiyyət korrupsiyaya qarşı mübarizəni gücləndirmək qərarına gəlib. Hakimiyyətin bu addımı əsasız deyil. Çünki bəzi korrupsioner məmurların hərəkətləri sıradan cinayət hadisəsi olmaqdan çıxaraq siyasi problemə çevrilir.

Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin sabiq rəisi Qüdrət Şükürovla bağlı olay artıq sıradan cinayət işi olmaqdan çıxaraq beynəlxalq müstəvidə siyasi problemə çevrilir. Mediadan məlum olduğu kimi ABŞ-ın Qiymətli Kağızlar Komitəsi sentyabrın 15-də "United Technologies Corporation” şirkətini 13 milyon 400 min dollar cərimələdi. Buna səbəb isə şirkətin törəmə müəssisəsi olan "Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı "Liftremont” kimi gedir) rüşvət verilməsidir. Yəni, "United Technologies Corporation” şirkətinin rəhbərliyi şirkətin törəmə müəssisəsi olan qurumun Bakı Lift-Təmir İstehsalat Birliyinə rüşvət verməsi ittihamı ilə razılaşıb və istintaqla anlaşmaya gedərək işin məhkəməyə göndərilməməsi üçün 13 milyon 900 min dollar cərimə ödəməyə razı olub. Yəni, Bakıda bu olayı inkar etsələr belə, ABŞ üçün bu məsələ təsdiqini tapmış sayılır.

Bu hadisənin ən qorxulu tərəfi isə olayın ABŞ ədliyyəsinin icratına keçməsidir. Xüsusilə də, Qüdrət Şükürovun keçmiş qudası, Rəfael Əsgərov bir neçə dövlət qurumu ilə yanaşı ABŞ-ın ölkəmizdəki səfirliyinə də müraciət ünvanlayaraq ilginc məqamlara toxunması, bu qalmaqallı korrupsiya cinayətinin hərtərəfli araşdırılması üçün ifadə verməyə hazır olduğunu bəyan etməsi olayın sərhədlərinin genişlənməsi qorxusu yaradır. Üstəlik də Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov ölkə xaricində olması haqqında məlumatlar yayılıb. Əgər, Bakıda barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış Qüdrət Şükürov ABŞ ədliyyəsi ilə anlaşmaya getsə, nələr olacaq?

Məlum olduğu kimi ABŞ ədliyyəsinin təcrübəsində əməkdaşlıq edən tərəf üçün güzəştlər edilməsi ənənəsi var. Əgər Qüdrət Şükürov və yaxud da United Technologies Corporation” şirkətinin törəmə müəssisəsindən rüşvət almaqda iştirak etmiş hansısa bir şəxs belə bir addım atsa, hansı nəticələr ola biləcəyini kim təsüvvür edir?

Bu olay ən azından Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, Baş nazirin müavini Hacıbala Abutalıbova kimi uzanmaq qorxusu yaradır. Bütün bunlar Azərbaycan hakimiyyətini hərəkətə keçməyə vadar edib.

Prezident İlham Əliyev oktyabrın 8-də imzaladığı fərmanla faktiki olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifələri artırılması və bununla da cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının qarşısının alınması prosesinin gücləndirilməsi gələcəkdə ikinci bir "Qüdrət Şükürov olayı” ilə üzləşməmək istəyindən doğur. İndi hər kəsə aydındır ki, Qüdrət Şükürov Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi olduğu dövrdə dəbdəbəli həyatı, övladına 400 min manatlıq toy etməsi və mənbəyi məlum olmayan sərvəti haqqında məlumatlar yayılanda tədbir görülsəydi, vəziyyət bu həddə çatmazdı.

Prezident İlham Əliyev oktyabrın 8-də imzaladığı fərmandan sonra məmurların dəbdəbəli həyatları barədə məlumatlara daha həssaslıqla yanaşılacaq. Həmin məlumatların araşdırma mövzusu olma ehtimalı da artır.

Hakimiyyət dairələrində hər kəsə aydındır ki, nəzərə alınmayan bir kiçik məsələ ciddi siyasi qalmaqala səbəb ola bilər. Necə ki, Azərbaycanda çox az adamın tanıdığı kiçik bir məmurun rüşvət olayı artıq Azərbaycan sərhədlərrini aşıb və ABŞ-ın  sərhəd tanımayan ədliyyəsinin araşdırma mövzusuna çevrilib. Belə görünür ki, bundan sonra istər-istəməz korrupsiyaya qarşı daha sərt tədbirlər görmək lazım gələcək. Əks halda Azərbaycanlılar üçün adiləşməkdə olan korrupsiya olaylarının biri əsl siyasi qalmaqala çevrilə bilər.

<!-    A.Nəbiyev,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}