Soyuqlar düşdü, problemlər başladı - “Azəriqaz”, “Azərsu” və “Azərişıq” qışa hazırdır?

Soyuqlar düşdü, problemlər başladı - “Azəriqaz”, “Azərsu” və “Azərişıq” qışa hazırdır?

 

Qış gəlməmiş Bakı sakinlərinin qara günləri başlayıb. 3 gün öncə, NZS qəsəbəsində qaz olmayıb, sırağagün səhərdən isə hələ də qəsəbədə su yoxdur. Avtomobili olanlar başqa yerlərdən qablarda su daşıyıb gətirir, əli heç bir yerə çatmayanlar isə dükanlardan 5-10 litirlik sular alıb, ailələrinin su təminatını həll etməyə çalışırlar.

Eynilə, iki gündür ki, Masazır qəsəbəsində də sakinlər su problemi yaşayırlar.

Yaxşı ki, yağış yağır. Çünki NZS qəsəbəsində sakinlər evlərin novlarından axan suları qablara doldurub, heç olmasa müəyyən məqsədlər üçün istifadə edirlər. Əks halda, hamam və tualetdə istifadə etmək üçün də su almaqdan başqa yol qalmayacaqdı...

Göründüyü kimi, qış gəlməmiş əhalinin qazı, işığ və suyu kəsilir ki, bu da sakinlərin gününü göy əskiyə bükür. Dünən isə gecə saatlarından Əhmədlidə, səhərdən etibarən isə Xırdalan qəsəbəsində işıqlar sönüb.

Nə vaxt hansı saytı açıb baxırsan, gah "Azəriqaz” İstehsalat Birliyinin, gah da "Azərsu” ASC-nin mətbuat xidmətləri xəbərdarlıq edir ki, filan rayonda qaz, su olmayacaq və yaxud hansısa rayonunun bir hissəsinə qazın, suyun verilməsində məhdudiyyətlər olacaq. Bu xəbərdarlıq edən qurumlara sual olunur ki, niyə bu işləri vaxtında etmirsiniz? Xüsusən də bu sual "Azəriqaz”a daha çox aiddir. Çünki soyuq noyabr günlərində qazın kəsilməsi nə deməkdir, hər kəs yaxşı bilir. Axı, qışa yay aylarından hazırlıq görülməlidir. Yoxsa payızın son ayında yadınıza düşüb ki, flan yerdə problem var, onu düzəldək, əhali qazsız qalsa da olar?

Çox güman ki, bu düşüncə sahibi olan "Azərqaz” rəsmiləri özləri isti evlərdə xumarlanır. Çünki qaz, işıq olmasa belə, əksəriyyətinin evinində böyük ölçülü generatorlar var və kombi sistemləri işləyir. Ona görə, kim soyuqda uşüyür, onlara dəxli yoxdur. Əgər dəxli olsaydı, Bakı sakinlərinin payız, qış günlərində soyuqda qalmasını rəva bilməzdilər.

Suyun qışda kəsilməsi isə yaydakı kimi fəlakət olmasa da, qışda da insanların suya ehtiyacı var. Ona görə, yaxşı olar ki, "Azərsu” ASC qış olduğu üçün insanların susuz qala biləcəyini düşünməsin, hazırlıq işlərini vaxtında görsün ki, əhali əziyyət çəkməsin.

Bir evdə 2-3 gün su olmasa, natəmizlik nə həddə çatır, hər kəs yaxşı bilir. Ona görə, hansısa rayonda təmir işləri gedəndə belə, əhali su ilə təmin edilməlidir. Təmir işlər isə sürətlə başa çatıdırılmalıdır ki, insanlar çətin duruma düşüb, nəticədə xəstəliklərə düçar olmasınlar.

"Azəriqaz” İB və "Azərsu” ASC-dən fərqli olaraq, "Azərişıq” ASC isə qəza vəziyyəti olmadığı hallarda belə, xəbərdarlıq etmədən işıqları söndürür.

Göründüyü kimi ölkədə işıq, qaz, su təminatında hər zaman problem yaşanır. Amma bu problemlər nə vaxta qədər davam edəcək, bu, artıq cavabı tapılmayan sualdır. Çünki hələ də bu məsələlərə məsul qurumlar üzərilərinə düşən vəzifəni düzgün yerinə yetirmirlər. Nəticə də göz qabağındadır...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}