MANİPULYASİYA OLUNAN İCTİMAİ QƏZƏB: Rusiya-Gürcüstan gərginliyinin görünməyən üzü

MANİPULYASİYA OLUNAN İCTİMAİ QƏZƏB:

 

Leonid Raqozin

"Əl-Cəzirə”, 16.07.2019

Qəzəb qlobal siyasi bazarda, xüsusilə Şərqi Avropada ən gəlirli əmtəədir. Rusiya ilə Gürcüstan arasındakı münasibətlərdəki son böhran bu həqiqətin yaxşı bir nümunəsidir.

Hər şey Gürcüstanın ev sahibliyi etdiyi Pravoslav Parlamentlərarası Assambleyasının builki iclasında nümayəndə heyətinin tərkibində olan Rusiya Dumasının üzvü Sergey Qavrilovun iştirakı ilə gözlənilməz çıxışı ilə başlayıb.

Gürcüstan parlamentində keçirilən tədbirdə rusiyalı deputat 21 pravoslav ölkəsindən olan nümayəndə heyətləri qarşısında parlament sədrinin kürsüsündən səslənib və bu, qərbpərəst gürcü deputatların kəskin təpkisini doğurub, Tiflisdə etiraz aksiyalarına səbəb olub.

Gürcüstanda nəyə görə bir çoxlarının Qavrilovun hərəkətlərindən hiddələndiyini anlamaq olar. Sovet İttifaqının dağılmasından sonra ölkə Rusiya ilə dondurulmuş münaqişə vəziyyətindədir. Abxaziya və Cənubi Osetiya əraziləri 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsindən sonra işğal edilib. Moskva Gürcüstanın ən məşhur gürcü məhsullarına – şərab və mineral sulara idxal qadağası tətbiq edərək Gürcüstan iqtisadiyyatını əlilləşdirir.

Qərbpərəst prezident Mixail Saakaşvili müharibədən sonra Gürcüstanı tərk edib və yeni hökumət Rusiyaya qarşı daha yumşaq bir mövqe tutub, nəticədə münasibətlərdə istilənmə müşahidə edilib. Sanksiyalar qaldırılıb və rus turistləri Cənubi Qafqaz ölkəsinə axışıb.

2018-ci ildə Gürcüstana təxminən 1,4 milyon rusiyalı səfər edib ki, bu da bütün turistlərin 20 faizidir. Turizm ölkənin ümumi daxili məhsulunun (ÜDM) 9 və məşğulluğun 27 faizini təşkil edir.

Yaxınlaşmaya baxmayaraq, Rusiyaya qarşı düşmənçilik və onu təhdid kimi qavrama heç vaxt buxarlanmayıb. İyunun 20-də Qavrilov Gürcüstan parlamentinin spikeri kürsüsündən çıxış edərkən, bir çoxları özlərini təhqir olunmuş sayıb.

Bu, hakim "Gürcü Arzusu” koalisiyasının yavaş-yavaş mövqelərini zəiflətdiyi və 2020-ci ildəki növbəti parlament seçkilərində hakimiyyətə qayıtma şansı olan Saakaşvili ilə bağlı müxalifətə zəmanət verildiyi anda ortaya çıxıb.

Müxalifət qısa zamanda vəziyyətdən istifadə edib və Saakaşvilinin bir neçə il əvvəl hazırladığı "rəngli inqilab” oyun kitabından ictimai qəzəb səhifəsini qoparıb. Müxalifət tərəfdarları parlamenti tutmağa çalışıblar, amma polis onlara imkan verməyib.

Uğursuzluğa baxmayaraq, onlar Maydan tərzində etiraz nümayiş etdirib, daxili siyasi münaqişəni beynəlmiləlləşdiriblər. İngilis dilində olan plakatların əksəriyyətində Rusiyanın işğalçı olduğu yazılıb.

Kreml də dərhal ictimai qəzəb təpkisi yaradıb. Hökumət mətbuatı bunu rusofobiya və müharibə çağırışı kimi səciyyələndirib, Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlara qadağa qoyulub, Gürcüstanın turizm sektoruna böyük zərbə vurulub.

Müxalif gürcü televiziyasının aparıcısı Giorgi Qabuniyanın Vladimir Putinə qarşı söyüş işlətməsi ilə, gərginlik daha da artıb. Duma daha çox sanksiya tətbiq etməklə təhdid edib, amma son nəticədə Kremlin gərginliyin aradan qaldırılması versiyasını seçib.

Postsovet ictimai qəzəb forması – saxta və real –20-ci əsrdə meydana çıxan kütləvi psixoloji nümunələrlə əlaqədardır.

Bölgədəki bütün milli liderlərdən yalnız Putin ictimai rəylə oyatmaqda məharətlidir (Doğrudur, o birilər də yavaş-yavaş bunu öyrənirlər). O bilir ki, yaxşı manipulyasiya edilmiş kütləvi qəzəb insanlara öz hökumətlərinin zülmünü unutdurur.

Bu düşüncə İkinci Dünya müharibəsində sovet xalqını qatil-diktator İosif Stalin (ironik olaraq, etnik gürcü) ətrafında birləşdirib. Həmin dövrdə "müqəddəs müharibə” adlanan məşhur mahnıı bu duyğuları olduqca yaxşı şəkildə əks etdirir.

Qərbin ölkə üçün təhlükə kimi qavranışı Rusiya kollektiv psixikasında üstünlük təşkil edir. Kremlin təbliğatı uğuru Ukraynanın Maydan inqilabından sonra baş tutub. Maydanın çox açıq görünən ultra-milliyyətçi komponenti və Qərbin dəstəyi bu mənfi instinkti gücləndirır.

Kremlin Krımı ilhaq etməsi milli dəstəyi səfərbər edib, bu da Putinə etimadı 80 faizə çıxarıb. Onun yenidən seçilməsinə qarşı çıxanlar belə Putin ətrafında birləşiblər.

Gürcüstan kimi ölkələrdə bu sovet nümunəsi etno-milliyyətçilik, eləcə də güclü anti-Rusiya hissləri ilə birləşir. Effekt eynidır – manipulyasiya olunan qəzəb.

Xalq qəzəbinin manipulyasiyası qısa müddətdə yaxşı işləyə bilər, o, uzunmüddətli təsir göstərmir. Bu gün, Krımın ilhaqından 5 il sonra Putinin reytinqi aşağı düşür. Kiçik cənub qonşusundan gələn "rusofobiya təhlükəsi”nə təpki çox azdır. Yəni ruslar bu köhnə hiylələrə aldanacaqlar?

Eyni vəziyyət Gürcüstana da aiddir. Ancaq hər iki ölkədə insanlar əvvəl-axır "eyni malı” satın almaqdan vaz keçəcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}