“AMERİKA SURİYANIN ŞİMALINDA ANCAQ YPG ÜÇÜN TƏHLÜKƏSİZ ZONA YARADIB” : Türkiyə prezidenti “bu, şükür deyil, şübhə ediləcək zonadır” deyir – Təhlil

“AMERİKA SURİYANIN ŞİMALINDA ANCAQ YPG ÜÇÜN TƏHLÜKƏSİZ ZONA YARADIB”

 Verda Özer

Milliyet (Türkiyə), 12.09.2019

Məhz coşğun "Aha, nəhayət, ABŞ dediyimizə gəldi və çox şükür, yeddi il boyunca dilimizdə tük bitirən "təhlükəsiz zona” tələbimizlə razılaşdı” nidaları ucalırdı ki … Prezident Ərdoğan bir gün qabaq sərt sözlərlə "şükür ediləcək təhlükəsiz zona deyil, şübhə ediləcək "təhlükəli zona” qurulduğunu rəsmən söyləmiş oldu.

"Onlar (ABŞ) terror təşkilatları ilə bizi eyni zəmində idarə etməyin hesabını aparırlar. Anlaşılan budur ki, müttəfiqimiz təhlükəsizlik zonasını bizim üçün deyil, terror təşkilatı üçün təhlükəsiz zona formalaşdırmağın dalıncadır”.

Körfəz savaşı

Türkiyənin belə əndişələrinin sanballı əsası var: bəllidir, ABŞ Fars körfəzində birinci savaşdan (1991) sonra şimali İraqda 36-cı paraleldən şimalda "uçuşa yasaq bölgə” elan etmişdi. Və Kürdüstan Fəhlə Partiyasını (PKK) bu qayda ilə burada yerləşdirdi. Həm də bu günki kürd muxtar qurumu o günlərdə cücərib.

Türkiyənin bunu öncədən görən o zamankı prezidenti Turqut Özal türk əsgərinin bura girə bilməyi üçün böyük bədəllər sayəsində memorandumu parlamentdən keçirməyi təmin etmişdi. Amma tam onun istədiyi şəkildə deyildi. Hərbçilərə yalnız özünü müdafiə etmək hüququ verilmişdi. Nəticədə Türkiyə şimali İraqa son dərəcə məhdud formada müdaxilə həyata keçirə bildi. Türkiyənin Vaşinqtonda o zamankı səfiri, ötən il həyatdan getmiş Nüzhət Kandəmir bir dəfə söhbətimizin gedişində dedi: "Sənəd hətta Özalın istədiyi formada keçsəydi də, ABŞ Türkiyə hərbçilərini Bağdad-Suriya oxunda "ölüm üçbucağı” deyə biləcəyimiz ən təhlükəli zonada yerləşdirərdi. Başqa sözlə, heç nə dəyişməzdi. ABŞ o zaman da istəmirdi ki, Türkiyə İraqa girsin, bu gün də istəmir”.

Hətta ABŞ-ın müdafiə nazirinin keçmiş müavini Pol Volfoviç sonradan boynuna almışdı: "Biz Fars körfəzində Birinci savaş zamanı Türkiyəyə verdiyimiz sözün üstündə durmadıq”.

1 mart memorandumu

Fars körfəzində İkinci savaşdan sonra şimali İraqda kürdlərin iştirakı daha çox möhkəmləndi. Bütün səylərə baxmayaraq, Ərdoğan parlamentdə "1 mart memorandumu”nu qəbul etdirməyə nail olmadı (Türkiyə parlamenti 2003-cü ildə türk qoşunlarının İraqa girməyinə imkan verən memorandumu rədd edib-tərc.), sonradan 2016-cı il fevarlın 7-də dedi: "1 mart memorandumu qəbul edilsəydi və Türkiyə İraqda olsaydı, onda İraq bu vəziyyətdə olmazdı. Türkiyə danışıqlar masasının arxasında olmalıydı”.

***

Və budur, Ankara indi haqlı olaraq qorxur ki, həmin ssenari şimali Suriyada da təkrarlanar. O bu dəfə iştirak etmək və danışıqlar masasının arxasında nüfuza malik olmaq istəyir. Axı Vaşinqton Xalq Özünümüdafiə Dəstələri (YPG) ilə işbirliyindən imtina etmir. Aydındır ki, ABŞ təhlükəsizlik zonası haqda mübahisələrlə yalnız vaxt udmağa çalışır. Əlbəttə, Ankara başa düşür ki, təhlükəsiz zona durumu yalnız ötəri qurtuluşa imkan verən necəsə bir başlanğıc gedişidir. Və onun baş hədəfi YPG təhlükəsini tam uzaqlaşdırmaq, burada PKK-ya sıx bağlı dövlət yaratmağa mane olmaqdır.

Rusiya amili

Amma Fars körfəzindəki savaşlarla müqayisədə bu dəfə şərait ciddi seçilir. Fars körfəzində Birinci, İkinci savaşda da İraqda Rusiyanın heç bir iştirakı yox idi. Halbuki indi Suriyada musiqini məhz Rusiya sifariş edir. ABŞ burada Rusiyaya rəğmən, hətta Rusiyasız gedişlər edə bilmir. Bu baxımdan Moskva ilə sıx münasibətlər Ankaranın "əsas kozır”ıdır. Fəratın şərqində ağalıq edən Rusiya hər şeydən əvvəl indiki anda bu bölgədə YPG-yə dəstəyi kəsib, bu isə Fəratın şərq və qərbindəki kantonları birləşdirməkdə bu təşkilata mane olur.

Bununla yanaşı, Əsəd rejimi, İran və İraqın mərkəzi hökuməti istəmir ki, Suriyanın şimalında muxtar və ya müstəqil kürd qurumu meydana çıxısn, bu da Türkiyənin xeyrinədir.

Ankara da bu iki üstünlükdən ən yaxşı şəkildə faydalanmalıdır.

***

Lakin bununla belə daim vurğulamaq gərəkdir ki, hətta sərhəddə təhlükəsiz zona yaratmaqla YPG Ankaranın istədiyi kimi 30 km aralanacaqsa da, bu, YPG-nin iştirakını da, gələcək də kürd dövlətinin meydana çıxmaq təhlükəsini aradan qaldırmır. Təəssürat yaranmamalıdır ki, Türkiyə qorxudan şərin ən zəifini qəbul etməyə hazırdır.

Buna görə də amerikalı həmkarlarımızla danışıqlar və hər şeydən qabaq Ərdoğanın sentyabrın sonunda Nyu-Yorkda Donald Trampla keçirəcəyi görüş son dərəcə önəmlidir.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}