YEVGENİ PRİMAKOV VƏ 10 MİN MANAT TƏQAÜD ALAN “XƏYANƏTKAR” –"Rusofobiya" və antirusiya təzahürü kimi yozula biləcək ictimai qınaq

YEVGENİ PRİMAKOV VƏ 10 MİN MANAT TƏQAÜD ALAN “XƏYANƏTKAR” –"Rusofobiya" və antirusiya təzahürü kimi yozula biləcək ictimai qınaq

 

Əziz Rzazadə

Strateq.az

 

Çox təəccüblü şəkildə son günlərdə üç hadisə üst-üstə düşdü: Moskvada azərbaycanlıları və Azərbaycanı təhqir edənləri kamera qarşısında döyüb, üzr istədikdən sonra "Vkontakte”-yə yerləşdirən "Ümumi Xalqın Rifahı Naminə” (VBON) hərəkatına qarşı Rusiya hüquq-mühafizə orqanlarının araşdırmaya başlaması; Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Yevgeni Primakovun xatirəsinə həsr olunmuş sərginin açılışı və nəhayət, Rusiya səfirliyinin təşəbbüsü ilə Bakı Slavyan Universitetinin tələbələri arasında tanınmış rus siyasətçi-şərqşünasının 90 illik yubileyi ilə bağlı yazı müsabiqəsi.

Bu, təsadüflər zənciri də ola bilər, məqsədli bağlılıq da, amma istənilən halda, narahatlıq üçün yetərincə əsas verir. Fərqli rəydə olanlar ola bilər və şübhəsiz, var, həm də yəqin, çoxluqdadırlar, lakin şəxsən mən nə Moskvada "Qafqazlı qisasçılar”ın qəfil peyda olmasında, nə də Yevgeni Primakovla əlaqəli sərgi-müsabiqəyə sosial şəbəkə və media təpkisində qürrələnmə üçün əsas görmürəm.

Bir azca dərin düşündükdə, həmfikir olacağınıza inanıram. Üstəlik, bu hadisələrin hansı zaman kəsimi ilə üst-üstə düşməsinə də diqqət yetirməniz lazım gələcək, yəni söhbət Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü, "Valday” Beynəlxalq Diskussiya klubunun XVI illik toplantısının plenar sessiyası, eləcə də MDB dövlət başçılarının Aşqabadda keçirilən iclası ardıcıllığından sonra baş vermiş, kimlərinsə "rusofobiya” adlandıra, anti-Rusiya təzahürü kimi qiymətləndirə biləcəyi üç hadisədən gedir.

Üçlükdəki birinci hadisə: kimsənin tanımadığı, məramı və fəaliyyəti haqqında geniş məlumatı olmadığı VBON adlı bir təşkilatın videoları peyda olur, sonra Rusiya mediası "vəhşi qafqazlılar”ın təqdimatına başlayır, Moskvadakı Azərbaycan səfirliyi qarşısında piket keçirilir, son nəticədə səfirlik bəyanat yayaraq nişangahı "üçüncü qüvvə”yə yönəldir:"Azərbaycan və Rusiya çoxmillətli dövlətlər kimi bu cür təzahürlərə xüsusi ehtiyatla yanaşır və onların kökünü kəsir. Bizim ölkələrimizdə milliyyətçi baxışlara yer yoxdur. Hər iki ölkədə yüz illər boyu müxtəlif millətlərin və konfessiyaların nümayəndələri dinc şəraitdə yaşayırlar. Bu gün Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər strateji səviyyəyə çatıb. Bütün sahələrdə əlaqələr aktiv inkişaf edir. Əlbəttə ki, bu, üçüncü qüvvələri qane etmir, hansılar ki, hər cür yolla Rusiya-Azərbaycan münasibətlərinə mane olmağa, rus və Azərbaycan xalqlarının arasını vurmağa çalışırlar”.

Bəri başdan deyim, bu kələfi açmaq çox çətin olacaq.

İkinci və üçüncü hadisəyə, yəni Yevgeni Primakovun xatirəsinə həsr olunmuş sərgi və BSU-da onun adı ilə bağlı yazı müsabiqəsinə də eyni siyasi müstəvidə baxılmalıdır.

Əvvəla, sərgi formal olaraq Rusiyaya məxsus ərazidə keçirilib. Yazı müsabiqəsi isə, BSU-dan verilən izahata əsasən, Rusiya səfirliyinin təşəbbüsü ilə əcnəbi tələbələr arasında keçirilib. Mənfi rəylər və təpki tozanağında Milli Məclisin üç deputatı da Rusiyanın "Troya atları” kimi hədəfə alınıb.

Ehtirasların kükrəyişində kibriti kimin ilk olaraq çəkdiyi bilinmir, amma yandırdığı tonqalla təkcə özünü yandırmayacağı şəksizdir.

Yevgeni Primakovun 1989-1990-cı illər dövründə fəaliyyəti tarixi və siyasi-hüquqi yanaşma tələb edir. Söz yox ki, o, sovet partiya-dövlət idarəçiliyində yüksk səviyyəli səlahiyyətlilərdən biri olub və 1989-90-cı illər aralığında Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycana mütəmadi olaraq səfərlər edib. Amma təxminən 30 il əvvəl baş vermiş 20 yanvar qətliamında Yevgeni Primakovun baiskarlardan biri olduğunu isbatlamış tarixi araşdırma xatırlamıram.Bəlkə də var, mən bilmirəm, varsa – nişan verin.

Tariximizin sovet dönəminin son illərinə dair siyasi-hüquqi qiymətləndirməyə gəlincə, 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarında (29 mart 1994-cü il)Yevgeni Primakovun adı ümumiyyətlə birbaşa mənada xatırlanmır. Sənəddə təqsirkarlar sırasında yalnız keçmiş İttifaq rəhbəri və yerli səlahiyyətlilərin adları sadalanır:

"İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunsun.

Xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyət eyni zamanda Azərbaycan Kommunist Partiyası rəhbərliyinin üzərinə düşür. Xalqın azadlıq hərəkatını boğmaq məqsədilə Sovet qoşunlarının Azərbaycana çağırılmasına və xalqa qarşı yönəldilməsinə razılıq verən, vətəndaşların əmin-amanlığını təmin etməyən, hakim mövqelərini qorumaq naminə öz xalqının qanının axıdılmasına yol verən Əbdürrəhman Vəzirovun təcavüzün birbaşa təşkilatçısı və iştirakçısı olduğu, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun bu cinayətdə bilavasitə iştirak etdikləri, bununla da, Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunsun.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi siyasi məsuliyyət daşıdıqları qeyd edilsin.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Plenumunun qərarı ilə yaradılmış komissiyanın (sədr – Əfrand Daşdəmirov) yanvar faciəsinin mahiyyətini və əsl səbəbkarlarını xalqdan gizlətmək və cinayəti ört-basdır etmək məqsədi daşıdığı qeyd olunsun.

Qeyd edilsin ki, Azərbaycan Respublikası Ali Sovetinin Deputat istintaq komissiyası (sədr – Midhət Abasov, sədr müavini – Tamerlan Qarayev) 20 yanvar faciəsinin təhqiqi üçün müəyyən iş aparmış, lakin süründürməçiliyə yol verərək siyasi konyunktura naminə bəzi şəxslərin təqsirinin üstündən keçməklə, respublikanın rəhbərliyinə yarınmaq məqsədi güdmüşdür. Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı Komissiyanın çıxardığı nəticələr kifayətləndirici hesab edilməsin”.

Milli Məclisin qərarında adları çəkilən şəxslərin bir qismi artıq dünyasını dəyişib, digərləri barədə zaman aşımına istinadla istintaq tədbirləri dayandırılıb. Mən, əlbəttə, "qanyaddaşı” deyilən anlayışı qəbul edirəm, amma Milli Məclisin 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərarında "Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunsun” yazılmış şəxslərdən biri – eks-prezident Ayaz Mütəllibov hazırda 10 min manat təqaüd alırsa…

…Son nəticəni özünüz çıxarın!



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}